İllərin media təcrübəsinə sığınıb bir rica eləmək istəyirəm dövlətimdən və onun aidiyyatı qurumlarından, yetkililərindən.

Medianı bərbad edənlərin əlindən alıb, gerçək media adamlarının istəyinə uyğun islahatlar reallaşdırın. Medianı təmənnalı, milli, dövlət dəyərlərindən uzaq düşmüş, satılmış, firqə, təriqət, küçə mediası olmaqdan qoruyun, qoruyaq. Haqqı olmayanların mühim post tutmasına, böyük maliyyələr qazanmasına şərait yaratmayın, yaratmayaq. Çünki illərin təcrübəsi göstərdi ki, sadalanan standartlarda olan adamların əllərdə cəm olan oğurluq pullar, sonradan məqsədyönlü şəkildə dövlətə qarşı yönəldilir. Bəs gerçək media necə olmalıdır? Gerçək media dövlətin deyən dili, vuran əli olmalıdır yeri gələndə, dövlətçi, millətçi olmalıdır. Eyni zamanda, neytrallığını da qorumalıdır, peşəkarcasına. Məmurlarla işbirliyindən uzaq durmalıdır. Maliyyə asılılığı olmamalıdır. Media sürətlə hakimiyyətin bir qolu olduğu zirvəyə ucalmalıdır. Mediada yeni kadrların yetişdirilməsində müstəqil fikir deyə bilmək istedadı olan adamlara, kadrlara önəm verilməlidir. Gerçək media və media adamları millətin problemini dövlətə söyləməkdən çəkinməməlidir. Dövlətin məmurları isə media ilə sərhədini bəlirləməlidir. Media dövlət, dövlət media, məmur media, vətəndaş media sərhədləri təkcə qarışmayıb Azərbaycanda, həm də itib. O üzdən indi gerçək media adamları da, dövlət də əziyyət çəkir. Əgər bu yöndə qətəyyətli mübarizəyə start verə bilsək, Azərbaycan mediasının təmsilçisi kimi az qala bütün beynəlxaql qurumlarda akreditasiyadan keçirilən, dünya siyasətçilərinin, Azərbaycanın düşmənlərinin qarşısına çıxarılan Ata Abdullayev kimilərdən, mənəviyyat deyiləndə ən sonda yada düşən “teleaparıcılardan”, toliklərdən, bayramlardan, zaurlardan, mehmanlardan, sevillərdən, sevinclərdən və sairlərdən xilas olacağıq. Bu simaları illərdir hər yerdə, ən yüksək səviyyədə hamıya təqdim etməklə, istedadı olan, təpədən dırnağa media admaı olan bir nəsili ayaq altına aldıllar, bu proses islahat dönəmində də səngimək bilmir, çünki islahat aparan komanda, hətta ölkə mediasının ən yaxın tarixi barədə ətraflı məlumatlı deyillər. Bu böyük təhlükədir və inciklik doğurur. Biz ölkə mediasını iflic edənlərin tək bu xəttini saxlamaqla yenidən uduza bilərik. Çünki onlar başqa bir nəsil “yırtıcı”, yekəxana və “mırt” mediasını yetişdirdilər. İllərlə elektron və yazılı KİV üzərindən ideoloji təbliğatın başında saxladılar onları, ictimai xadimə çevirdilər. Haqq etməyən xeyli adamı Prezidentə təqdim etdilər. Çoxunun sinəsinə orden, medal taxdılar dövlət başçısının sərəncamı ilə. Ancaq nə aprel döyüşlərində, nə Gəncə hadisələrində, nə ölkəni guya ki, sosial tələblərlə kütləvi ixtişaşlar bürüyəndə heç biri meyanda görünmədi. Hələ dövlətin və dövlət başçısının, ayrı-ayrı jurnalistlərin söyüş müxalifəti, söyüş bediasının hədəfinə çevrildiyi məqamda səslərini belə çıxarmadılar. Çünki maraqları nə dövlət, nə dövlətçilik, nə də siyasi liderilə bağlıdır.

…Qaldı media və islahatlara. Yenə də illərin meia təcrübəsinə əsaslanıb demək istədiklərim var.  Hər bir media quruluşunun üzünə reklam bazarının qapıları açılmalıdır. Məmurların kompramat savaşı üçün açdıqları media quruluşlarının fəaliyyətinə ciddi nəzarət edilməli. Hətta bəzilərinin beynəlxalq presinqlərdən çəkinmədən fəaliyyətləri dayandırılmalıdır. İstər elektron, istər yazılı mediada peşəkarlıq səviyyəsinə diqqət yetirilməlidir. Cinsi azlıqlar, heç bir kateqoriyaya uyğun gələməyən, mənəvi haqları çatmayan, ictimai stasusu bəlli olmayan adamlar efirlərdən mənəviyyat, əxlaq, milli dəyər dərsi keçməməlidir. Hətta bu mövzuda təkcə KİV rəhbərləri deyil, üzdə olan bir qrup media təmsilçisi ilə aidiyyatı rəsmilərin, gərəkərsə, dövlət daşçısının görüşü təşkil olunsun. Yazdıqlarımızdan onu çıxar, bunu sil tapşırığı verməsin kimsə jurnalistə. Bu dövləti, onun başçısını aldatmaqdır, ona xəyanət eləmək, yalan danışmaq, yalan məlumat ötürməkdir. Bir cümləni çıxarmaqla gizlənmək olar, ancaq sabah həmin məsələ daha çox böyüyəcək və daha dəhşətli şəkildə görünəcək, o zaman həmin məsələni qapalı saxlayan da, yazıb silən də, hamıdan vacib olan, dövlət də əziyyət çəkəcək. Çıxış yolumuz bunları etmək, səbirlə gözləmək, həttahakimiyyətin vacib qollarından birini, medianı bu hala gətirənləri ciddi cəzalandırmaqdır.