“Nəcməddin Sadıkov türk ordusu ilə birgə təlimlərə görə hamını təhqir edib. Bir həftə əvvəl Müdafiə Nazirliyində əməliyyat müşavirəsi olub, N.Sadıkov üzünü müşavirə iştirakçılarına tutub, deyib: “Türklərin gəlməsinə nə çox sevinirsiz, bəlkə arvadlarınızı da aparıb onlara verəsiniz?”. Bu sözlərə görə cəmi iki zabit etiraz edib, qalanı susub. O, bütün Azərbaycan kişilərini, ilk növbədə, belə çıxır ki, Türkiyə ordusunun bura gəlməsinə icazə verənləri də təhqir edib”. Bunu mühacir TV-lərdən birini idarə edən, “Azadlıq” qəzitinin keçmiş baş redaktorlarından, Qənimət Zahid yazır. O Qənimət ki, istedadı danılmaz, əməlləri qəbuledilməz!

***
Gələk tədbirə, əslində dəqiq deyil, belə bir toplantı olub, ya yox? Hətta olubsa, o da dəqiq deyil, bu fikir doğurdan da səslnib, ya yox? Yəni məlumat həqiqət də, “fake”də ola bilər, sözüm ona deyil. Sözüm o da deyil ki, gəlin N.Sadıkovu müdafiə edək. Çünki Azərbaycan ordusunda illər öncə gördüklərimizi görüb, yazdıqlarımızı yazmışıq. İndi də yazmaqdayıq. Bu proseslərdə N.Sadıkovun adının hallanmasını isə təsadüf hesab etməyənlərdənəm. Bir təsadüf, bir səhvdən sonra edilən hər şey, bilərəkdən edilmiş sayılır. Mənim yox, dünya psixoloqlarının qənaəti belədir. Və həqiqətə son dərəcə yaxın yanaşmadır.

Ayrıca, MN-in strateji dövlət qurumu olduğunu da anlayırıq, bizi düşmənin oxuduğunu da bilirik. Çoxlarından fərqli olaraq, ölkənin müharibə vəziyyətində olduğunu da ağlımız kəsir.

Amma və lakin maraqlıdır, görəsən, milli medianın, informasiya siyasətinin və onun yönləndirilməsi istiqamətində ölkədəki vəziyyətin nə yerdə olduğunu dəqiq nə qədər adam bilir? Və onların ən yuxarı xəbər-hesabat ötürmə imkanları lazımi qədərdirmi? Bax, sual budur. Sual bir də odur ki, ölkədə, ən dar çərçivədə, ikli görüşlərdə olan söhbətlər, müzakirələr, buradan Fransaya, Avropaya necə və niyə sızdırılır? Bu xəbərləri burada ictimailəşdirmək olmazmı? Hətta olarsa, niyə sərfəli deyil?

***

…Əslində bu prosesə start dosxanların sonundan verildi. Azərbaycan milli mediasında kağız qıtlığı, tuthatut, döyhadöy, şəxsi, intim həyatların mətbuat üzərindən tirajlanmasından. İstisnasız, hər kəsin bu prosesdə könüllü və ya məcburi rolu oldu. Hətta Qənimətin özünün də.

Birinin intimini, özəlini açdılar!

Birini döyüdürüb, qol-qıçını qırdırdılar!

Birini lüt videosunu çəkib, şantaj elədilər!

Birini tutdurdular!

Bu biabırçı qara piar və gözdənsalmadan sonra daha dəhşətli “hücum” oldu. Başladı o mərhələ ki, təkcə jurnalistlərin yox, həm də məmurların intimləri tirajlandı. Deputatından başlamış, üzüyuxarı, hər kəsin. Baxmayaraq şəxsi, özəl, intim həyat iki nəfərə aid münasibətdir. Ora istənilən müdaxilə, yəni üçüncü adamın ortada görünməsi, üzr istəyirəm, başqasının alt paltarı ilə əlləşməkdir. Bu insanlıq standartı olan adam yaraşmaz. Amma Azərbaycanda edildi, üstəlik, vətəndaşlar da bu mövzulara baxmağa, analiz etməyə məcbur buraxıldı. İndi bu mövzuda vətəndaş KİV-lərdən daha yaxşı “işləyir” ki, bu da ayrı utancverici mövzudur. Və artıq KİV-lər əks mövqe ortaya qoysa da bu prosesin qarşısını ala bilmir. Vəziyyət idarəolunmazlığa doğru gedir, həm də sürətlə.

Ədalətli yanaşma budur ki, biz, dövlətli, medialı bir birimizə böyük pislik elədik. Çünki intimlərdən dolayı ortada yaranan bu qovğada başımız özümüzə qarışdı, məsələn, mühacir mediası, anti-Azərbaycan mövqeli media, küçə uşaqlarının, “frilans” işləyib, bəzən də pul qazanmaq üçün “aksiya” təşkil edən, aksiya yeri “satanlar”, səs-küy, qalmaqal, salanlar, bir sözlə “xəbərçilik” mediası formalaşdı. Bəli, meianın, jurnalistin bir işi də xəbərçilikdir, amma bu xəbərçi-lik etmək demək deyil. Xəbəri işləyib, peşəkar həddə ictimai müzakirəyə ötürməkdir. İndi xəbər alverçilərinnə yeni ad qoyublar, vətəndaş mediası. Haradan gəldilər, hansı media quruluşunda yetişdilər, hansı ali təhsil, hətta orta təhsil alıblar, bəlli deyil. Bir o bəlli dir ki, dövlət və məhv edilmiş milli medianın intim qovğasından törəyənlər, yəni mənəvi “biclərdir” onların bir xeylisi.

Bəs bu proses indi hansı mərhələdədir? Xəbərçilərin “biznesi” böyüyüb. Artıq iç məlumatları, siyasi yükü olan, bəzən dövlət əhəmiyyətli özəl söhbətləri satır və tirajlayırlar. Bəs dövləti onlardan qorumağa çalışanlar varmı? Ziyalı, deputat, ictimai xadim olaraq…Çox az bir miqdarda güc bu abırsız qüvvələrlə döyüşür. Bu gün dövlətini qorumağa çalışan, onun müdafiəsində duran, heç bir siyasi qruplaşmaya yönəlməyənlər TERRORLA üz-üzədir. Ona görə TERRORu dırnaqda yazmadım ki, bu kütləvi cinayət aktı təkcə silahla olmur, həm də mənəvi, yəni sözlə, söyüşlə olur:

-Sosial şəbəkə terroru;

-Söyüş terroru;

-İnformasiya terroru;

-Fake xəbər terroru.

Bunların hər biri soyuq müharibə elementidir. Bu gün Azərbaycanı sevən hər kəs bu qovğanın tən ortasındadır. Hər tərəfdən mühasirədədir. Və maraqlı olanı budur ki, bu soyuq müharibəni başladanlar çox qorxulu yol tutublar. Heç yerdə rəsmi qeydiyyatdan keçməyən, yerli KİV-in işıqlandırmadığı, tabu olan mövzuları əldə bayraq edərək, küçədə formalaşdırdıqları “reportyorlardan”, xaql mediası düzəldirlər. Yəni xalqı özünə, dövlətə inanmağa yox, küçədə danışanlara inanmağa yönəldirlər. Küçəyə yönəldirlər. Yeri gəlmişkən, diqqəti bir məqama yönəltmək istərdim. Son iki ildə Azərbaycan Prezidenti islahat, düzgün məlumatlandırma, vətəndaşa xidmət etmə, ədalət, vicdan, büdcə talançılığı, rüşvətxorluq, korrupsiya hallarına qalrı sərt çıxışlar edir. Bu çıxışların cüzi bir hissəsi belə TV-lərə çıxarılmır. Hətta dövlət başçısının tənqidindən sonra belə son dərəcə ciddi mövzular və oleqarx sayılan adlara qarşı addımlar atılmır. Prezidentin çıxışlarındakı tezislər, məlumatlarla bağlı bir cümlə də olsa araşdırma materialları verilmir. Belə olan halda təbii ki, mövzu mühacir media və onun Bakıdakı “gücləri” üçün yaxşı xammal olur və ölkəyə qarşı qara piar alətinə çevrilir.
Gələk o məqama ki, xalq onlar dinləyib ardlarıyca getməkdə maraqlıdırmı? Məcburən, bəli. Niyə? Ona görə ki, xalqı dinləyən yoxdur! Onun maariflənməsi üçün addım atan, yoxdur! Hər şey malalanmış, ütülənmiş formatda təqdim olunur. Xalq isə bu formatı, çoxdandır “yemir”. Yenə də niyə? Ona görə ki, dövlət adından danışanlara inanmaq limiti bitib.

***

Bir sözlə doxsanlardan başlayan bu faciəli yolçuluq, dövlət faciəsi həddinə çathaçatdadır. Onu durdurmağa acil ehtiyac var. Fərz edin ki, o küçə mediasının uşaqları kamikadzelərdir, əllərində hər an partlamaya hazır bomba, üzü dövlətə sarı gəlirlər. Bir “tuşa bas”, komandası verilməsini gözləyirlər. O komanda, bu gün də verilə bilər, beş gün sonra da. Verilməyəcəyinə ümidlənməyin, mütləq veriləcək. Acil addımların əsl məqamıdır.

Məsələn, Milli Məclisdə məsələ qaldırmaq mümkündür. KİV-haqqında qanuna dəyişikliklər də etmək olar.
Qeydiyyatdan keçməyən mühacir mediasının mikrafonları Azərbaycanda fəaliyyət göstərməməlidir demirəm, niyə qeydiyyatdan keçmirlər deyirəm?!

Onlara hansı hesablardan, necə köşürülür qonorarlar?!

O mühacir media quruluşları ölkədə fəaliyyətlərinə görə dövlətin vergisini verir, ya yox?!

Bir də hər zaman söylədiyim kimi, həmin media quruluşlarını canları yerli KİV-in qaçdığı mövzulardır. Həmin mövuzular yerli KİV-lərin efirinə danışmalıdır.

Hə, elitar siyasilər deyə bilər ki, hay-küylü, məişət problemlərini niyə efirə daşıyaq ki? Hələ ola bilsin ardıyca bir “padumayeş” də söyləsinlər.

…İndi deyəcəklərimi məhz siz dinləyin cənablar.

Elitar olmaq təkcə o demək deyil ki, zəngin ailənin, zəngin bəbələri siyasət, vəzifə adamı olur. Sonra da komanda daxili siyasət-siyasət oynayır. Elitar adam öncə özünün, sonra, məhəlləsinin, sonra kəndinin sonra şəhərinin, sonra da ölkəsinin özünə oxşamasına çalışar. Ya da ona heç olmasa bir səliqəli mühit yaradar. Bu üstünlük çoxunuzda yoxdur. Bəs nə var?
Bu gün Azərbaycanda ən xırda məmurla bağlı yazılan tənqid də rüşvətə yol açır. Hədəylə nəticələnir, yazı sildirmə “əməliyyatları” ilə müşahidə olunur. Ona görə həmin mövzuları insanlar “islahata” məruz qoyduğunuz milli mediaya təqdim eləmir. Məhz mühacirlərə həvalə edir. Yəni siz özünüz belə o məhz onlara baxmağa məcbursunuz.

Ancaq zamanında Azərbaycan tv-lərinin məhz o problemlərdə bəhs etsə, gecə efirə versə də, teleməkanin ən reytinqli verlişini etmək imkanları olub. İnsanların yataq otağına aid yox, çeşidlənmiş ictimai yükü və dövləti əhəmiyyəti olan problemlərini işıqlandırılmasından söhbət gedir. Təbii ki, bu böyük risk idi həm də. Bu gün Azərbaycanda məhz bunu etmək vacibdir, şərtdir. Bircə layihə başlansa, mühacir TV-lərin aqibətini hər kəs görəcək. Bu millətə, dövlətə böyük xidmətdir. Vətəndaşla dövlət arasında körpü olmaqdır. Vətəndaşa dövlət gücünü göstərməkdir. Üstəlik mühacir tv-ləri reytinqdən salmaqdır. Amma bunu üçün cəsarət və durmadan işləmək lazım. Bacaran varmı? Bu meydan, bu da şeytan deyək!..

Jalə Mütəllimova

11.08.2020.