Dövlət başçısı qeyri-neft sektorunun inkişafına dəstək proqramı çərçivəsində, müxtəlif sahələrin, o cümlədən rayonlarda demək olar ki, sıradan çıxarılmış pambıqçılığın və baramaçılığın inkişafına şərait yaradılması məsələsini gündəmə gətirəndə, bölgələrdə çox adam sevinmişdi.

Sonra pambığı təsərrüfatlardan ucuz alıb, kənara baha satan işbazlar adamların əlini soyutdu işdən.
Baramaçılıq isə hələ uzun illər öncə, sovetlər dönəmindən, daha çox aran rayonlarında əhalinin qazanc yeri olub. Dövlət bu sahənin inkişafı istiqamətində də mühim addımlar atır.

Rayonda, kənddə böyümüş hər kəs bilir ki, artıq baramanın təhvil verilməsi mərhələsi başlayıb. Bəs necə gedir?
…Bizim yerli icra orqanlarında çoxundan, hətta yaponlardan da irəli beyinə sahib adamlar çalışır. Bütün pislikləri düşünmək kimi “qüdrətə” sahibdirlər. İndi də dövlətə barama ilə fırıldaq gəlirlər. Necə? Baramasını satan kəndlidən başqa rayonlardan gələn adamlar məhsulu dövlətin qoyduğu standart qiymətdən bir qədər baha alır. Bununla guya öz rayonunun barama təhvili göstəricisini qaldırır. Yəni hesabatında yüksək göstərici təqdim edib “molodes” qazanmaq istəyir. Doğurdan da “molodes”, amma molla əminin “molodesindən”…O bu sözü başa sala bilmədiyi ulağına deyərdi tez-tez…

Bu adamlar doğurdan da unudurlar ki, başqa rayonun adına, reytinqinə xələl gətirirlər. Üstəlik dövlətə yalançı rəqəmlər, hesabat təqdim edir, ölkə başçısını aldadırlar. Yenə fırıldaq, yenə yalan…

Yeri gəlmişkən, bu problemdən xüsusən Kürqırağı rayonlar əziyyət çəkir. Və məhsulun bir hissəsi də məhz Kür çayı üzərindən, kiçik lodkalarla daşınır. Bu üzdən bəzi Kürqırağı rayonlarda, sahildə polis nəzarət aparır. Barama təhvili bitənə qədər Kürə lodka salınmasını yasaqlayıblar.

Hərdən düşünürsən ki, görəsən neynəsən, hansı üsuldan istifadə eləsən bu adamlar islah olar, düzələr. Qazanmağa, daha çox əldə eləməyə zombi kimi öyrənmiş bu məmur “ordusunu” nə islah edər görəsən, deyirsən?! Sizi bilmirəm, mən bu məsələdə optemist ola bilmirəm, amma pessemist də deyiləm. Orqat məxrəcim: optemist-pessimistdir. Yəni gülümsəyərək, başını silkələyərək, sözünü deyə-deyə heç nəyə də ümidvar deyilsən. Eyni zamanda, ümidin də yoxdur deyə, dəstələrinə qoşulub fırıldaq, yalan yazmırsan…

Jalə Mütəllimova