Şamaxıdakı intihar cəhdi, polisdə mübahisə və qorxulu siyasət…

Şamaxıda vətəndaşın polis özbaşınalığına görə intihar cəhdinin video görüntüsü yayılıb. Baxıram, adam dəhşətə gəlir. Yenə polis, yenə təhqir, yenə vətəndaşı alçaltmaq, yenə aciz duruma salınan vətəndaş. Dahası da var. Artıq polisin dövlət başçısına sayğısızlıq faktları qabardılır. Adam deyir Prezidenti saymır bunlar. Bu çox pis və ciddi işartıdır. Prezidentin dövlətin ciddi bir qolu ilə münasibətlərinin sərt müstəviyə keçməsi üzərində işləyirələr. Bu münasibətlərdə qopma reallaşsa durumu hrç nə xilas etməyəcək.
Amma DIN hələ də vəziyyətin ciddiliyinin fərqində deyil. Vətəndaşa sarı gəlməyi düşünmürlər. Ictimaiət qarşısına çıxmaq niyyətləri yoxdur. Əslində, çox təcili polisdə islahatlar aparılmalıdır. DIN başa düşməlidir ki, vətəndaşla münasibətləri yumşaltmaqla müsbət nəyəsə nail ola bilər. Amma buna gedilmir. Daha doğrusu, nə baş verdiyini ən yaxşı halda, anlamırlar. Ən pis halda, əhəmiyyət verməyi lazım bilmirlər. Kökündən səhv yanaşmadır.
DIN-də hələ durumun siyasi mahiyyətini anlamırlar. Gündə polislə bağlı bir neçə insident görür adamlar. Sıradan insident yox, adamı üşəndirən, ağladan, əsəblərini tarıma çəkən, mənəviyyatını, vicdanını, əxlaqını sınayan insident.
Bu Azərbaycan vətəndaşının təhqir faktı əsasında ağılla aparılan işdir. Bunun geri dönüşü, fərqli isbatı yoxdur. Əlahəzrət generallar, dövləti və milləti faciəyə aparmayın.
Anlayın ki, artıq hansısa faktın arxasında ciddi siyasi oyunların olması haqlı olaraq vətəndaşı narahat etmir. Vətəndaşın itiriləcək heç nəyi qalmayıb. Vətəndaş “məni döysən də, səni sevirəm” prinsipini artıq rədd edir. Amma polis, birmənalı vətəndaşa hörmət eləməyə borcludur. Insanların böyük qismini polisdən bezdirmisiniz. Oysa hər şey fərqli ola bilərdi.

P.S. Və əslində vəziyyətin fərqli olduğunu təsdiqləyən fikirlər də var. Hazırda Şamaxıda olan həmkarım Toğrul Allahverdilidən aldığım məlumata görə rayonda yenilikçilərlə, köhnə məmur ordusu arasında ciddi mübahisə gedir. Və haqqında bəhs olunan hadisə vətəndaşı narazı salaraq, bilərəkdən təşkil olunub. Şamaxının polis rəisi isə tutduğu vəzifədən dörd gün əvvəl azad edilib. Və nədənsə xəbərin vətəndaşla bağlı tərəfini tirajlayan “Meydan TV”, bu məlumatı videoya əlavə eləməyi lazım bilməyib. Maraqlıdır, deyilmi?

Jalə Mütəllimova

27.06.2020