Nasir Məmmədov. Bu ad sizə tanış ola da bilər, olmaya da. Tanımayanlar üşün deyim ki, Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkilidir. Ancaq haqqında məlumat axtarsam, bir müsahibəsini oxumaq istəsən də heç nəyə rast gələ bilmədim. Daha dəqiqi dövlət, millət üçün əhəmiyyətli nəyəsə rast gəlmədim.Yaxın oturun, öyrəndiklərimi uzun çək-çevirdən sonra sizlərlə də bölüşmək istəyirəm. Görün dövlətinizin bünövrəsini necə və haralardan qazıyırlar?
Azərbaycan qırx dörd gün VƏTƏN, Qarabağ savaşı apardı. Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili N.Məmmədov elə bir dövlətdə diplomatik görəvdə idi ki, bu savaşın ilk anından sonunacan adı çəkilirdi. Yəni o, bu müharibənin informasiya savaşının tam içində olmalı diplomatlardan idi. Olmadı!
Azərbaycanın İraqdakı diplomatik nümayəndəliyi cəmi üç nəfərdən ibarətdir. Müvəqqəti işlər vəkili və daha iki nəfər. Buna baxmayaraq onlar, aylığı 15.000 ABŞ dolları məbləğində ofis arenda edib. Bəli, bu pristijdir, amma hansı diplomat üçün? O diplomat ki, adı gələndə dövlətinə xidmətlərini gözüyumulu sadalamaq olar. Təbii az olsa da Azərbaycanın belə diplomatları da var. Ancaq onlar daha sadə həyatlara üstünlük verirlər.
Qayıdaq 15.000-lik ofisə. Yəqin çoxları düşünər ki, qeyd olunan məbləğdə aylığı olan ofis həm də mənzillidir. Yox, dövləti üçün lazım olan xidməti göstərməyən diplomat ofisin yerləşdiyi, Bagdadin “Yashil zonasin”da, ”Babil” oteldə xüsusi nömrə kirayələyib ki, oranın da məsrəfi başqadır. Bu da sirr deyil ki, məsrəflər Azərbaycan dövlətinin hesabına ödənilir. Ayrıca müvəqqəti işlər vəkili bu məbləği aidiyyatı idarələrdən nə XİN, nə də Maliyyə Nazirliyi ilə razılaşdırıb. Sadəcə belə etdiyini və ödəniləcək məbləği bildirib. Bəs belə “xüsusi statuslu” diplomat 44 günlük vətən müharibəsində nə işlər görməli idi?
Ermənistan Dağlıq Qarabağ savaşında iştirak etmələri üçün İraqdan terror qruplarını Şuşaya yerləşdirirdi. Bu məlumatlar hələ Tovuzda bir neçə günlük savaş başladığı günlərdən bəlli idi. Hətta bu barədə Türkiyənin “Anadolu” agentliyi türk kəşfiyyatının məlumatına istinadən yazırdı ki, terrorçular əsasən PKK-çılardır. Onlara Azərbaycanın hərbi forması geyindiriləcək. Döyüşlərdə öldürüldükləri halda isə dünya KİV-lərinə və ictimai rəyinə, “Azərbaycan terrorçu döyüşçülərdən istifadə edir. Terrorçuların meyitləri əlimizdədir kimi” mesajlar verib, qara piar təşkil edəcəklər.
***
44 günlük vətən savaşında Azərbaycan ordusunun əsgərləri tərəfindən əsir götürülən erməni hərbçi Albert Mikayelyan bununla bağlı müsahibəsində bildirirdi ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlulara hər ay 600 ABŞ dolları məbləğinda maaş verilir. Onlar daha çox İraq ərazisində hazırlıq keçir və Azərbaycana ötürülür.
***
Bu haqda yenə də Türkiyə KİV-ləri yazır ki, PKK Ermənistanın xidmətinə İraq üzərindən 15 min terrorçu göndərməyi təklif edib. Bu rəqəmin haradan əldə olunması barədə də məlumatlar mövcuddur. Məlumatı türk kəşfiyyatı, İraqdan, terrorçuların əsas bazasındakı mənbələrindən alıb. “PKK ilə Ermənistan arasında 2020-ci ilin iyunundan bu istiqamətdə danışıqlar gedib”.
***
Almaniyanın nüfuzlu “freitag.de” informasiya-analitik portalında siyasi icmalçı Mark Lambsdorfun “PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqaləsində yazır:
-Ermənistan tərəfindən Suriya və İraqdan Kürd İşçi Partiyasının terrorçularının Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qarabağ regionuna gətirilməsi barədə həyəcanlı xəbərlər var. Livandan, Suriya və İraqdan olan erməni mənşəli köçkünlərin işğal edilmiş torpaqlarda qeyri-qanuni məskunlaşdırılması yolu ilə demoqrafik mənzərənin süni şəkildə dəyişdirilməsi bir məsələdirsə, ABŞ və Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısı tərəfindən terror təşkilatı kimi tanınmış təşkilatın silahlılarının həmin əraziyə gətirilməsi tamam başqa məsələdir.
Müəllif yazır, Ermənistan PKK-nın İraqdakı dayaq nöqtəsi olan Süleymaniyyə şəhərindən yüzlərlə silahlı terrorçunun işğal edilmiş Dağlıq Qarabağ regionuna göndərilməsini təmin edə bilib. PKK-nın Suriya cinahı hesab edilən YPG qrupunun silahlıları Suriyanın Qamışlı regionundan Dağlıq Qarabağa göndərilib, İraqın Ərbil şəhərinin cənubunda yerləşən Məxmur bazasında dislokasiya edilmiş PKK/YPG qrupu isə əvvəlcə Hizbullahın Bağdaddakı qərargahına aparılıb, sonra isə oradan Dağlıq Qarabağa gətirilib.
***
Bütün dünya, Azərbaycanı sevən, sevməyən hər kəs PKK və İraq mövzusunun Dağlıq Qarabağdakı savaş müddətində vacib məqam olduğunu dilə gətirir. 44 gün ərzində hər kəsin danışdığı mövzu haqqında müəqqəti işlər vəkilinin nə yerli, nə xarici mediyaya bir cümləsini də görən olmayıb. İraqın bir rəsmi dövlət qurumunda görüşü barədə eşidən olmayıb.
Hətta bu yazı hazırlandığı müddətdə, dəfələrlə axtarış edib, hbir cümləlik də olsa xəbər tapmağa çalışdıq, alınmadı.
Bundan sonra N.Məmmədov Azərbaycanda hansı fəaliyyət göstərər, nə kimi post tutar, hara ucalar onu demək çətindir. Amma buna paralel onun bu günə qədərki fəaliyyətini, 44 günlük susqunluğunun səbəblərini də araşdırmaqda dövlət maraqlarından böyük fayda olar bəlkə.
…Və gərəkdir indən belə unutmayaq, bizi dövlət olaraq, zaman-zaman bu qəbil adamların yuxarı ucalması aşağı endirib. İndi biz dövlət və xalq olaraq, ən yüksəkdəyik. Şuşada, Dağlıq Qarabağda. Başımız dünyada dikdir, işğaldan dövlət ərazilərimizi azad etmişik. İstəyim o ki, bu nəhənglikdə qələbədən sonra daha heç kəs Azərbaycan dövlətini və onun cibinin Həsən kişinin dəyirmanı bilməsin. Bilsə belə cəzasını kəsmək, yerini göstərmək kimi gücü olsun dövlətin. Dövlət kimi var olmağın yolu indən belə yalnız qətiyyətli və ədalətli olmaqdan keçir.
Jalə Mütəllimova
21.11.2020
Related posts
TeleKöşə
Tərcümeyi-hal

Jalə Mütəllim qızı Seyidli-Mütəllomova
1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib. 1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. 1999-2000-ci illərdə mərhum Prezident, Heydər Əliyevin təşəbbüsü ilə yaradılan “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində fəaliyyət göstərib. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı olub. 2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də təkrar fəaliyyətə başlayıb. APA TV-də teleaparıcı və layihə rəhbəri olub. APA Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı kimi fəaliyyət göstərib. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarı kimi çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar olaraq fəaliyyət göstərib. Fəaliyyəti müddətində, dövlətin yüksək rütbəli məmurarı, o cümlədən hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə “Azadlıq” radiosu üçün radio müsahibənin müəllifidir. Dövlətçilik marağından, jalebloq.az saytı üzərində fərdi bloq fəaliyyəti ilə məşğuldur. Sosial şəbəkələr üzərindən yayınlanan “Teleköşə” adlı fərdi layihənin müəllifidir. Peşə fəaliyyəti nəzərə alınaraq, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fərdi mənzillə mükafatlandırılıb. 2020-ci il, altıncı çağırış Milli Məclisə seçkilərdə 92 saylı Zərdab-Ucar dairəsindən namizəd olub. Ailəlidir,üç övladı var.
Learn more