Bəlkə Prezident köməkçisi Anar Ələkbərova müraciət də saymaq olar bu qısa yazını.
Bu gün xəbər saytlarının əksəriyyəti Azərbaycan Prezidentinin köməkçisi sayğıdəyər Anar Ələkbərovun bir qrup jurnalistlə görüşünü yayınladı. Bildiyim və izldiyim qədəri ilə Anar Əlkəbərov ölkədə aparılan uğurlu kadr islahatları nəticəsində üzə çıxan, yetişdirilən uğurlu simalardan sayılır. Yəni milli kadr. Baxmayaraq ki, təyinatına qədər ciddi və məsuliyyətli işlərə rəhbərlik edirdi, bu təyinat onun siyasi karyerasında çox ciddi bir ilk sayılır. Anladığım qədər i ilə o, həm də ölkənin media islahatı işlərində aparıcı adamlardandır. O üzdən düzü Anar Ələkbərovdan tam başqa formatda, başqa tərkibdə, başqa səviyyədə təşkil olunmuş görüş umur və gözləyirdim.

Necə?

Milli media deyəndə, yada düşən, hər biri bir telekanal, bir sayt gücündə olan media adamları ilə təşkil olunmuş görüş. Bu gerçəkdən olay və iş olardı ölkədə. Və illərdir məhv edilən milli mediaya, onun simalarına gerçək mənəvi dəstək sayılardı. Xarakterlərinin bəzi nüanslarının çox adamda narahatlıq və bir az da xof yaradan mənfisi, müsbəti ilə məhz o adamlar ölkənin milli gücü, media simasıdır. Məhz o adamların gücü, informasiya dəstəyi, əqidəsinə sadiqliyi, peşə etikası, milli ruhu illərdir Azərbaycanın informasiya təhlükəsizliyinin təminatçısı olub. Dövlətin düzgün informasiya siyasəti yönəltməsində məhz milli media adamları rol oynayıb. Məhz o güclər bu gün düşürüldükləri durumlara rəğmən dövlət, vətən, millət, milli təhlükəsizlik deyir indi də .
Amma və lakin heç cürə media islahatının tərkib hissəsi ola bilmirlər.
Çox qorxulu yoldayıq, bunu islahatçı qanadın təmsilçilərinə bütün səmimiyyətimlə söyləyirəm.
…Və bu gün dövlət o səbəbdən toparlana bilmir, sağdan soldan “vurulur” ki, məhz media siyasəti düzgün qurulmur.

Hələ də ümidvaram, inanıram ki, informasiya təhlükəsizliyimizin təminatı, ölkənin informasiya siyasəti və milli medianın dirçəlişi üçün DÖVLƏT özünün milli kadrlarını silib atmayacaq. Ya da bunu dövlət adına kimlərsə etməyəcək. Apardıqları islahat işində məhz o milli gücə arxalanacaqlar.
Görüş tərkibinə diqqət edilsə, hələlik bu istiqamət duyulmur.

Amma yenə də ümidimizi itirmirik.

Jalə Mütəllimova