və ya qadağan olunmuş Dağlıq Qarabağ terminləri…
Ruhunu, milliliyini, dövlətçilik ənənəsinə sadiqliyini qoruyanların hamısı üçün çətin idi. Həm də son dərəcə çətin. Dəhşətli seçim idi, olanı deyə bilmirdin. Guya neytral idin, guya tərəfsiz idin, guya məsələdə ədalətli idi. Amma düppədüz tərəf idin, tərəf. Daha doğrusu tərəf edilirdin, məcbur idin buna.
Kimsə haqlı olaraq sual edər ki, bəlkə aldığın yüksək məbləğdə qonorarın əsiri idin? Əslində o da deyildi. Əslində bilirsiniz nə idi? Dəqiq bilirdin sən çıxıb getsən, ya da işdən çıxardılmana ciddi əsaslar versən sənin əvəzinə mütləq biri gələcək. Sənin üçün dəyər olan nəsnələr onun üçün ayağının altı da olmayacaq. Və sənin necəsə edib söyləməyə çalışdığın və ya susduğun ifadələri o, ikiqat, özü də artıqlaması ilə deyəcəkdi. Əslində sonralar belə oldu. Əks halda o radionun ölkə ərazisində yayımını niyə dayandırmalı idilər ki?!.. Ondan sərt danışanlar, sərt deyənlər var idi hələ o dönəmlərdə…
Bəlkə çoxları deyər ki, söhbət nədən, hansı qapanmış KİV-dən gedir. Yəqin artıq başlıqdan bəllidir, “Azadlıq” radiosundan. O “Azadlıq” radiosundan ki, guya tərəf olmasa da ABŞ kəşfiyyatının qeyri-rəsmi söz tribunası idi. Postsovet ölkələrinin hər birində geniş dinləyici auditoriyası olan, təsir imkanına sahib bir radiodan. Yəqin kimsə bilmir ki, o radioda çalışmaq texniki nöqteyi nəzərdən maraqlı olduğu qədər, həm də əzablı idi. Ad çəkmək, kimisə hədəf eləmək deyil niyyətim, çünki hamıdan, hər şeydən vacib bir hədəf var ortada, AZƏRBAYCAN! Və onun ən önəmli məsələsi, Dağlıq Qarabağ münaqişəsi. Daha doğrusu bu münaqişədən yana mövcud qadağalar. “Azadlıq” radiosunda bunları azərbaycan dilində demək qadağan idi:
…işğal altındakı Azərbaycan torpaqları…
…erməni terrorçuları…
…erməni işğalçıları…
…erməni qəsbkarları…
…erməni canilər…
…ermənilərin əsir aldığı azərbaycanlılar…
…ermənistanda saxlanan azərbaycanlı əsirlər…
…erməni millətçiləri…
…Xocalı qətliamını törədən ermənilər…
…Iyirmi yanvar faciəsində iştirak edən ermənilər…
…Dağlıq Qarabağda yerləşdirilən erməni silahlı qüvvələri…
…kölə edilən azərbaycanlı əsirlər…
…şaqqalanan azərbaycanlı əsir qocalar, qızlar, uşaqlar…
…erməni babarbarlığı…
…ermənilərin dağıtdığı məscidlər…
…Dağlıq Qarabağda yerlə bir olunan mədəniyyət abidələri…
…ermənilərin taladığı sərvətlər…
…ermənilərin yağmaladığı yurdlar…
…Beynəlxalq təşkilatları saymaran ermənilər…
Təbii ki, yazıb divardan asmırdılar. Reportajlardan montaj edirdilər, yazı mətinlərindən çıxarırdılar, yumşaldırdılar. Məsələn bəzən yaza bilirdik ki, “erməni silahlı qüvvələrinin nəzarətində saxlanılan torpaqlar”. Daha kimindir, niyə ermənilər nəzarət edir kimi suallara cavab verilmirdi.
Hələ unutduğum onlarca bu cür ifadə, qadağa var idi. Və bunlar neçə gündür ağlımda dolaşırdı səritə düzülmək üçün.
Nikol Paşinyanın helikopteri Şuşada enib, baş nazir dərin bir ohhh çəkib, “Ermənistan ərazisindəyəm” deyəndə düşündüm ki, bizim sözdə də, əməldə də nə boyda heyifimiz, qisasımız var ermənilərdə, bir də onları qucaqlayıb, illərdir müdafiə edən dünyada…
Jalə Mütəllimova
Related posts
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more