Vitse-spiker Adil Aliyev deyib ki, qardaşı Məhərrəm Əliyevin işdən uzaqlaşdırılması planı Ramiz Mehtiyevin otağında hazırlanıb.

Son çıxışında isə özünə sərt münasibətin kökünü arayır akademik. Deyir, “sizə neynəmişəm?..”
…Ilk yada düşənləri deyəcəyəm:

O boyda Bahəddin Həziyevin başına gətirilməyən qalmadı bu ölkədə Ramiz müəllim. Adamı yerə yıxıb, ayağı üzərindən maşınla keçidilər. Sönra döyüb yol kənarına atdılar. Ölümlərdən döndü. Xəstəxanada da öldürülməsi təhlükəsi var idi, bilənlər bilir. Ola bilər təşkilatçı başqa idi, niyə göz yumdunuz o olaylara? Doxsanlarda üzdə olan qəzetlərə çap kağızı problemi yaşadırdınız, çap olunmasınlar deyə. Ildırımzadəniz vardı, senzurası axırımıza çıxırdı. Doxsanlarda, Xəqani-33-də bizi kollektivcə həbs etdirmişdiniz. Xatırlayıram, qəzeti çapa “padvaldan” çıxarıb apardılar. Siz Rauf Arifoğlundan terrorçu düzəltdirirdiniz. Ibrahim Məmmədovun iki il, iki kvadratlıq otaqda otuzdurulub, dörd divra baxdığını da bilməmisiniz, eləmi? Adamın evinə təcili yardım maşınını girməyə qoymayıblar, istefa ərizəsini yazdırmaq üçün. Siz, Rauf Talışınskini yerlə bir edənlərin kimliyini də bilmirdiniz, elədimi? “Yeni Musavat”dan Kamilə yaşadılanlardan xəbərininiz yox idi. Elbəyi Həsənli kimi media adamı niyə məmləkətdən baş aldı qaçdı? Azər Əhmədovla, Qənimət Zahidin biabırçı intim həyatlarını tirajlamaqdan nə zövq alırdınız? Bu adamları dövlətə bəlkə mən düşmən elədim. Xədicə Ismayıldan tiran düzəltməklə, ölkəyə bir mediatik düşmən qazandırmaq, nə işinizə yaradı? Onlarla jurnalist, Şahnaz Bəylərqızı, Səadət Akifqızı, Fəxri Uğurlu, Hikmət Sabiroğlu, Surxay Həsənli, Azər Qaraçənli hanı indi? Vəli Əkbəri, Məshiti Şərifi hanı medianın? Lalə Əliyeva kimi mədəniyyət yazarı niyə yoxdu ortalıqda? Rauf Mirqədirov ölkədə az sayda rusdilli analitik beyinlərdən idi, tutuldu, çıxan kimi baş götürüb qaçdı mühacirətə, niyə? Hanı Çingiz Sultansoy? Fainə Hənifəyava niyə sıradan çıxdı jurnalist olaraq? Bu başları kim yeyib, mənmi, dədəmmi, babammı? Günüz Tahirli kimi baş redaktoru iş ad amı kimi uzaqlaşdırdınız. Ailəsiyə birgə köçdü ölkədən, Sabir yadigarı. Ondan iş adamı, inşaatçı yox, media maqnatı düzəltmək lazım idi. Nə də olsa Sabirin nəvəsidir, qanı geni çox səhvlərdən döndürərdi. Ceyhun Musaoğlu kimi yazar bu xaraba məmləkətdə iş tapa bilmir, niyə? Zöhrab kimi müxbiri, Şövqü kimi yazarı, Zöhrab, Samir Ismayıl kimi iqtisadi yazarları vardı məmləkətin, Nuranisi vardı, indi ara sıra gözə dəyir, hanı bunlar. Bütün ciddi, abırlı, əxlaqlı, mənəviyyatlı yazarları kim diksindirdi bu peşədən, bu ölkədən, bu dövlət və hakimiyyətdən? Bəlkə mən? Siz, bizim qanımızı içmisiniz Ramiz müəllim, siz bizi biçib qırmısınız. Hələ mən öz yaşantılarımı demirəm. Adını sadaladığım hər kəs daxil, elə mən özüm də bu qədər mənəvi-psixoloji sarsıntıdan sonra sizi söymrük. Hər yerdə işdən qovdurmusunuz məni. Biri deyib sənin kim tapşırsa da ev almayacaqsan çıx get. O biri deyib maliyəmi azaldırlar, çıx get. Başqa birinə də xəbər yollayıblar ki, onu ordan rədd eləyin. Birində də yanıma birini yolladılar ki, ağıllı ol, Təfəkkür Universiteti ilə işin yoxdur. Mən sizlərə az qala yalvarmışam, işləməyimə mane olmayın deyə. Bəs mən, anası tibb bacısı, atası sıravi bir iş adamı ola, rayondan şəhərə oxuyub, işləyib, dövlətinə, millətinə, ailəsinə, peşəsinə əxlaqla, sədaqətlə xidmət etməyi arzulayan bir qadın, xanım, nə pislik etmişdim? Hansı əxlaqsızlıqlarım var idi qarşınızda? Istisnasız bir camiəyə əxlaqsız deyəndə düşünmədiniz ki, özünü təmiz, dövlətçi, millətçi, əxlaqlı saxlasın deyə min əzaba dözənlərə camur atırsınız. Mənim kimilər sizi əfv edər, amma “vurulan” kimi xatırladığınız Allah bağışlamayacaq axı. Bizə “sizə neyləmişəm? ” sualını niyə verirsiniz axı? Niyə təhqir edib əzməyə, üstə çıxmağa çalışırsınız? Bizim günahımız nə idi axı? Aşağılamalarınıza faktlarla cavab veririk. Niyə? Məsələn mən Nəcəf bəydən, Hikmətdən, Ibrahimdən, Bahəddindən peşə etikası, peşə əxlaqı dərsləri almışam. Mən söyə, təhqir edə bilmirəm. Yenə də ağ saçınıza, yaşınıza sayğı duyuram. Həyatına bais olduqlarınız çoxdur Ramiz müəllim, Allah haqqı çoxdur. Hami sizdən qorxub, heç kim sizi sevməyib. Nə insan, nə kadr olaraq. Çox adam bu günü gözləyib. Enişinizi, gedişinizi. Hamının ürəyində “bir dayaaan” dediyi yeganə adamsınız bəlkə də Azərbaycanda. Hətta dövləti xidmətlərinizi nəzərə də almaq olmur. Niyə, niyə müəllim, bax bu sadaladığım işləri, corabları başımıza hörməyə niyə yol verdiniz? Bu qədər itən, düşmən cəbhəyə keçən, məhv edilən, rəzil edilən media adamlarına niyə göz yumdunuz axı? Biz sizə neynəmişdik?..

…Və bəzən fəlakətlər həyatımıza insan formasında gəlir, Ramiz müəllim, siz bizim nəslin o fəlakət adamı idiniz…

Jalə Mütəllimova

03.09.2020.