Yasamaldakı məlum olaydan sonra Azərbaycan polisinin üzərinə davamlı hücumlar, qara piar “əməliyyatına” start verilib.
-Polisin vətəndaşın cibinə narkotik atıb şərləməsi;
-Xanlarda vətəndaşı saxlayıb döymək;
-Yasamal olayında polis əməliyyatından doğan etiraz aksiyaları, onun içində görünən “vətənpərvər” feministlər, cəbhəçilər, xaricdəki söyüş mediası fəalları;
-Hələ üstəlik Sevinc Ocmanqızının efirindəki biabırçı qara piar. Guya polisi müdafiə edən bir qadının efirə qoşulması, sakit danışığının ardıyca, eyni tonda polisi müdafiəyə yönəlik biədəb söyüşü. Və aparıcının, səbirli olaq, bəli, trollar, trollar… replikası. O anda diqqəti bir də aparıcının üz cizgiləri çəkir. TV və illərdir media təcrübəsi olan biri kimi əminliklə deyirəm, ən azı aparıcının üzündə mimik etiraz, təəccüb, formasında reaksiya görünməli idi. Olmadı, çünki aparıcı və qonaq Gültəkin Hacıbəyli üçün bu olay yüzdə yüz gözlənilən idi. Təşkilatçı ya özləri idi, ya da belə bir şeyin olacağı haqda məlumatlı idilər. O üzdən heç birində üz ifadəsi dəyişmədi. Bu qədər psixoloji hazırlıqlılıq insan beyninin gücü yetəcəyi iş deyil. Və tanıdıqlarımız mütləq bu “gözlənilməzliyi” gözləyirdilər…
Qayıdaq ona ki, bu yazıda məqsəd polisi müdafiə etməkdirmi?
Qətiyyən! Həm də birmənalı şəkildə müdafiə etmək niyyətində deyiləm! Sirr deyil, heç yerdə iş tapmayan çoxlu sayda adam var ki, danamı satıb polisə düzəlirəm, deməsini eşitmişik.
Yəni ki, polis sıralarında mütləq ciddi islahata start verilməlidir. Polis əməkdaşlarının davranışında korrektələr olmalıdır. Komandadaxili mübahisələrdə, vətəndaşa münasibətdə ciddi yumşalmalara start verilməlidir. Bəzi hallarda daxili cəzaların sayının artırılmasına artıq böyük ehtiyac var. Üstəlik konkret hallarla bağlı hətta cinayət işlərinin açılması, ciddi araşdırma aparılması artıq şərtdir.
***
Yasamal olayından sonra, sürətlə yayınlanan başqa bir videomateriada isə məsələnin gerçəkdən bir mərkəzdən idarə olunduğunu söyləməyə əsas verir. Masallıda bir traktor sürücüsü yerli yol polisi əməkdaşları tərəfindən saxla, əmrinə tabe olmadığına görə döyülür, sonra da polis maşınına otuzdurulub aparılır. Bu kadrlar kənardan onları izlədiyi hiss olunan maşından video yazıya alınır.
Sirr deyil, Masalla yol polisinin rəisi ilə bağlı əvvəllər də ölkə mediasında yazılar verilib. Onun fəaliyyətindən insanların narazılıq etdiyi dəfələrlə səsləndirilib. Bu məqama diqqət edilməsində fayda var. DİN-in ən “zəif bəndləri”, narazılıq çox olan yerlər, ciddi araşdırılıb. Məhz orada izləmələr aparılır, konkret faktlar əldə edilir və tirajlanır. Bu halların davamlı baş verəcəyi sirr deyil. Eyni zamanda təzyiqlərin artacağı da artıq qaçılmaz olacaq.
DİN Masallı olayı ilə bağlı son rəsmi açıqlamasında deyilir ki, vətəndaşa qarşı kobudluq edilib. Buna görə nazirlik rəhbərliyi konkret şəxslərlə bağlı ciddi tənbeh tədbiri görüb.
Əslində isə vəziyyət daha ciddidir. Diqqət edək! Masallı olayı istixəbər.com, Qazax-Ağstafa TV, Meydan TV, Kanal Nasibli üzərindən və sonradan videoyazını səhifəsindən yayınlayan neytral mövqeli bir interten TV kanalında da yayınlanmışdı. Ancaq sonradan həmin kanalın səhifəsindən video materila yığışdırıldı.
Məntiqi nəticə bu ki, ölkədə fəaliyyət göstərən KİV adlandırılan bir çox media quruluşları yayınladıqları materiallarda ölkənin informasiya təhlükəsizliyi məsələsinə ümumiyyətlə diqqət etmirlər, bunun nə demək olduğunu ümumiyyətə anlamırlar. Fərq etməz, bunu bilərəkdən və ya bilməyərəkdə edirlər. Hər iki halda edirlər və bu, milli media adına biabırçılıqdır.
Eyni zamanda həvəskar polis olayı çəkilişini yayan əl, onu hər kəsə “birinci səndə getsin” prinsipi ilə tirajlayıb. Təbii ki, İP faktoruna görə bu çox cəlbedici təklifdir. O üzdən diqqət edilsə, hər kəs, hətta bütün fırıldaqlarda böyük təcrübəsi olan Meydan TV belə materialın ilk onda yayınlandığını və ona aid olduğunu təsdiqləmək üçün öz lebllarını maretiala otuzdurublar. Yəni bizdən sonra kim versə bizə istinad etsin.
Niyə hədəfdə DİN və polisdir?
Polisin əsas funksiyası təkcə mitinqlərdə ictimai asayişə nəzarət deyil. Polis ölkədə həm də daxili stabilliyin, təhlükəsizliyin qarantıdır. Yəni hamını bir birindən qoruyan gücdür. İndi hamılıqla təsəvvür edək ki, daxili stabilliyə nəzarət edən bu qurumu kimlərsə içdən parçalamağa, ictimai nüfuzdan tamamilə salmağa, ya da mənəvi presinqlərdən dolayı deqradasiya həddinə gətirməyə müvəffəq oldu. O mənzərəni düşünəndə və təsəvvüründə canlandıranda adam Azərbaycanda baş verə biləcəklərdən üşənir.
Deməm o ki, maksimum səbr, maksimum dözüm, maksimum ehtiyatlılıq polis və DİN rəhbərliyi üçün bu günlər ən vacib olan şeylərdir. Eyni zamanda siyasətlə davranış, qara piara qarşı, “humanist hücum” siyasəti qurmağın vaxtıdır. Əks halda təkcə DİN xələl görməyəcək.

Jalə Mütəllimova
22.06.2020