Azərbaycanda bu qədər acınacaqlı mənzərə görməmişdim. Hətta doxsanlarda, səksənlərin sonunda da belə deyildi. Yaşamaq uğrunda cəngəllik mübarizəsi gedir. Bəli, məhz cəngəllik. Uzun illərdir bağırırıq, yazırıq, deyirik ki, uçuruma gedir ölkə. Insanlara vətəndaş, vətənpərvər, təhsilli olmağı öyrətməliyik. Milli kimliyi aşılamalıyıq, milli təəssübümüz olmalıdır. Millət olmaq üçün millətin söz deyə bilməyən, ən aciz adamına da söz vermək, danışmağı öyrətmək lazımdır. Vətəndaşı dilənçi, ələbaxan öyrətmək olmaz, iş verin, işləsin adamlar. Qulağını yapırdıb, oturub, tənbəlləşməsin, həyatları korlanmasın. Qoy qəbilə, tayfa olmaqdan qurtulsun insanlar. Katibənin oğlu, milyonerin balası, bacıoğlu, bibi oğlu, əmi oğlu…Yəni, oğulluqlar idarəçiliyindən azad edin çevrəni. Kreslolarınıza qudalıq münasibətləri ilə bağlanmayın. Olmadı, alınmadı. Ideologiya məhv oldu. Millət aciz qaldı, millət ola bilmədi. Indi də dövlət gedir əldən. Niyə?
Bir ovuc adamın nəfsini yenə bilmədik. Başa sala bilmədik ki, dünya onların ətrafında fırlanmır. Azərbaycanı təcrübə paleqonuna çevirdilər. Beş ay biri idarə eləyir, sonra deyir bacarmıram, indi də o birinə verirlər. Bu qədər bəsit deyil bu işlər, doğurdandamı kimsə anlamır?! Ya anlamaq sərf etmir?!
Son on ilə gəlincə, bu dönəmdə yaşamaq uğrunda vəhşi mübarizəsi öyrətdilər adamlara. Birmənalı yırtıcılıq dərsi keçdilər. Biz burda dağıdırıq, oğurlayırıq, fırıldaq edirik, siz də baxın öyrənin, öz çapınızda görün bu işləri. Indi məhz o vətəndaşlar nə edirik, əcəb edirik deyirlər. Elə də ölürdük, belə də ölürük söyləyirlər. Haqsızdırlarmı? Əsla! Amma bu dəfə birincidən onunla fərqlənir ki, adamlarla eyni gəmidə onları bu gün qoyanlar da var. Özü də kasıbdan daha aciz durumdadırlar. Kasıb hər şeydən özü yol tapır, onlara hər şey hazır verilib, indi bacarmırlar. Mənəvi də, fiziki də, psixoloji də zəifdirlər. Bir maddi gücləri var. O da bu durumlar üçün çıxış yolu deyil. Bu faciədir. Bir dövlətin, bir millətin faciəsi. Yazıqlar olsun qurban gedən illərə və heç zaman gəlməyəcək uğurlu gələcəyə…
Jalə Mütəllimova
29.06.2020