İllərdir yazırıq, deyirik, həm də qorxa-qorxa. Sevdiklərindən nigaran qalır adam. Çünki onlar çoxdur.

Vətən, millət, dövlət, lider anlayışından da uzaqdırlar. Özlərinə yaxşı ad da qoyublar, dövlət tərbiyəsi görmüş məmur. Yaxşı bəs hanı o tərbiyə?! Dövlət tərbiyəsində sizə oğurlamaq, vurub yıxmaq, məhv eləmək, talamaq dərsimi keçilir? Hərdən adama elə gəlir sizin çoxunuza dövlət qulluqçusu, məmur mədəniyyəti yox, oğurluq, rüşvətxorluq dərsi keçilib. Mədə niyyətli yetişdirilmisiniz. Mədə də elə bir şeydir ki, nəfsin gücü ilə adamın başından üstə çıxdısa götür o adamı vur divara. Di gəl, hüquqi dövlət anlayışında bu cür davranışların adını zor tətbiqi qoyublar. Yəni adam haqlı ola-ola haqsız duruma düşür.

***

…Mədə və niyyətdən, yəni mədəniyyətdən söz düşmüşkən,  Mədəniyyət Nazirliyindəki əməliyyat da maraqlı hadisə idi. İndi nazir pat vəziyyətdədir. Yəni nə gedə bilir, nə qala.  Çoxları bu əməliyyata güzəştli, gözlənilməz hadisə deyir. Əslində isə belə deyil. Ə.Qarayevin nazirliyindəki əməliyyatdan az əvvəl baş prokuror istefaya göndərilib.  O baş prokuror ki, həbs edilən icra başçılarının əksəriyyətinin oğlu, qızı məhz bu orqanda ciddi post tuturdu. Onların tələsik “öz ərizəsi” ilə işdən çıxarılması da baş prokuroru xilas etmədi. Və əslində illər öncə Ə.Qarayev ölkə üçün əhəmiyyətli sahələrdən birini, turizmi fiaskoya uğradanda, Prezident Turizm Agentliyi yaradılmasına sərəncam verəndə, dərsini almalı idi. Almadı, dövlət qulluğunu bu yaşda belə biabırçılıqla tərk etmək məcburiyyəti ilə üz-üzə qalıb indi. Hə, bir də o maraqlıdır, çevrəsindən çoxlu sayda adam mediaya mesaj ötürür, bizim müəllim günahkar deyil, xəbəri olmayıb baş verənlərdən.

Bəs nazir Azərbaycan mədəniyyətinin, mədəniyyət xadimlərinin, milli filmlərin, senarilərin,  rayonlardakı mədəniyyət evlərinin, musiqi məktəblərinin, adı olub, özü olmayan dərnəklərin, nazirliyin yerli qurumlarının, ümumilikdə nazirliyin balansında olan idarələrin, invertar fırıldaqlarının, teatr, muzey binalarının təmir işlərinin, incəsənət adamlarının mənzil problemi, fəxri adları ilə bağlı çıxarılan oyunların, xaricə oğurluq satılan sənət əsərlərinin aqibətinə insan, azərbaycanlı olaraq niyə acımadı?!.. İşçisi nazirliyin sayt dizaynı üçün ayrılan iyirmi min manatın yarısını mənimsəyəndə, Bozarqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə ayrılan 5,8 milyon manatın, 100 minini oğurlayanda, Tovuz rayon Mədəniyyət Evinin yenidən inşasına ayrılan 5,4 milyon manatdan, 50 minə yaxın “pay” alanda, İrəvan Dram Teatrının tikintisinə dövlət büdcəsindən ayrılan 11 milyon manatdan 200 mini “şapka” gələndə harada olub Əbülfəs müəllim? Əbülfəs müəllimin gerçəkdən də, mədəni irsin qorunmasında yol verilən cinayətlərdən xəbərsiz olubsa, manısları rüşvət qarşılığı Prezident təqaüdünə, fəxri adlara təqdim edəndə bunu hiss etməyibsə nə gizirdi o postda? Və ya haqqı olan fəxri adları almaq üçün qapısında yalvaranlara, “sluşay, von atsyuda. İdi jdi” deyib gözündən yaş ələdəndə bilmirdimi ki, ilahi ədalət dehyə bir şey də var? Ya da məsələn, nazirliyin yerli şöbələrinin invertarlarına dair məsələlərdən xəbəri yox idisə, senarilərə, filmlərə ayrılan vəsaitlərin məsələsindən bixəbər qalıbsa, SSRİ dönəmində Azərbaycanfilmin çəkdiyi, orjinali Rusiyada saxlanan filmlərin bircəciyini alıb vətənə gətirtməyibsə və onun “bilmədiyi” bu qədər şeyi ölkə danışır, o yenə bir şey anlamayıbsa, Həsən bəy Zərdabiyə ev muzeyi yox, xösək tikdiribsə, mədəniyyət yazarı olmayan mən də, bunları ayrı-ayrı yazılarda, zaman-zaman yazmışamsa, o niyə nazir olur axı?! Ümumiyyətlə sayğıdəyər nazirimiz bu çağacan harda imiş ki, bu qədər məlumatsız olub? Nə isə, o, rəhmətlik İlhaməyə şəhid deyəndə, Tahir Əkbəri qurbağa gölünün qərağında bastıranda, ağlım ondan bir şey kəsməmişdi…

…Və hər kəs nəhayət anlamalıdır, bir əl var, haqqa girdinmi, ədalətsiz oldunmu, fırıldaqlar etdinmi, aldatdınmı, oğurladınmı, xəyanətə yol verdinmi, əmin ol, bir gün gəlib sənin boğazından yapışacaq. O dövlətin əlidir. İllərdir ondan xəyanət edərək yediklərini, əlindəki qızıl teştə qan qusdurur adamı. Əlinə qüvvət DÖVLƏTİM!..

Jalə Mütəllimova