Ey dirisiylə rusca, ölüsüycə ərəbcə….

Dayan görək, tələsmə! Sizi yox, özümü tənbehləyirəm. Çünki danışılası başqa mətləblər var! Başımız bələdiyyə seçkisinə, onun bəzi saxta nəticələrinə, ardıyca parlamentin buraxılmasına, islahatlara, seçkilərə mane olmaq istəyən məmurlara, pullu kişilərə, yenə deputat olmaq arzulayan xalalara, əmilərə, özünə cib deputatı seçdirmək istəyən nazirlərə, köhnə zehniyyətə, geridə qalmış başlarla mübarizəyə elə qarışıb ki, Amerika gözümüzün qarşısında sözünə baxmayan bir  iranlı, şiə generalı, Qasım Süleymanini bombardumanda qətlə yetirib. Evimizin içində, Azərbaycanda, yüzlərlə adam ona yas tutur. Bu əslində SOS siqinalı olmalıdır. Milli ideologiya, milli dəyərləri zədələnib, bu ideologiyanın keşiyində durmalı olan MTN arxivarusluq edib, sabiq başçısının, Eldar Mahmudovun sayəsində. İndi qısa zamanda ciddi qərarlar alınmasa vəziyyət daha da qəlizləşə bilər. Dörd bir yandan müəmmalı qouşuların əhatəsindədir ölkə. Arabir Türkiyədən səs gəlməsə, Azərbaycana mənəvi ada ölkəsi də demək olar.

Gələk Qasım generala. O, sıradan biri deyildi.  Ayağa qalxsa İranda hakimiyyətə iddia edib istəyinə nail ola biləcək güc idi. Bu mənada bəlkə elə İranda da onun ölümünə sevinən siyasi güclər var, amma dilə gətirmirlər. Çünki arada əbədi dümən, Amerika faktoru mövcuddur. Əslində bu olay həm də  Amerika gedişidir. Əvvəlcə yırtıcıları yetişdirməyə şərait yaradır, sonra onlardan dünyanı işğal siyasətinə alət kimi istifadə edir Amerika. Ben Laden nümunəsini yəqin ki, hamı xatırlayır. İndi Qasım Süleymani qətlində məqsəd İranı yeni müharibəyə cəlb etməkdir. Anlaşılmayan o ki, İran-Amerika qovğasında qətl edilən generalın olayı bizi, azərbaycanlıları niyə yerindən oynadıb. Yasxana qurub, ehsan verirlər Qasım generala? Tolerant dövlətin islami təriqət sayılan şiə “ehtiraslı” olması kimə və niyə lazımdır? Azərbaycanı hara və niyə təqdim etmək istəyirlər? Bunu məhz qatı təriqətçi, islamçı dövlət görüntüsü yaradaraq etməkdə alt məqsəd nədir? Dünya gücləri Azərbaycandan nə istəyir? Cavab bəllidir, Azərbaycanı.

Xatırlamış olarsınız, bir neçə il əvvəl BMT mavi beretlilərinin İran-Azərbaycan sərhəddinə yerləşdilirməsi məsələsi gündəm idi. Guya dünyaya İrandan nüvə təhlükəsi var idi. Azərbaycan bu təklifi rədd etdi, çünki ABŞ-ın hədəfi bəlli idi, İran günlərin birində Azərbaycandan vurulacaqdı.

Ardıyca Gürcüstanla münasibətlərdə problem yaratmağa cəhtlər oldu. Bu istiqamətdə Keşikçidağ olayı ən son cəhdlərdən sayıla bilər. Bu da alınmadı.

Rusiya ilə münasibətlərdə gərginlik yaşatmağa çalışdılar, baş tutmadı. Bir dönəm Türkiyəylə münasibətlərə sərinlik gəldi. Sonradan məlum oldu ki, Dağlıq Qarabağa Ermənistandan yol alan tükr şirkətlərinin başında əslində erməni əsilliadamlar dayanırmış. Yəni bu cəht də lazımı nəticəni vermədi.

Qaldi bir din faktoru. Daha qatı islami təriqətlərəldə alət etmək. Daha dəqiqi əksəriyyətini müsəlmanlar təşkil edən ölkəni qatı, radikal dini qruplaşmalara, onların ayrı-ayrı liderlərinə bağlamaq. Bu mənada “quyruqları” tez-tez Nardaranda görünür. İndi Qasım Süleymaninin qətli ilə bu prosesi bir qədər də dərinləşdirməyə cəhdlər var.

Bu ölümdən dolayı başsağlıqları, ehsanlar verilir. Yas məclislər qurulur, sosial şəbəkələrdə müəmmalı mərsiyyəxanlar peyda olub, adam xoflanır. Dini tolerantlıq təbliğ edən bir ölkədən bu qədər fanatın olması və ya olması görüntüsünü yarada biləcək qədər güclərin olması ciddi amildir.

Adam hərdən düşünür ki, biz niyə çeçenlər kimi ola bilmirik-millətçi, dövlətçi. Onlar bir ovuc idi, amma Rusiya boyda imperiyaya sinə gərdilər…

Niyə türklər kimi ola bilmirik, ən cahil adamları belə dövlət, vətən, bayraq deyir, pəyədə yaşasa da…

Bir yanımız İran, bir yanımız Rusiya, Bir tərəf Ermənistan. Okeanın o tayından Amerika, bir az bəridə  Avrova. Hədəfdə olan Azərbaycan. Yanında da bir Türkiyə. İndi “ey dirisiylə rusca, ölüsüylə ərəbcə danışan millət”, sənə “bizə Avropa lazım deyil” deyən dili anlayır, mənzərəni görürsənmi? Özün olmağın nə qədər vacib olduğunun fərqinə vara bilirsənmi? Düşmənin “burnunun dibinəcən” girməsindən xəbərdar oldunmu? Adına ağı deyəcəyin o qədər generalın, əsgərin ola-ola səni bir iranlı generala görə dünya niyə ağladır başa düşə bildinmi? Millət və dövlət olaraq darda olmanın fərqindəsənmi? Avropadan cırıq paltar, amerikadan yalançı demokratiya, farsdan şiyyəlik  fanatlığı, rusdan şərab vurmaq, ermənidən gədalıq dərsi almağa aparırlar səni, anlaya bilirsənmi? Bunca yaşanan faciələrində, farsca, rusca, ingiliscə bircə ağı eşitdinmi? Eşitdiyin bir tükrcə başsağlığı oldu, o da yavaşca, vəssalam! Unutma, sən bir əsirdə iki dəfə öz dövlətini qurmuş millətsən! Sən faciələrdən diri çıxan məhv olmayan millətsən! Özünü sev!  Yox əgər bütün bunlardan sonra yenə də farsın generalını ağlayacaqsansa, buna sözüm olmaz…Mirzə Ələkbəri xatırlyaram bircə misrası ilə ”elə bərk yuxla ki, hətta ged özündən”…

Çünki qəflətindən ayılmayan milləti həmişə kiminsə ölüsünə ağladıb, dirisinə çəpik çaldıracaqlar, özünü özünə unutduracaqlar.

Bu arada vətəndaş mövqeyimi də deyilm biləsiniz, Tovuzda on bir yaşlı qızın əmisi oğlu və əmisi tərəfindən oğurlanıb qətl edilib, nəşinin yandırılması,bir neçə gün gizli saxlanılması, mənim üçün Qasım generalın ölümündən daha böyük faciə idi. Çünki onun mücadiləsində onlarla belə körpələr qətl edilib. Bilərəkdən, ya bilməyərəkdən fərq etməz. Böyük başarın, körpə qurbanları olub o balalar.Bu üzdən mən özümüzə ağlamağın, özümüzlə gülməyin, özümüz olmağın tərəfdarıyam, bəs siz?!..

Jalə Mütəllimova