Nazirlər Kabineti yanında Operativ Qərərgah bir neçə gün öncə rəsmi məlumat yayıb bildirdi ki, qısa müddətdə, ölkədə, tibbi maska-ağızlıq istehsalına başalanacaq.

Qeyd edilirdi ki, gün ərzində iki yüz min maska istehsal olunacaq. Buna qədərsə ölkəyə beş yüz min maska gətiriləcəyi bildirilmişdi. Üstəgəl depolarda eyniadlı məhsul ehtiyatının olduğu da deyilmişdi. Yəni dəqiq bildirilirdi ki, Azərbaycan vətəndaşı tibbi maska qıtlığı yaşamayacaq. Ölkə üçün ağır dönəmdə dövlətin öz işini bu istiqamətdə qurub, sistemləşdirdiyi şübhə doğurmur, ancaq reallıq başqadır. Tibbi maskalar ya yoxdur, ya əl altından satılır, ya da “depoda bitib” bəhanəsi gətirilir. Hərdən adamlara deyirlər ki, “bu günki əlli dənəlik normanı satmışıq, sabah gəlin”. Sabaha gələndə isə “depo dedi üç gündə sonra paylayacağıq” söyləyirlər adamlara.

Depodakı kimdir? Depo kimindir? Nə vaxt gəlir mallar depoya? Və ya kimlər depo müdirlərinin adından danışır? Nə vaxt bitib vəsait? Niyə bu qədər qıtdır? Dövlət ehtiyatımız var, hələ yarım milyon da gətirtmişik dediyi halda, kim “yeyir”  bu tibbi maskaları?!.

…Bəllidir, dövlət də, millət də ağır günlər yaşayır. Bioloji müharibədəyik. Xeyli məsuliyyətsiz vətəndaşımız var. Xeyli nəfsinə hakim ola bilməyən adamlarla, məmurlarla bir ölkənin adamıyıq. Həm də hərə gücü yetdiyi qədər müdafiə edir özünü, ailəsini, sevdiklərini. Bəlkə də buna görə deyə bilərik ki, tibbi maskaları kütləvi alır insanlar. Necə ki, nəyin bahasına olur olsun rayona gediş-gəlişi dayandırmırlar. Dövlətin güc strukturları az qala şəhərdən çıxan yeraltı yollara da post qurmağa məcbur qalıb. Axırda onu da elədilər ki, rayonlara girişi və çıxışı bağladılar rəsmən. Yəni əslində bizim vətəndaşımız həm də qəliz xarakterlidir. Amma o da var ki, bəziləri, elə bəndəniz də “evdə qal!” həşhağına qatılmışıq, bayıra çıxmırıq. Amma çörəksiz evlər var. Həm də xeyli, onlar bayıra çıxmağa məcburdurlar, yaşamaq uğrunda yırtıcı mübarizəsi bəlkə də buna deyilir, bilmirəm. Amma reallıq bu ki, o adamların da çoxu tibbi maskasızdır və ala bilmədikləri, tapmadıqları üçün necə gəldi gəzirlər, “cəhənnəmə ki” prinsipi ilə. Polis maarifləndirmə işi aparsa da qarşısı alınmır problemin. Küçələrimiz ağızlıqsız adamlarla doludur.

Telekanalların apardığı reydlərdə isə qəribə məqam diqqət çəkir. Məsələn, kamera qarşısında, tibbi maska istəyən müxbirə ağızlıq verən satıcı, sıravi vətəndaşa ağızlıq olmadığını deyir. Belə təəssürat yaranır ki, tibbi maska qıtlığı sünü yaradılır. Sosial narazılığı artırmaq  üçün yüngül desək şou, əslində cinayət və vicdansızlıqdır!..

…Bu məqamda adamın yadına sosial şəbəkələr üzərindən yayılan, trend olan video düşür. İnsanlar özlərinə tibbi maska düzəldir. Necə? Alt paltarlarını, tumanlarını, başlarına keçirməklə. Beləcə, həm virusdan qorunur, həm də öz dövlətlərini gülüşlə, özü də ciddi tənqid etmiş olurlurlar.

Biz də gərəkdir belə edək. Gülək, səbr edək, səhhətimizi qoruyaq və ümidimizi itirməyək. Bəlkə bu ağır günlərdə cibini düşünənlərin də tumanını başına keçirəcək kimlərsə, hər şey bitəndən sonra…

Jalə Mütəllimova