İyunun 4-də, yəni dünən, Keşikçidağda baş verəcəyi gözlənilən təxribat planı təhlükəsi baş tutmadı. Xatırladaq ki, bu haqda Azərbaycanın Dövlət Sərhəd Xidməti Gürcüstanın Sərhəd Mühafizəsini rəsmi məlumatlandırmış, həmçinin yerli KİV-lərə məsələ barədə rəsmi açıqlama verilmişdi.
Bir qədər əvvəl əldə olunan başqa bir məlumatda qeyd edilir ki, tarixi dəqiq vurğulanması da Keşikçidağda gözlənilən təxribat planını Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq marağında olan güclər iyunun 19-a qədər aralıqda həyata keçirməyi düşünür.
Ermənilərin də dəstəklədiyi istisna olmayan, bir qrup gürcüstanlı tərəfindən planlaşdırılan təxribatın, Gürcüstanda da bəzi dairələrdə dəstəkləndiyi barədə məlumatlar var.
***
Sərhəd yaşadığımız ölkənin qapısıdır, böyük evimizin astanasıdır. O üzdən içəri yad, həm də icazəsiz girməyə cəhd edəndə, bu, hamıda qıcıq yaradır.
Ötən ilin iyulunda, gözlənilmədən, Azərbaycan əsgəri qapısının ağzında, sərhəddində beşmərtəbəli söyüldü. Bəlkə belə də demək olar, Gürcütan dövləti ilə maraqları uzlaşmayan bir qrup gürcüstanlı buna nail oldu.
Gürcüstan o dövlətdir ki, əli yananda ağızlarına təpməyə macal tapmamış, Azərbaycan başının üstünü kəsdirib, arxa, kömək olub. Vəziyyətdən çıxanacan da geri çəkilməyib. Nə baş verir? Niyə gürcülər və ya gürcülərin adından Azərbayacana başqa əllər hücum edir?
Azərbaycana ikinci münaqişə ocağı yaratmaq kimə sərfəlidir? Yenidən qaçqın, məcburi köçkün bumu, nəyə ə kimə gərəkdir?
Görünən dağa bələdçi gərəkmir deyəbir atalar məsəli var. Bu gün Keşikçidağ ətrafında baş verənlərlə bağlı bu çox keçərlidir.
Xatırladaq ki, ötən il də təxminən bu ərəfələrdə Keşikçidağda insident yaşanmışdı. Buna görə Azərbaycan ictimai rəyi öz dövlətini kəskin tənqid etdi. O cümlədən, Sərhəd Qoşunları Komandanlığı və general Elçin Quliyev ciddi hədəf oldu.
Zaman göstərdi ki, ictimai rəy haqlı idi. Dövlətin islahatlar dalğası Sərhəd Qoşunlarını “vurandan” sonra, bəzi problemlərlə yanaşı, o da bəlli oldu ki, Keşikçidağ Tarix-Memarlıq Qoruğu yaxşı qorunmurdu. Burda təkcə Sərhəd Qoşunları Komandanlığı deyil, Azərbaycanın Mədəniyyət Nazirliyinin də məsuliyyət payı var idi. İndi məlum olur ki, Azərbaycan Mədəniyyət Nazirliyinin balansında olan on dörd strateji tarixi-memarlıq abidəsindən biri olmasına baxmayaraq, Keşikçidağdakı vəziyyətlə bağlı dövlətə bircə dəfə ciddi hesabat verilməyib. Yəqin ki, ötən ilki təxribat olmasaydı, yəni palazımızı təxribatçılar qaldırmasaydı, heç nədən bu günəcən də xəbərimiz olmazdı.
Bu mənada indiki təxribat barədə məlumatın qabaqcadan, operativ şəkildə, əldə edilməsi, ictimailəşdirilməsi, eyni zamanda, gürcü tərəfinin məlumatlandırılmasına paralel həm də xəbərdarlıq edilməsi, müsbət haldır. Qalır o ki, ikinci ön hazırlıqdan sonra təxribatın və təxribatçıların hədəfi hara olacaq? Bəlkə Gürcüstanda azərbaycanlılar yaşayan rayonlar?!.
Jalə Mütəllimova