YAP yetkilisi, hörmətli Səyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, çox yaxşı xatırladığım, sayğı duyduğum Alqış Musayevdən danışıb. Deyib ki, Alqış layiqli redaktor olub qəzetə. Düz deyir, ondan bu yana həmin qəzetə şəxsən mən niyəsə baxmadım. Əslində səbəbim də var idi.

Alqış Musayev nəylə və niyə getdi, bilirsiniz? Deyim bilin.

“Azadlıq” radiosunda işləyirdim, hər səhər qəzet xülasələrini canlı efirə hazırlayırdım. Səhər saat altıdan efirimizi yığmağa başlayırdıq.

Qəzetlər nəşriyyatdan gəldi, gözümə inanmadım. “Yeni Azərbaycan”da dövlətin mühim kürsüsünü tutan bir nəfərlə bağlı analitik yazı qoyulmuşdu. Yazıda “Azərtac”a istinad var idi. Təbii, yuxarıdan gələn əmr idi. Kim vermirəm deyə bilərdi “Azərtac”a. Əksər hallarda kimsə baxıb redaktə belə eləmirdi. Bu da olay olardı çünki. “Azərtac”ı redaktəmi eləyirsən. İnanıram ki, iki variant var idi. Ya kimsə baxmamışdı gələn məlumatlara, ya da Alqış Musayevin etibar elədiyi bir nəfərə həvalə olunmuşdu ki, bu işi görsün, baş redaktorun vurulması üçün.

Xülasəyə yazını salmamaq qərarına gəldim. Çünki bilirdim ki, bu yazı və radionun efirində gedəcək məlumat, artıq Alqış Musayevə qarşı fakt olacaq. Təxminən bu cür, özü verib, hələ “Azadlıq” radiosunda da verdirib. Artıq bəlli idi ki, adam göndəriləcək.

Elə həmin saatlarda ehtimalımdan biri özünü doğrultdu. Alqış müəllimin redaksiyasından zəng gəldi. Bir nəfər, adını yazmağı lazım bilmirəm, məhz o yazını xülasəyə salmağı rica elədi. Yaxşı dedim, amma salmadım. O anda Alqış Musayevə edə biləcəyim yaxşılıq ancaq bu idi. Ona qarşı faktlardn birinin müəllifi olmamaq. Yaxşı xatırlayıram sonra o yazını “Azərtac”dan da götürdülər. Və az sonra Alqış Musayevi başqa bir-iki şantaj xarakterli xəbəri də tirajlayıb işdən götürdülər. Bunu ilk dəfə dilə gətirirəm. Niyə?
Mən bu qədərini bilirəmsə YAP-da iki, hətta üç bu qədərini bilirlər. Ancaq nədənsə zamanında demirlər məsələləri. Bu qədər ehtiyatlılıq bizə çoxlu sayda adamı itirməklə başa gəlir. İnsanlar dövlətdən, millətdən küsür inciyir, qırağa çəkilir və ləyaqətsizlərə meydan açılır. Deməm o ki, nə qədər çətin olsa da Azərbaycan üçün gərəkli adamları zamanında qorumaq, onlara yaxşı olduqlarını zamanında demək lazımdır.

Jalə Mütəllimova

03.04.2020