Tofiq Yaqubluya azadlıq aksiyasında diqqətimi bir-iki nüans çəkdi. Bir qismini artıq diqqətinə təqdim etdim əziz oxucu. Bu qismini Azərbaycan mediasında illərdir fəaliyyət göstərən biri kimi Prezident Adminstrasiyasına, Mətbuat Şurasına, Daxili İlər Nazirliyinə, Təhlükəsizlik Xidmətinə müraciət kimi də başa düşə bilərsiniz. Bu aksiyada yağışdan sonra göbələk kimi artan “media adamları” MŞ-nin xüsusi formalarında gəzirdi. Adamları qızışdırır, polislə dava edirdilər.

Bunlar kimdir? Mühacir mediasımı? Hansınındır, kimə işləyir, hara material yollayır, ofisi haradadır, qeydiyyatdan keçibmi, fəaliyyəti leqaldırmı?

Bu sualları Azərbaycanın müvafiq dövlət qurumları niyə araşdırmır. Mən illərdir ölkə mediasında külüng döyürəm, bircə təhlükəsizlik jiletim, bir vəsiqəm, belə yoxdur. Yəni bu gün aksiyaya çıxsam polis məni saxlasa, heç nə deyə bilmərəm. Əminəm bu “göbələklərin” arxasıyca gəzən ciddi rütbəli rəislərdən biri də müdafiəmə qalxmaz. Amma yenə də şükürlər olsun, təvazökarlıqdan uzaq olsa da getdiyimiz yerlərdə imzamızdan tanınırıq. Amma və lakin, niyə mən imzamdan, o ilk baxışdan, geyimindən tanınır. Bu nə qədər ədalətlidir, vicdanlıdır? Əlimizdən alınan rəsmi ada, rəsmi geyimə, rəsmi statusa kim sahib çıxıb? Kimdir bu sahib çıxanlar? Hara, kimə qulluq edirlər? Harada, hansı kabinetlərdə otururlar? Niyə bir dövlət qurumu bu faktı araşdırmır? Nəyi gözləyirsiniz? Niyə gözləyirsiniz? Kimdən çəkinirsiniz?

Lazımdır, qanunvericiliyi dəyişin!

Lazımdır, tədbir görün!

Yəni necəsə ölü nöqtədən bir hərəkətlilik hiss olunsun. Bu sahədə ölkədə kadrlar yoxdur deməyin. Deyin ki, biz lazım bilmirik lazım olanları təqdim etməyə. Çünki görmədiyimiz çoxlu sayda işi görəcəklər və sual ortaya çıxacaq ki, bu çağa qədər digərləri nəylə məşğul olub?

Nəhayət ki, dövlətin informasiya işinin formatı, mexanizmi bilinməlidir. Hə, olar deyərsiniz ki, saxta çoxaldılıb bu jiletlər. Bunun özü ayrıca cinayət faktıdır. Mətbuat Şuramız var bu işlə məşğul olmalı. Araşdırsın, harada, kim çoxaldıb, bu küçə jurnalistlərini? Bu geyimləri haradan, necə əldə eləyiblər?

Qərar verin, ayağa qalxın və hərəkətə keçin. Bir məmləkətin aqibətinin necə olması həm də onun dördüncü hakimiyyətinin vəziyyətinə ciddi şəkildə bağlıdır. Dördüncü hakimiyyətin bərbadlığı digər hakimiyyət qollarının da durumunu ağırlaşdırır. Mətbuat düzəlməsə ölkədə heç bir sahə düzəlməyəcək. Bu birmənalıdır. Bunu mətbuatı bu günə salanlar çox gözəl bilirdi. Ona görə elə ordan, başladılar, dördüncü hakimiyyətin məhvindən.

İndi siz, siz olun, yarıda qalan bu dağıdıcılıq ənənəsinin dayandırılmasına başlayın. Həm də çox sürətlə. Yoxsa görünən bu ki, kimlərsə gedib, kimlərsə gəlib, dəyişən ancaq görüntüdür, dağıdıcılıq ənənəsi qalıb. Çünki ölkədə ideoloji xətt bu olub, insanlar, hətta fərqli düşünən beyindir dediyimiz insanlar belə bu xətt üzrə tərbiyə alıb. Biz hamılıqla standartdan çıxmalıyıq, çıxa bilmirik. İndilik, ənənələr qalır və təcili dayandırılmalı bir proses bəlli yolda davam edir, dayanmır. Bu son dərəcə təhlükəlidir…

Jalə Mütəllimova

10.09.2020