…Hansısa yazımı oxuyub təsirlənən və mənimlə görüşmək istəyən sabiq nazirlərdən birindən soruşmuşdum bunu.

Sizi gerçəkdən sevən, sadiq olan bircə adam da olmur yanınızda, vəzifədən getdinizmi, hamı uzaqlaşır çevrədən, ya da məlum olur ki, sizi elə ən yaxın çevrədən satıblar, niyə? Diqqətlə yeni köməkçisinə, sonra üzümə baxdı. Ancaq sözü köməkçisinə dedi: düz, deyir ha, düz deyir. Köməkçi susdu və gülümsədi. Sabiq nazirsə sifət cizgiləriylə bir təəssüf mesajı verdi mənə. O anda özü nə düşündü bilmirəm, mənim düşündüyüm bu oldu ki, hər şeyi alıb satmağa çox vərdiş edib məmurların əksəriyyəti, ancaq iki şey sevgi və sadəqət nə alınmaz, nə satılmaz. Bu günlərdə saxlanan iki icra başçısı haqda ifadə verənləri dinləyib də xatırladım bu qısa söhbətimizi o sabiqlə…

…Sonra da adam düşünür ki, çox qəribədir, adamlar hər şeyi o qədər pulla alıb satıb ki, özünü yenilməz ilib. Unudub ki, neçə minlik kəmər taxmağın önəmi yoxdur. Gün gəlir, səni həbs eləyəndə ən bahalı kəmərini sıravi həbsxana əməkdaşına çıxartdırırlar. Bir də fikir vermisinizmi? Komfortda, milyonlarla yaşaya-yaşaya, həm də “qan qusurlar” qızıl teştlərinə. Məsələn,qüsurlu övladları, nankor ailələri, xəstə ruhlu, kəmsavad çevrələri olur. Ancaq yenə də anlamırlar kİ. Bu həm də həyatın və yaradanın cəzasıdır. Hər şeyi alınıb, ağızları pulla yumulub həyatda. Sevgisizdirlər, sadəqətli nəinki dostları, heç ailələri də yoxdur.

Biləsuvarın icra başçısının haqq-hesab dəftərini arvadı oxurlayıb qaçıb, həm də əri xəstə ola-ola…

İmişlinin icra başçısının həyat yoldaşı sudan quru çıxsın deyə, söyləyib ki, mən bilmirdim Vilyamda o qədər pul var

.Adam deyərlər evindəki maşınlara minib gəzəndə, ölkənin, dünyanın yeddi bucağında keyf eləyəndə Vilyamın deyildisə kimin idi xərclədiklərin xanım Cülyetta?!. Qayıdaq Vilyam Hacıyevin həbs olunanda ailəsinə verdiyi təsəlliyə, darıxmayın, hər şey yaxşı olacaq deməsinə. Düz deyir, yaxşı olacaq, amma bu dəfə Azərbaycan üçün…

…Bir də bu var. Nə hikmətdirsə, ölkədə oğru, rüşvətxor, korrupsioner olan, dədəsi dövlətin kökünü qazıyan, büdcəsini talayır, adamların evini yıxanların hamısının balası hüquq mühafizə orqanlarında çalışır. Oğurluq pullarla böyüyüb prokuror, polis, hakim, hətta korrupsiyayla mübarizə idarəsinin məsul adamlarından olurlar. Eləməyəsən tənbəllik bircəciyini dədəsinə açılan cinayət işində müstəntiq, ya da əməliyyatçı edəsən. Di gəl, buna hüquq icazə vermir. Və ən sonda…

…İnsanı dünyaya bir qadın gətirir. Bir əlcə bezə büküb qucağına verib, anandır deyirlər. İnsan dünyadan köçür, bir əlcə bezə büküb, torpağa verirlər, ona da anandır deyirlər…İkisi də adamın ayıbını örtür. Biri qanmadığı, biri qanıb ölümə yenildiyi andan. Yəni ki, dünya və həyat bu qədərdir. İki qucaq, bir əlcə bez qədər. Bunu anlamayan hansı rütbədə, hansı sərvətə sahib olur, olsun, CAHİLDİR!..

Jalə Mütəllimova