Dara düşəndə həm üstünə qaçarıq, həm də ondan qaçırıq. Azərbaycanda polis olmağın qəribə təzadıdır bu. Polis həm də bütün dünyada ən vacib orqan, institutdur. Əziyyəti, zəhməti də boğaza qədər. Gün ərzində hamıdan fərqli və çox çalışarlar. Həm də daha ağır ittiham, qınaq obyektidirlər. İndilik bütün qınaq və ittihamları qoyaq kənara. Çünki polis həm də o adamdır ki, bəzən günlərlə ailəsindən xəbər tuta bilmir. Övladının üzünü gecə də, gündüz də ancaq onlar yuxuda olanda görür. Sevdiklərinin üz cizgisini yadırğayır hərdən. Şəhid olmağa hazır, vicdanlı, ədalətli polislərin məhz belə olduğunu kimsə dana bilməz. O üzdən ilin üç yüz altmış beş gününün bircəciyində onlar haqda müsbətə köklənək. Bunun özü də polisə münasibətdə ədalət, vicdan göstəricisi, vətəndaş münasibəti olar.

Əminəm hərənin tanıdığı və sevdiyi ən azı bir yaxşı polis dostu var. Bu gün mənim ağlımdakı yaxşı polisdən danışacağam. Yəqin yaşıdım olan jurnalistlərin bir xeylisi xatırlamış olar. İllər öncə indiki “Sahil”, köhnə “26-lar” bağı yaxınlığından başlayan dəhşətli mitinqi. Polis mərkəzi küçələrə girişə icazə vermir, çünki aksiya icazəsizdir. Müxalifətçilər aksiyanı reallaşdırmaq istəyir. Jurnalistlərsə polislə aksiyaçılar arasında qalıb.
Bu qarmaşada haradansa əlində daş-kəsək toplanan bir dəstə adam peyda oldu. Düzünə qalsa onları nə polis, nə də mitinqçilər tanıyırdı. Çünki hər kəsə hücum eləyir, daşlayırdılar. Elə jurnalistləri də. “Sahil” metrosunun yanında bir polis nəfəri mənə mağazalardan birinə keçib qorunmağı təklif edəndə anladım ki, vəziyyət cox ciddi və ağırdır. Nə desən ola bilər. Düzü mağaza sahibi kimliyimi bilmədiyi üçün məni içəri buraxmadı.
Polis bu məqamda ikinci təklifdə bulundu: “Arxamda dayan! Önə keçməyə cəhd eləmə!”. Peşə marağı üstün gəldi. Bir addım qabağa atar-atmaz bir onu gördüm ki, müdafiəmə qalxan polis əli ilə məni bərk itələdi və önümə keçdi. Sonra da əlindəki dəbilqəsini üstümə tutdu. Gözümü açanda gördüyüm mənzərədən bir az da üşəndim. Adam mənə gələn daşın qarşısına keçdiyi üçün sifəti ciddi yaralamışdı. Sonra o, polis yanımdakı digər xanıma da yaralı olduğu halda kömək elədi. Həmkarımla birgə cib dəsmalımızı polisin üzünə sıxdıq. Qanı saxlaya bilmədik. O isə “qorxmayın, burdayam, siz qorxmayın” deyirdi. Ara nisbətən sakitləşdi. Bizi təhlükəli küçələrdən çıxardı, onun özünü isə təcili yardım maşını ilə götürdülər. Çoxlu qan itirmişdi. Bircə ona pis olmuşdum ki, adama təşəkkür eləmədim. Həm də kimliyini bilib sonradan səhhətiylə maraqlanmaq şansım olmadı.

O aksiyadan təxminən dörd il keçmişdi. Milli Məclisindən müsahibədən qayıdırdım. Xidməti maşından düşən rütbəli polis əməkdaşının üzümə gülümsəməsi ilə qarşılaşdım dayanacaqda. Əvvəl əməlli qıcıqlandım ki, bu polis niyə üzümə gülümsəyir ki?!..Dedim axı istər istəməz hamıda qarışıq bir münasibət var polisə. Hirsimi anlamışdı, o üzdən tələsik yaxına gəlib, sifətindəki kobud çapıq izinə işarə elədi. Mən sizi maşından tanıdım, amma deyəsən yadınızda qalmamışam? dedi peşəsinə uyğun, bir az da məcburən gülümsədi.

…Həmin polis idi. Təşəkkür borcum olan adam. Dörd ilə yaxın zaman keçmişdi, məni qoruyan polisin üzündə dörd il öncə mənə atılan daşın çox dərin və kobud izi dururdu.İzə işarə edib, “üzr istəyirəm, cənab kapitan” dedim. Bir də təşəkkür borcumu ödədim deyə rahatladım düzü. Dörd il öncə, fədakarlıq eləyən polis, mənə ailəmdəki qardaş qədər doğma gəldi. Elə indi də elədir. Həmin günün dəhşətindən bir az danışdıq. Sonra sağollaşdıq. O xidməti maşınına oturub işinin dalıyca getdi, mənsə evə gəldim müsahibəmi işləməyə…

İndi həmin hadisənin üstündən illər keçib. Amma hər o günü xatırlayanda əlimi üzümə aparıb düşünürəm ki, həmin gün o polis mənə atılan daşın qarşısına keçməsəydi, indi üzüm üz cizgilərim çox eybəcər olacaqdı. Bir qadının faciəsi ola biləcək hadisə yaşamış olacaqdım. Bəlkə də peşəmlə vidalaşacaqdım, bilmirəm. Amma məni insan olmağı bacaran, yaxşı bir polisin fədakarlığı qorumuşdu. Hərə özü qədər düşünər, yaxşını da pisi də özü boyda anlayar. Məni dövlətimin bir yaxşı polisi qorumuşdu.

***

Dədə-babadan adətimizdir, zordan -gücdən, “xox”dan qorxan camaatıq. Yəni nə qədər qəribə səslənsə də, bu məmləkətin Allahdan yox, polisdən qorxan xeyli biinsafı, ədalətsizi, vicdansızı var. Tanrı ədaləti və vicdanı olanınızı olmayanlar üzərində hakimi-mütləq eləsin cənab polislər.

***

…Və bütün qurumlarda bir daxili mübarizə var, nüfuz, vəzifə mübarizəsi. Buna peşəkar mübarizəsi, mövqe mübarizəsi, siyasi tərəf, lap elə klan mübarizəsi də demək olar. Nəticəsi əsasən belə olur, lazımi kadrlar yerində olmur. Bu isə idarəçilikdə ciddi boşluqlar, qüsurları qaçılmaz edir. Biz buna “mətbəx mübarizəsi” də deyirik öz aramızda. Mahiyyəti də bu ki, işi bilməyənləri başa keçirər, bilənləri ayaq eləmək istəyərlər. Düzü bəzən bacarırlar. Məsələn, bu günlər Yasamalda, ardıyca başqa bir rayonda, sonra başqa bir vətəndaşın saxlanması əməliyyatında etdikləri, sonra da bunu tirajladıqları kimi.

Yaxşı bilirlər ki, polis dövləti qoruyan gücdür. Onu parcalamaq, mənəvi deqredasiyaya uğratmaq, davamlı psixoloji presinqə məruz qoymaqla istədikləri nəticəyə çata bilərlər. İndi Azərbaycanda polisin üzərindən məhz bu oyun gedir. Siyasi hakimiyyəti yox, məhz dovləti “vurmaq”, dağıtmaq üçün polis hədəfdədir. Bunu xaricdə oturan müxalif medianın, radikal güclərin, həmçinin içəridəki siyasi narazıların vasitəsiylə edirlər. Diqqət edirsinizsə bu presinqin bir qanadını ölkənin “feminist” qızları üzərindən təşkil edirlər. İndiki durumda məsələn, təkadamlıq aksiyalara üstünlük veriblər. Maksimum ehtiyatlılıq və dözüm gərəkir. Səbirli, təmkinli, qətiyyətli olun cənablar. Qarşınızda itirməyə heç nəyi olmayan yerli və yırtıcı kimi qazanmaq istəyən kənar güclər var. Aşırı səbirli, aşırı təmkinli, aşırı dözümlü və aşırı soyuqqanlı olmaq gərəkdir. Çünki VƏTƏN var olsun deyə, onu sevən hər kəsin dözmək və işləməkdən başqa yolu yoxdur!

Jalə Mütəllimova