…və ya Qarabağa dəstək mitinqindən qorxanlara…

Günlərdir Qarabağa dəstək aksiyasından danışırıq. Daha doğrusu aksiya günü MM-in binasına müəmmalı basqından. Həmin gün orda idim. Çox qəribə bir mənzərə vardı.

Dövlət əhəmiyyətli Milli Məclisin və yaxınlıqdakı AZTV-nin binaları kütləvi tədbir zamanının gərəkdirdiyi qədər güvənli qorunmurdu. Görünür belə bir basqını hesablamırdı kimsə.

Yəni etiraf eləmək lazım ki, o gün ən düzünü təxribatçılar hesablaya bildi. Beləcə, MM-in binasına girildi. Və Qarabağa dəstək aksiyasında qaraguruh qazandı. Nə xalq, nə dövlət, nə də Qarabağ fayda görmədi o gün.

Niyə?

Başsız, sahiblənməyən böyük bir kütləni, bir ziyalı, bir alim, bir şair, hökumət üzvü, yəni kimsə öz idarəçiliyinə götürmədi. Təxribatçılar, bundan çox yaxşı yararlandı. Beləcə, müxalifət də, dövlət baba da, xalq da yenidən bir birinə küsdü.

Indi hamı bir birini qınayır. Əslində qınanmağı haqq edənlər, unudulur. Maraqlıdır, efirlərdən dolu-dolu danışan, xalq, millət, dövlət deyənlər, Qarabağ hayqıranlar harada gizlənmişdi o gecə? O boyda aksiya bir jurnalist, bir polisin çıxışı ilə yadda qaldı. Bir də sabiq DIN rəhbəri, Ramil Usubov əraziyə baxıb getdi, vəssalam!

Sonra isə dövlət başçısının ətrafına informasiya sipəri çəkənlər, xalq yox, təxribatçı idi, dedilər…

Bilmirəm niyə, istədim deyəm ki, əksəriyyəti gənclərdən ibarət aksiyanın qarşısına məsələn, gənclər naziri Azad müəllim niyə çıxmadı?
Istəyirəm deyim ki, hardaydın ya şeyx, bir general, nə qədər şəhid getdi, hardaydın?

Ürəyimdən keçir soruşum ki, noolardı, niyə beşcə dəqiqəlik çıxış etmədin, hörmətli Ramil müəllim?

Hardaydın Anar, Fikrət Qoca, Rəşad Məcid, Aqil Abbasım ?

Akademiyanın onlarca institutu, rəhbəri, məsələn, sabiq nazir Misir Mərdanov haradaydın?
Onca hökumət üzvü, anti-Azərbaycan mövqeyi sərgiləyən KIV-lərin efirindən canlı-canlı o aksiyanı izləyəndə, sizdəmi mənim kimi hönkür-hönkür ağladınız, yazığınız gəldimi ordakı adamlara?

Çox uzatmayım…deyim biləsiniz…

O günki aksiya nə Nardaran olayı idi, nə Ismayıllı. Heç Quba hadisələri də deyildi. Orda nə sosial müavinət davası var idi, nə də ac qarnımı doyur tələbi. Qarabağa dəstək aksiyası idi o gün. O aksiyanı dəstəkləmək lazım idi. Dövlət baba o meydana gələn sizlərədən, ziyalı və dövlət adamlarından eşitməli idi vəziyyəti. O gecə hər şey çox möhtəşəm ola bilərdi. Olmadı! Özünüzü haqlamaq üçün o qədər adama təxribatçı dediniz və isanları mənəvi incitdiniz. Təxribatçı var idi, amma bircə ovuc, siz deyən qədər yox.

***

Indi polis, xalq və dövlət bir birindən sizə görə incikdir. Bu işin əvvəlini nə qura, nə idarə edə bildiniz bəylər. Barı sonunda nəsə edin.

Məsələn, təxribatçıların araşdırılması prosesində ictimai nəzarəti təşkil edin. Günahlı-günahsız kim gəldi saxlanmasın. Bəllidir, ölkədə sakitlikdən yana olmayan tərəflər var. O araşdırmaları aparanlar arasında da belələrinin olması istisna deyil. Heç olmasa təşəbbüsü ələ alın, dövləti, xalqı və mühim bir dövlət qurumunu DIN-i zamanında qoruyun. Amma bu özünüzdə çox ciddi bir nüansdan əminsinizsə mümkün olacaq…

***

…Dostlardan birinin danışdığı olayı xatırlamamaq yerinə düşər bu məqamda.
Deyir, güllədən qorunmaq üçün köhnə təkər yaxşı vasitədir. Bu günlərdə Tovuza xeyli təkər daşıdılar. Amma o boyda təkərin içində mənim diqqətimi cəmi bir təkər çəkmişdi. Uzaq rayondan gələn bir kişi, cəmi bir təkəri təhvil verib, bəlkə bu hansısa əsgəri, güllədən qorudu bala, deyib, getdi…

***

…Indi oturub o kişini və Qarabağa dəstək aksiyasında camaatı başsız, polislə, təxribatçılarla üz-üzə qoyan ziyalı, şair, yazıçı, ağsaqqal, deputat, nazir və məmurları düşünürəm. Siz bir təkəri olsa da, xaraktercə ər olan o adamcan yox idinizmi? Ya da siz o gün Qarabağ, mənim polisim, millətim deyən, onlarla sıravi adamın, ziyalısı, deputatı, məmuru, nə bilim, ağsaqqalı, böyüyü olmağa layiqsinizmi?..

…Mən öz payıma bu sualların cavabını bilirəm və sizi heç nəyə yox, sevdiklərinizə and verirəm, papağınızı qarşınıza qoyub özünüz düşünün. Çox adama deməsəniz də, özünüzə etiraf edin…Bəlkə bu etirafdan sonra nəsə dəyişdi içinizdə. Lap bir damcı, lap bir zərrə…

Jalə Mütəllimova

21.07.2020