Ölkədə medianın vəziyyətindən dolayı qərarlar ləngiyir. Hətta o qədər soyuqqanlılıq duyulur ki, elə bil bu son dərəcə vacib və bərbad gündə olan sektor artıq lazımsızdır. Bu əslində həm də hirsdir. Bəs bu hirsin kökündə nə durur?

Dövlət medianın inkişafı, informasiya siyasəti, ideoloji xəttin düzgün qurulması üçün uzun illərdir xeyli vəsait ayırıb. Xeyli vəsait deyəndə ki, milyonlar. O milyonların bir qismi ilə yeni xəbər şirkətləri qurulub. Bir qismi özünü brendləşdirmiş media quruluşlarına maliyyə dəstəyi edilib. Bir qismi də islah edilməsi çətin olan media quruluşlarının “vurulmasına” yönəlib.

Uzun müddət dövlətə belə hesabat verilib ki, proses necə lazımdırsa, o cür gedir. Əslində proses də gedib də, idarə olunub da. Amma dövlətə yox, fərdlərə sərf edən və lazım olan kimi. Dövlət, media, cəmiyyət üçün yox.
Etibar olunanlar, etimad göstərilənlər ümidləri doğrultmayıb. Buna, ölkənin və medianın bu günü çox aydın nümunədir. Odur ki, dövlət bu sektoru idarə edənlərə də, media quruluşu rəhərlərinə də, haqlı olaraq acıqlıdır. Axı heç kim xərclədiklərinin hesabatını verə bilmir dövlətə. Bu bir yana dursun, heç kim təşəbbüslə çıxış etmək istəmir. Heç kim sektorla bağlı yeni layihəsini dövlətə təqdim etmir. Yəni proses köhnə ideoloji xəttlə davam edir. Dəyişən bir şey yoxdur.

Diqqət edilsə çox aydın görünür. Azərbaycanın media sektorunda, İran da, sevgili Türkiyə də, Rusiya, Avropa və Qərb meyillilər, mühacir mediası, söyüş mediası belə var. Özünün media sektorunda bircə Azərbaycan yoxdur. Bu təsadüfdürmü? Əsla!

Azərbaycan dövləti öz vəsaiti ilə, özünün media sektorunda “oyundan kənar” qalıb. Barmaqla sayılacaq media quruluşları var ki, məhz Azərbaycan dövlətinə, xalqına çalışır. Bu artıq nəticədir.

Bu nəticəni illər öncə görürdü ölkənin media adamları və qurluşları. Problemləri Azərbaycan jurnalistləri ölkədə çap mediasına kağız problemi yaradılanda, iqtisadi presinqlər başlayanda, jurnalistlər fiziki zorakılıqla üzləşəndə, qəzetlər senzuraya məruz qalanda, xarici qrantlar qadağan olunanda (yeri gəlmişkən, indi ölkəyə buraxılmayan o qrantlar Azərbaycana qarşı istifadə olunur. Radikal güclərə, mühacir TV və siyasət adamlarına-J.M), reklam bazarları bağlananda, jurnalistlər aylarla maaşsız qalanda, onlara qalaq-qalaq cinayət işləri açılanda, prokurorluqda, polisdə gözləri qorxudulanda, ölkə jurnalistləri küçələrə çıxıb etiraz edərək bildirirdilər. Sonra bundan da məhrum qaldıq. Həmrəyliyimiz əlimizdən alındı. Əksəriyyəti tək-tək satın aldılar, nüfuzdan saldılar.
Yəni lütfən, dövlət başçısına edilən məruzələrdə bunu nəzərə alın cənablar, dövlətin media siyasətinin səfasını onda da, indi də başqaları yaşayıb. Yükü hər zaman sıravilər çəkib. İndi bu sektorun başsızlığı məhz o kateqoriyay əziyyət verir, sıravi, fədakar jurnalistlərə.

Etimad göstərilənlər, etimadı doğrultmayıblarsa, həmin kateqoriya neyləsin bəs?

Bu ona bənzəyir ki, bir binanın əlli evinin on sakini işıq pulunu ödəmir deyə bütöv binada işığı söndürüblər. Bu qaranlıqda təkcə günahsızlar boğulmur, həm də məhv olub, qaçırlar ölkədən. Niyəsə düşünürəm ki, gün gələcək Azərbaycanda yaxşı adamların, peşəkarların “Qırmızı Kitabı” yaradılacaq, amma orada bircə azərbaycnlı imza da olmayacaq. Təxminən belə olacaq imzalar: Rusiya, Avropa, Qərb bir də İran, vəssalam!..

Jalə Mütəllimova

14.09.2020.