Brüsel. NATO qərəgahının yerləşdiyi ölkə. Təhlükəsizlik sistemi güclü olan öncüllərdən biri. Azərbaycanlıları vəhşicəsinə döyüb, təhqir elədilər. Hansı şəraitdə? Dinc akasiya keçirdikləri zaman.

Təbii, hədəfdə həm də yenidən qurulmasına start verilən XIN və diaspora işinin təşkilatçılarıdır. Etiraf etməliyik ki, bu iləcən, Avropada, Amerikada Qarabağla bağlı belə aksiyalar, etirazlar təşkil olunmamışdı. Və bir az da “köhnə azərbaycanlı” kimi düşünüb, deyə bilərik ki, əşi, olan şeydir, kişi döyər də, döyülər də. Zatən illərdir tülki kimi ya kolun, ya da onun-bunun dalından çıxıb, görünən yerimizə şapalaqlamaqdan başqa işi olmayıb dığaların.

***

Mənim üçün o aksiyada bircə epizod təsirli idi. Jurnalist Xatirə Sabirqızının döyülməsi. Ona baxanda elə bildim, Azərbaycanı döyüblər. Xatirə peşəsindən dolayı o aksiyada, “rəsmi Bakı” idi mənim üçün.

***

Avropada oturan “milli ermənilər” bunu yaxşı bilirdi. Və bizi məhz ordan vurdular, “rəsmi Bakıdan”, jurnalist Xatirədən.

Nə qədər ləyaqətsiz olasan ki, müdürünə olan kini, nifrəti, birinin şəkilinə püskürəsən. Xatırladıram, Xatirə Real TV əməkdaşıdır.

Özü də o, söyənin həmcinsi, yəni kişi deyil, qadındır. Məsələnin bir də o tərəfi var ki, kişilik təkcə fizioloji quruluş deyil. Kişilik, əslində həm də xarakterdir. O da ya var, ya yoxdur.

İndi biz, Azərbaycandakı milli media adamları o günə qalmışıq ki, xaraktersiz kişilər qarşımızda meydan sulayır. Məsələn, bir azərbaycanlı qadını, jurnalisti, söyür, təhqir edir, aşağılayır. Dığaları müdafiə edir. Bu fikirlərini də sosial şəbəkələrdə paylaşır. Özünə də Azərbaycanın media adamı, milli media siması, blogeri deyir…

Gələk ona ki, bunu edən sima, Məhəmməd Mirzəli adlı uşaq niyə var? Özü də bəri baxın, malalayıb eləmək lazım deyil, yetər dövlət başçısına uşaq-muşaqdırlar deyə təqdim etdiniz onları. Onlar, bu gün qura bilmədiyiniz media və informasiya işinin önündədirlər. Onları qarşısını hələ ki, heç kim, heç nəylə ala bilmir. Auditoriyasını sahiblənmək mümkünsüzdür. Niyə?

Bir qrup deyir, əşi kimdirlər axı ?

Bir qrup deyir, onlar niyə adam olsun ki?

Bir qrup da deyir pahhh, mən niyə cavab verməliyəm?

Amma hamı da jurnalistdən umur bu mövzuda. Və cəmi bir ovuc adam, qeyri-bərabər informasiya döyüşü aparır Azərbaycan mediasından. Amma axtarsan on min adam var, jurnalistəm deyib, hər cür təminat qazanır.

***

Hər zaman bu qənaətdə olmuşam. Azərbaycan mediası bu sürüyə ona görə uduzur ki, danışdıqları sosial problemləri efirlərə, yazılara daşıya bilmir. Çoxlu maneələr var. Efirdəkilər o mövzuları efirə daşıya bilmir. Efirə daşıya bilənlərə də böyük efir verilmir. Bu işi doğurdan görə biləcək simaların hərəsi bir küncdə, qeyri-peşəkar şəraitdə, imkansızlıqdan fərdi mübarizə yolu tutub, informasiya savaşı aparır, həm ermənilərlə, həm korrupsionerlərlə, həm də rüşvətxorlar və satqınlarla “döyüşür”. Onlar, milli və tənqidçi media adamları, ölkənin media sektorunda, nə işlə təmin olunur, nə də reklam bazarından yararlanıb, işini lazımı səviyyədə qura bilir.

Və nə qədər ki, bu ölkədə müstəqil, tənqidçi mediaya yer verilməyəcək, nə qədər ki, efirlərdən cəsarətli səslər gəlməyəcək, simalar görünməyəcək, bir çox məsələlər ciddi tok-şoularda müzakirə olunmayacaq Məhəmməd Mirzəli hamınızı, hamımızı erməni marağından söyüb sulayacaq. Hamı da ona baxdıqca təkcə ürəyi bulanmayacaq, həm də hirsindən yanıb-töküləcək.

Bəs bu uşaq təkdirmi? Deyil!

Məsələn, “Azad söz” Bakıda beş-üç küçə müxbiri saxlayayır. Indi “Azad söz”dən, “Azadlıq”a transfer olunan Fatimə Mövlamlının simasında. Onlara pul ödənilir ki, hərc-mərcilik salıb, hikkə təbliğ eləsinlər. Sonra da bu sosial şəbəkə media qrupun rəhbəri Tural Sadıqlı adlı biri hər gün efirində “cəbhəçi ovu” deyib, ayın sonu insanları dövlətə qarşı qaldırmağa, meydanlara, küçələrə çıxarmağa çalışır.

Pandamiya, müharibə yaddan çıxıb. Can Azərbaycan, sən nəylə, kimlərlə mübarizədəsən? Səni sevənləri, hər şey cəhənnəm, sənin üçün mübarizəyə belə buraxmırlar. Bu hara, nəyə sığır axı ?

İnformasiya müharibəsi, mübarizəsi, otel işlətimçiliyi deyil, QHT işi deyil, vəkilin oyunu, ya da iki hikkəli kişinin deməyə qorxduğu söz deyil. Bu ölkələrin, dövlətlərin milli təhlükəsizlik işidir. Bir informasiya, bir dövlətin və ya siyasət adamının bütün həyatını həll edə biləcək gücə sahibdir.

Gələk “Azad söz” ün kütləvi aksiya tələbinə.

Qətiyyən həbslərdən yana deyiləm. Ona görə yox ki, cinayətkar cəzasız qalsın. Yaxşı bir tədbiri dövlət əleyhinə çevirən, xalqı dünya qarşısındə tərbiyəsiz və vəhşi kütlə kimi təqdim etməyə çalışanların hamısı ən ağır formada cəzalandırılmalıdır.

Demək istədiyim odur ki, başqa versiyalar var. Məsələn, o gün MM-in binasına adamları ona görə saldılar ki, guya içəridə kimlərsə xalqı gözləyir. Yəni insanların bir qismi aldadılmışdı.

Bu üzdən, lap elə bu yazıdan təklif edirəm, prosesə bir ictimai nəzarət olsun. Ziyalılar, deputatlardan ibarət qrup araşdırmada hüquq-müahfizə orqanlarına kömək etsinlər.

Əmin olun bu edilsə “Azad söz”ün əlindən bu mövzunu almış olacağıq. Bəli, başqa variant düşünəcəklər. Biz də başqa bir variant təklif edəcəyik. Beləcə mütləq yorulacaqlar. Çünki bu psixoloji presinqə dözmək üçün uzağı yarım saatlıq canları var.

Döyülən həmkarımdan başladım, bir çox mətləblərə toxundum. Bircə məqsədim var döyülən “Rəsmi Bakı”- milli media xilas olsun. Onsuz olmaz, heç olmaz, heç kəs olmaz. Bu çox dəqiqdir!..

Jalə Mütəllimova