Bu mövzuya toxunmağı düşünmürdüm. Qarşıma İsmayıl Şabanov adlı separatçının video görüntüsü çıxmasaydı, müşahidəçi qalmaqdan yana idim. Adam Azərbaycanın cənub bölgəsindən qovulan separatçı Əlikram Hümbətovun kadrıdır. İndi oturub Moskvada, bura ismayıc yollayır. Azərbaycanlı talışlara, o cümlədən Moskvada Azərbaycanla bağlılığı olan etnik millətlərin nümayəndələrinə deyir, bəs, ermənilərin əriyini batmağa qoymayaq. Hələ axçilər satdırıb qurtarmayıb axı. Bu separatçı da bir yandan dəstək verir. Mövzu da gündəmdə olmuşkən, yazmaq gərəkdir dedim. Əvvəlcə qısa bir xatırlatma.

Bir neçə gün öncə, Rusiyada yerləşən, əslən Tovuzdan olan azərbaycanlı İlham Rəhimov və Quba yəhudilərindən, Qod Nisanova məxsus, Şərqi Avropanın ən böyük topdansatış məntəqəsidə, Food City-də, ermənilər ciddi iqtisadi zərbə aldı. Topdan satış etmək üçün məntəqəyə girişləri yasaqlandı. Ermənistanın Rusiyadakı səfirliyinin məsələyə müdaxiləsi də heç bir effekt vermədi.
Bu gün də Rusiya küçələrində ermənilər müəyyənləşdirilmiş yerlərdə, daha çox ruslara havayı ərik paylayır. Bu işdə onlara erməni axçilər sosial şəbəkə üzərindən kömək edir. Ünvanları tirajlayır, çağırış edirlər ki, gəlin əriyimizi pulsuz yeyin.
Sərhəddində atışma gedən ölkənin, Ermənistanın daxilində də bu mövzudan yana ciddi etirazlar var. Bir sözlə, Rusiyada baş verənlər bütün Ermənistanı silkələdi.

Bu, hücum diplomatiyasının tərkibi kimi, XIN rəhbəri Elmar Məmmədyarovu yola salandan sonra, Azərbaycanın vurduğu ən ağır iqtisadi zərbə idi.

Məqam düşmüşkən, diqqətinizə onu da çatdırım ki, Ermənistanın Rusiya bazarlarına girmək üçün birbaşa yolu yoxdur. Yəni o, bunun üçün mütləq tranzit yol seçməlidir. Dünyaya və Rusiyaya qapısı Türkiyə, Iran və Gürsüstandan keçir. Türkiyə zatən yanımızda.
Gürcülərinsə dəfələrlər dəstəyi olub Azərbaycan rəhbərliyi. Bu gün Gürcüstanda Azərbaycana məxsus SOKAR şirkəti qədər güclü, ikinci xarici şirkət və investor yoxdur. Bu, gürcülər üçün hər şeydən əvvəl, onlarla iş yeri deməkdir.

İrana gəlincə, Azərbaycanın Qərblə münasibətində sərinliyin əsas səbəblərdən biri bu ölkədir .

Niyə?

Azərbaycan Qərbin “Cənubi Azərbaycan proyekti” təklifini qonşuluq münasibətləri pozulmasın deyə qəbul etmədi. Bu təklifin qəbul olunacağı təqdirdə əvvəl BMT, sonra NATO “sülhməramlıları” Azərbaycanın Iranla sərhəddinə göndəriləcəkdi. Beləcə Qərb, ən rahat yerdən, Azərbaycandan, İrana istədiyi təzyiqi rahatlıqla həyata keçirəcəkdi.

Deməm o ki, bu cür dost davranışlardan yana, Iran və Gürcüstan da Azərbaycana olan erməni aqressiyasının qarşısına sərt şəkildə çıxmalıdır.

***

İndi gələk separatçı olmasalar da burada, Bakıda məsələni şərh etməyə çalışan, hökumətin “səhvini tutan” qardaş və bacılara, özümüzün hərşeyşünaslarımıza. O bacı və qardaşlara ki, “əşi, hadisə Tovuzda oldu deyə İlham Rəhimov dilləndi, indiyəcən harada idi?”
Yaxşı tutalım İlham müəllimlə bağlı siz deyəndir, bəs qubalı, Qırmızı Qəsəbəli, Qod Nisanov necə, o da tovuzludur? Ümumiyyətlə, bu yerliçilik kirəcini nə zaman yuyacağıq beyinlərimizdən?

Adamlar günlərdir itirilən milyonları, Rusiyadan bu qərarlarına görə ala biləcəkləri əks təzyiqi müsahibələrində özləri şərh edir. Amma bu insanlara bəs etmir. Azərbaycan insanı dövlət və xalq üçün bütün ekstremal hallarda susmağı, dayanmağı bacarmır, nə gəldi danışır. Olmazları anlamır.

Indi sənə bircə sualım var məmləkət adamı. Lap açıq soruşuram, çünki başqa yol yox artıq.

Tutalım Azərbaycan dövləti hər şeyi razılaşdırıb, təşkil edib. Bunula ancaq qürurlanmaq lazım deyilmi?

Bunu əksinə gedəndə noolur sənə?

“Food City”-də icarə qiymətləriylə bağlı məsələni gündəmə gətirməkdə marağın nədir?

Sizcə filankəslər, Moskvadan icazəsiz nəsə edə bilərlərmi deyib, azərbaycanlı iş adamlarının nüfuzunu zərbə altına qoyanda, məsələn, Rusiyanı şişirdəndə, ruslar sizə nə bağışlayır?

Siz hadisələri soyuq başla dəyərləndirməyi nə zaman öyrənəcəksiniz əzizlər?

“Dünya vətəndaşı” ifadəsinin absurd olmasına haçan inanacaqsınız? Niyə başa düşmək istəmirsən ki, hər dövlət öz milli maraqları uğrunda savaşır dünyada?

Rusiyanın təsirindən çıxa bilmirik deyib, millətin mübarizə əzmini qırmağın, mənəvi terror elementi olduğunu haçan anlayacaqsan qardaşım, bacım ?

Nə isə əminəm, bir ideoloji xəttimiz müəyyənləşsə vəziyyət də normala dönəcək.

***

…Həyatımız onsuz da çətindir, gəlin bu ərik olayının özbək “əməliyyatı” tərəfindən danışım sizə, bir az da gülümsəyin.
Deyir bir neçə özbək qardaş, erməni əriyindən qazanmaq istəyib. Ermənidən əriyi ucuz alıb, azərbaycanlılara satırmış. Amma yeşiklərə döşənən erməni qəzetlərini yığışdırmağı unudublar. Bir neçə dəfə, fırıldaqları işə yarasa da sonradan üstü açılıb, sillələniblər.
Deməm o ki, ay əzizlər, gülümsəyə-gülümsəyə həm də bunu düşünün, bizə sillə vurmaq istəmirlər, ey, birdəfəlik yox eləməyi düşünürlər, noolar, gəlin ehriyatlı olaq hər şeydə!

Jalə Mütəllimova

22.07.2020.