… “Adə danış də, niyə danışmırsan, kül təpəvə”…
…Televiziya dili ilə desək kadr kəsilir, ekran qaralır və əsirlikdə əsgərə verilən işgəncə kimi, dəhşətli bir uğultu eşidir adam…
…Lap uzağında bir səs də gəlir bu uğultunun. O səsdə deyilir ki, bəs “mən Tolikdən, yəni pradyüser Tarixdən xahiş eləmişəm ki, ona ağır söz desin, bəlkə dili açıldı”. Bu da əsgərin atası, anası yox ha, əmisidir.
…Sonra “pozisiyada” olan bir qrup əsgər etiraz videosu yayır ki, bəsdirin, adam əsgəri belə ələ salmaz. Bu ordunu araya qoymaqdır.
Burda bir stop. Ustav, əsgər, ordu təəssüratı, məlumatı olmayanlar. Hərbi forma sərhəddir. Hər kəslə sərhəd. Hətta sənə süd verən ananla belə sərhəd. Hərbi forma, hər kəslə vidalaşıb vətəni seçməkdir. Vətənin balası olmaq məsuliyyətini çiyninə almaqdır. Diqqət edin nə qədər şəhid, qazi övladlar, anasına, xanımına deyib ki, məni seçim qarşısında qoyma. Qoysan dövləti, vətəni seçəcəyəm. Yəni forma geyən hər kəs ata-anadan da qabaq dövlətindir, vətənindir. Ona deyilən yaxşılı-pisli hər söz, vətənə, dövlətə deyilmiş sayılır. Indi dili turulmuş, təpəsinə kül əndərilən o əsgər elə vətən idi. Yəni kül təpənə ay vətən!
Hə, onu da deyim. Bir məsələ də var ki, vətəndə əsgər həmişə ədalət görmür özünə münasibətdə. Çünki vətənin satqınları, oğruları, hər iyrəncliyə bulaşmışları da xeylidir. Və onlar vətənlə, əsgər arasında həmişə hasar olub. Və ən vacibi odur ki, o taydakı əsgər, bu taydakı vətənlə, həmişə bir birinə can deyiblər, hasarlara rəğmən…
Bu mahiyyətdir. Daha dəqiqi ortada olan mənzərənin yozumudur.
…Və kimsə unutmasın, bu vətən, başındakı külü Qarabağı yenidən qazanmaqla, ancaq təmizləyib, sıyırıb yerə töküb. Indi başına niyə təzədən kül tökürsünüz axı? Biz müharibədən sonra beləmi Azərbaycan düşünmüşdük? Beləmi görəcəkdik hər şeyi? Hətta qazi, şəhid adından sui istifdələrdən utanmaqdamı vardı qismətdə?..
Dayanıb baxırsan. Əhli məmləkətdə münasibət sərhədləri bəlirlənməmiş, ierarxik anlayışlar oturuşmamış durumda. Yəni olarını, olmazını bazar təfəkkürü ilə bəlli edir adamlar.
Və onu da düşünürsən ki, görəsən məsələn Kim Kardaşyan, erməni şou əhli, neçə dığaya, psixoloji terapeya keçib və “kül təpəvə” deyib?!.
Sonra da ictimai rəydə onun əlaltıları zühur edib ki, bəs o ev verdirir, xəstə müalicə etdirir, problem yoluna qoyur, işin olmssın onunla. Anlamasınlar ki, bu şəxsi nifrət falan deyil. Bu eybəcər, savadsız bir davranışa üsluba, ana, insan, yazar etirazıdır.
Dünənəcən intim həyatları müzakirə edənlərdən indi necə dövlət piarçəsı formatı yarada bilərlər axı? Kim düşünüb, kimin təklifidir bu?
Heç bir siyasi, informativ bilgisi, məlumatı olmayan bu adamlardan məhz bu işdə necə, niyə istifadə edilir axı?
Bəli, bu həm də nəcməddinlərin ordunu nə günə qoyduqlarına göstəricidir. Amma o da tək deyildi axı. Görün vəziyyət nə yerdədir ki, MN baş qərərgah rəisi, gedibmi, qalıbmı, ölübmü, oğurlanıbmı, bilinmir?!
Ölkədə yeni müharibə havası “çalınır”. Bəstəkarlar bəli, ammasöz yazarları özümüzdəndir axı. Xeyli adam var bütöv Azərbaycan məsələsinin gündəm olmasəndan qorxur, Rusiyaya çalışır və sair…
Amma və lakin unudurlar. Bu dövlətin sahibləri, isti bəzəkli kabinetlərdə deyil. Onlar balaca alaçıqlarda, dağda, daşda, uçuq, nəm evlərdə, kasıblıqla, fəhləliklə, min bir əzabla yaşayıblar.Şəhid olanı olub. Qazisi dönüb. Yenə savaş olsa, yenə hazır gözləyir. Incisə də, küssə də VƏTƏN, deyir!
…Və əslində o pradyüserin bu davranışı bir mənada da haqlı sayıla bilər. Bir xeyli adama yönəltmək olar bu sözü yəni. Məsələn , haqq yeyən, haqqını bilməyən, vicdanı sızlamayan, ürəyi göynəməyən, rüşvətə alışıq, korrupsiyaya bulaşıq, abrına qısılmayan, həyası olmayan, duyğuları ehtiyacdan, puldan “asılı”, paslı, məmləkət sevgisi əksik, xarakteri qırıq hər kəsə demək olar ki, kül təpənə. Onda da məmləkəni duman basar. Kül dumanı. Lap heç nə görmərik.
Odur ki, abrıma qısılıb da bir iki sual vermək istəyirəm. Siz Allah, bu ölkədə niyə kimsə Tolikdən, Kamildən,Məmməddən, Hüsüdən asılı olsun, ona yalvarsın?! Niyə millətin qüruru sındırılsın? Niyə bizi xalq, dövlət olmağa qoymayanların dəyirmanı sulansın? Niyə bütün işləyə biləcək mexanizimlərin petləsinə daş basılsın? Niyə cəmiyyətdə nümunə kimi elə adamlar göstərilsin, təbliğ olunsun ki, ona bənzəyim məni də görsünlər fikri formalaşsın gələcək nəsildə. Niyə də, niyəəə? Noolar biri cavab versin, niyə biz bu qədər zəif və tənbəlik, az işləyirik axı?
Jalə Mütəllimova
06.01.2020.