SOS! SOS! SOS!

Maska taxın!

Məsafə saxlayın!

Qorunun!

Anlaşılandır, isti havalarda evdə oturmaq olmur. Siz yenə də övladlarınızı həyətə buraxmayın!

Özünüz düşəndə, diqqətli olun!

Lütfən inanın, bu virus var!

Bu virus can ala bilir!

Biz mərhələ ilə o həddə gedirik ki, sonumuz yaxşı olmayacaq. Çox etibarlı mənbədən əldə etdiyim məlumata görə, artıq xəstəxanalarımızda çarpayı çatmır, süni nəfəs aparatı çatmır, həkim çatmır, xaricdən briqadalar cəlb edə bilmir dövlət, imkan çatmır. Təqdim olunan rəqəmlərdə göründüyündən, daha ağırdır durumumuz. Təkcə maddi yox, həm də mənəvi və psixoloji.

Diqqət! Diqqət! Diqqət!

COVID-19-a yoluxması olmayan rayonların xəstəxanalarına adam daşımağın qarşısı alınsın, həm də təcili şəkildə.Biz yoluxma çox olan mərkəzi şəhərlərdə xəstələrə düz-əməlli baxa bilmiriksə, bölgədən infeksionist həkimləri də yığıb Bakıya gətiririksə, rayonlara göndəriləcək xəstəni kim müalicə edəcək, icra başçılarımı?!.

Üstəlik Rusiya kanalları Azərbaycandakı real durumdan bəhs edən sujetlərində bizi ələ salır. Qaydaları sevmirik, tərbiyəli, gigiyenik davranmırıq, “Rusiya bazarlarında necədirsə, Bakıda vəziyyət elədir” deyirlər. Bəli, qələt eləyirlər. Amma biz doğurdan da inanmırıq, qorunmuruq, qaydalara uymuruq axı. Xidmət göstərən, postda dayananlar da adamdır. Artıq adamlıqdan çıxır hamı, əsəblər dözmür, xəstələr axın edir xəstəxanaya. Hələ nə qədər evdə müalicə alan var, bunun statistikası belə bəlli deyil.

Əzizlər, onunla da razıyam, “virus var, qorunun”, xəbərdarlığını indi o məmurlar edir ki, sizi bu çağacan, bütün mövzularda aldadıblar, qeydinizə qalmayıblar, bu gün onlar belə doğru deyir. Bu gün Azərbaycan o nağıldakı evi yanan, amma buna kimsə inanmayan çobanın vəziyyətindədir.

Siz, siz olun, inanın. Çünki bu mərəz artıq qonşularımızı, tanıdıqlarımızı aparır. Onları yoluxdurur.

Və yenə də ərazisində yoluxma olmayan rayonlar. Dövlətdən, Operativ Qərəgahdan, yazar, vətəndaş tələbimdir, o bölgələri qoruyun. Nə qədər məktəblər, institut binaları var, Bakıda, zəhmət çəkin, müharibə dövründə olduğu kimi, səhra hospitalları yaradın. Adamlar da durumun ciddiliyinin fərqində olsun. Siz siz olun, xəstəsi olmayan kasıb rayonlara yoluxmiş xəstə göndərməyin. Bu olarsa nə baş verəcəyini LAF TV efirindən də söyləmişəm. Bu dövləti cinayətdir.

Diqqətli olun, özünüz, sevdikləriniz üçün. Tanrı millət və dövlətimizi qorusun!

Jalə Mürəllimova

30.06.2020