Ilk yazımı xatırlayıram. Rayonumuzun, Zərdabın şəhid polisindən, Samir Abdullayevdən yazmışdım. Zərdabda, “Əkinçi” qəzetində çap olundu.

***

Məktəbli idim Samir şəhid olanda. Utana-utana həyətlərinə getmişdim. Anası sərt qadın idi. Samirgil uşaq olanda atalarını itirmişdilər. Hamı deyirdi ki, elə həmin hadisədən sonra o qadını ürəkdən gülən görməyiblər.

Düzü qorxudan qadına yaxınlaşmadım. Onu kənardan xeyli müşahidə elədim. O zaman hər şey başqa cür idi. Cənazə məhlədə yuyular, kəfin-dəfin edilərdi. Anasının yuyacaq yerində hönkürtüsünü eşidib, bacardıqca sürətlə, həm də ağlaya-ağlaya uzaqlaşmışdım ordan…
Samirgil iki qardaş idi. O birinin adı Azər, səhv etmirəmsə. Indi polis orqanlarında çalışır Azər də. Bu gün Samir kimi polislərin, oğulların, hərbiçilərin çiynindədir ölkənin təhlükəsizliyi. Tanrı bütün yaxşılara ömür versin.

Samir haqda yazdığım yazı isə mənə rayonumuzda uğur gətirmişdi. Atama təşəkkür də eləmişdilər rayon rəhbərliyi.

O zamandan sevirəm yazmağı. Telejurnalistika mənə yazmaq qədər maraqlı gəlmədi düzü, baxmayaraq ki, xeyli bu sahədə də çalışdım.
Informasiyanın işlənməsi üçün bütün formatlarda qəzet, radio, agentlik, televiziyada çalışdım. Informasiyanın və informasiya təhlükəsizliyinin nə qədər vacib məsələ olduğunu anladım. Bəzən yoruldum. Amma yaxşı ki, bu peşəni seçdim mən. Yaxşı ki, uğurlu bir məktəb keçdim. Yaxşı ki, ustadlarımdan vətən, millət, dövlət sevgisi öyrənə bildim. Bir də onu bildim ki, sevdiyin peşənin “əkinçisi” olmaq çox əzablı və şərəfli işdir. Səni çox sevirəm PEŞƏM. Nail olduğum hər şeyə məni sən yüksəltdin, sən yerişdirdin. Və mən də sənə heç zaman xəyanət etmədim.

Hər zaman bir devizim oldu. Vicdan bədən üzvümüz deyil, amma o olmayanda insan zəlil görünür. Mən sənin qarşında zəlil deyiləm PEŞƏM! Sevgi dolu “əkinçiyəm”…

… Və bir arzum var. Azərbaycanın ən böyük “əkinçisinin” Həsən Bəy Zərdabinin möhtəşəm ev muzeyi, məzarüstü abidəsi qurulsun bir gün Azərbaycanda.

Indiliksə bütün zəhmətkeş, fədakar, sədaqətli, dövlətçi, millətçi “əkinçiləri” təbrik edirəm…

Möhkəm olun, ən böyük elə sizsiniz!

Jalə Mütəllimova

22.07.2020