Kür nə qurudur…Kars barajı, yoxsa məsuliyyətsizlik?

Kür çayının quruma səbəblərindən biri kimi Kars barajına “hə” deməyimiz də əsas gətirilir.

Məlumdur ki, Kür çayı Türkiyə, Gürcüstan və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir. 2010-cu ildə Türkiyə öz ərazisində Kürün istiqamətini dəyişsə də bu, ciddi bir problem yaratmadı. Amma indi Türkiyə öz ərazilərini rahat sulasın deyə Azərbaycanın əsas suvarma və həyat mənbəyi olan Kür çayını qurudur. Daha doğrusu bu yaxınlarda açılış mərasimi olan “Kars barajı” Kürün Azərbaycana gəlib çatmasına maneə yaradır.

Maraqlıdır ki, Türkiyə ilə Sovet İttifaqı arasında 8 yanvar 1927-ci ildə imzalanmış sazişə görə, Kür çayı beynəlxalq çay sayılır. O vaxt SSRİ-nin tərkibi olduğu üçün SSRİ-nin, indi isə müstəqil Gürcüstan və Azərbaycanın sərvətidir.

Bu gün Kürün Türkiyə hissəsində tikilən Kars barajı Azərbaycanla yanaşı Gürcüstanda da su böhranı yaradacaq. Ancaq bu il hələ ki, Azərbyacan ciddi su böhranı yaşadı. Kürdə suyun səviyyəsinin aşağı düşməsi ölkədə flora ilə bərabər, faunaya da ciddi təsir göstərir. Ən vacib məqamlardan biri isə Kürün delta hissəsində balıqların kürü tökmək üçün dənizdən çaya girə bilməməsidir. Yeri gəlmişkən, Azərbaycanda bu ilki quraqlığın nəticələri öz təsirini qarşıdakı illərdə də göstərəcək. Bu açıqlama ilə dosent Zaur Əliyev çıxış edib.

Bəs Kürdə su axını azalması Mingəçevir su anbarının vəziyyətinə təsir edirmi? Qeyd edək ki, bu vəziyyət anbarın bütövlükdə su ilə doldurulması prosesi zəiflədəcək. Su anbarı dolmayacağı təqdirdə oradan əldə edilən enerji azalacaq. Habelə, Qarabağ, Yuxarı Şirvan kanalına da suyun çıxması çətinləşəcək. İstər-istəməz bu, aşağı axında da özünü göstərəcək. Beləliklə rayonlarda su böhranı, sosial narazığa çevriləcək.

Bütün bunlardan sonra deməyə ciddi əsas var ki, hazırda yaşadığımız ekoloji fəlakəti mütəxəssislər illər öncə, 1927-ci ildə hesablayıblar. Ancaq biz buna əməl etmədik. Indi də acı nəticəsini yaşayırıq. Yəni məsuliyyəti qlobal istiliyin üzərinə atmaq heç kimi məsuliyyətdən azad etmir.

Sonda, bəzi mənbələrin məlumatında deyilir ki, Kars barajı, Kars çayı üzərində qurulub. Arpaçay barajını su ilə təmin edir. Çayın bu hissəsi daha çox Ermənistan və Türkiyə ərazilərinə düşür. Yəni izah etməyə çalışırlar ki, məlum barajın Kürdəki vəziyyətə heç bir aidiyyatı yoxdur. Kars çayı Kürü qidalandırmır. Bu vəziyyətdən daha çox Ermənistan zərər çəkə bilər və ya artıq çəkir. Ancaq unudulur ki, Arpaçayın böyük bir qolu Kürə tökülür. Məhz o qolda suyun hədsiz azalması Kürdə vəziyyəti ağırlaşdırıb.

Jalə Mütəllimova

29.06.2020.