Uşaq idim. Həyətimizdəki toyuq, balaları ilə dənlənirdi. Nənəm də onlara pilləkənin qarşısında yem verirdi həmişə. Bir dəfə cücələri yemləyəndə, anamın məni hirslə çağırmasından qorxub eyvanın kənarından tullandım, tam təsadüfdən cücələrdən toxundum ayağımla. Yaralandı cücə, civiltisi indi də qulağımdadı. Sonra öldü. Səsimi kəsə bilmirdilər, “Mən cücə öldürdüm, cücə” deyib, dayanmadan qışqırır, üşənib ağlayırdım. Cücəni özüm basdırdım. İndi valideynlərim yaşayan həyətdə durur cücənin basdırıldığı yer. Yerini bir mən bilirəm.

***

Sumqayıtda iki itə narkotik verib, döyüşdürəndən sonra, uduzan heyvanın başını kəsib udana yedirdir, sonra da kəsilmiş başla şəkil çəkdirib sosial media üzərindən paylaşıblar…

***

Bir də illər öncə yadıma düşdü. Məktəb yaşlı uşaqlar kimsiz küçə itini, döyə-döyə, həm də zövq alaraq videolentə almışdılar…

***

Adama elə gəlir ki, bəlkə də həmin kadrlarda it yerinə insan olsaydı bu qədər təsirli olmazdı. Düşünmək və əsaslandırmaq olardı hardasa. Bəlkə çox böyük zərər vurub adam, qarşılığında da bu adamlar doğru olmayan yolu seçib, qətil törətməyə üstünlük veriblər. Yəni ən azından demək olardı ki, ölən də, öldürən də insandır. Amma ölən itdir axı, it, iki yox dörd ayağı üstə gəzən it. Özü də küçə iti. Kiminsə həyətində bəslədiyi harın, bəxtəvər köpək deyil.

Fikir vermisinizmi, bəzi insanlar haqda deyirlər ki, “it kimi yaşadı, it kimi öldü”… Bu it özü kimi, yəni it kimi yaşadı, amma it kimi ölə bilmədi. BUna adamlar izin vermədi. Necə öldü, bir özü bildi, bir də Allahı.

Və hərdən də adama elə gəlir, insanlar əzazil hərəkətlə edə-edə, məsələn, olsun lap it öldürə – öldürə həyatlarını məşq edirlər.

Öldürməyi, əzazil ölümü, faciələri izləməyi, ondan zövq almağı, zorlamağın məşq edirlər. Məşqləri uğurlu alındı. İt öldü.

…Yenə cücə düşdü yadıma…Mən o cücəni qəsdən öldürməmişdim…O küçədə də qalmışdı. Yəni “çəpər çolpası” (bizim kəndə yiyəsiz cücəyə belə deyirlər) da deyirdi. Hini vardı həyəti, sahibi vardı. Bu itsə yuvasız, evsiz, küçə itidi idi. “İt olanda noolar” ölümüylə mənim illərdi bacarmadığımı bacardı. Anladım ki, mən cücəni qəsdən öldürməmişdim. Özümü illər sonra bağışladım. Amma kaş ki, o it ölməyəydi. Minnətdarlıq borcum vardı ona. Adamları mənə tanıtdığı və özümü əfv etdirə bildiyi üçün.

…Və ən dəhşətlisi. Bütün bunlar o üzdən baş verir ki, biz, cəmiyyəti ziyalısı, mediası, ictimai xadimləri lazım olanı edə bilmirik. Nİyə? Acizikmi? Qətiyyən! Sadəcə bunu etməyə, vətəndaş cəmiyyəti qurmağa, sözün birbaşa mənasında vətəndaş yetişdirməyə imkan verilməlidir. Bu gün it başı kəsən vətəndaşlar yetişən bir məmləkətdə, sabah adam başı da kəsənlərin sayı sürətlə çoxalar.

Jalə Mütəllimova

konkret.az