Adamı mənəvi “terrora” məruz qoyduqlarını zənn edirlər. Arasında bir qabdan yemək yediklərin olanda düzü bir az elə o cür hiss edir adam. Hər nə isə… Bir yerə cəm olub, qara piarımı apadırlar.  Şənimə “beşmərtəbəli” sosial şəbəkə statusları, adsız yazılar, təhqirlər yazdılar. Müxtəlif adamların dəxli olmayan sosial şəbəkə statuslarında, sicilləmə söyüşlər həsr elədilər mənə tanımadıqlarım, hətta onlarla “fake” profil va idi yazanlar sırasında. Ən dəhşətlisini üzəduranlar idi. Adam az qalır özünü tanımasın. Bu məmləkətin “feministi”, LGBT sevdalısı, xaricdəki söyüş şəbəkəsi və yerli haragəldi pərəstləri, hikkəliləri, arada onlara hər şeydən bixəbərlərimizdə qoşuldu, cəm olub hucuma keçdilər şəxsimə.  Qara piar, söyüş, üzədurma, içdəki hikkələr, xəbislik elə aydın duyuldu ki, reaksiyam bir qədər izah, sonra gülümsəmə və gerisində reaksiyasızlıq oldu. Özümü bir anlıq Azərbaycan bildim. Dedim Azəbaycan kimi adamammış. Nə qədər üzünə duran, xəbis, nifrət dolu “dostları”, namus, qeyrət, Allah dərsi keçəni,  xaini var VƏTƏN Azərbaycanın, döz canım!

Deməsəm olmaz, çox sağ olsunlar. Dediyim ağır həqiqətin qeydinə qalıb da yanımda mərdanə duran, zəng vuran, dəstək verən, görüşə çağıran da xeyli oldu. Qürur duydum, yaşadığım çətinliklərin hər biri ilə.

…Və düşündüm ki, hər kəs  sakitləşsin sabiqlərin hücüm dəstəsinə, xalq, dövlət, adından danışanlara, haqq, ədalət, vicdan və insan əxlaqına camur atanlara elə öz tərzimdə, sakitcə, sözümü deyim, bəzi qeydlərimi diqqətinizə çatdırım.

***

Əvvəla unudurlar, bir insanı haqsız yerə incitmək, əzməyə çalışmaq, Allahı incitmək, onu əzmkdir. Yəni müsəlmansansa, imandan deyil.  Demək ki, imansızlıqdır.

İkincisi, onu unutdurlar ki, dəmir döyülə-döyülə bərkiyər, polad olar.

Üçüncüsü, situasiyalar ondan ötəridir ki, adamları tanıyasan.

Tanıdım! Bərkidim! Haqqı yenə sevdim! Və… Ayaqdayam!

Gələk xalq adından nifrət püskürmələrə. Xalq ayrı şeydir, kütlə ayrı. Kütlə heç zaman xalq ola bilmir. Kütlənin apardığı piarın ömrü iki günü keçmir. Başqa adı populizmdir.

Xalq kükrəyərsə, onu dayandıracaq güc yoxdur. Məsələn, Dağlıq Qarabağın işğaldan azad edilməsi həm də xalq işi, “polad yumruğa”, xalq dəstəyi idi. Ona görə nəticə dövlət, o yumruq və xalq istəyən oldu. Ömrü iki gün deyil bu işin, əsirlikdir, yüz illiklər boyudur yəni. Hələ bundan sonra da davam edəcək. Hansı masada olur olsun, dövlətin bütün qərarlarının, görüşlərinin arxasında, içində dövlətin ziyankarlardan, mənəviyyatı ləkəli zaatlardan qorunmasında məhz Azərbaycan XALQı mütləq olacaq. Yəni xalqın gördüyü işin ömrü iki gün olmur.

Bir də illərdir jurnalistikadan uzaq zaatlar var arlarında. Jurnalistikadan başqa hər şeylə məşğul oldular şəxsimə qarşı. Əxlaq iftirası, mənəviyyat iftirası, üzədurma və sair.  Şükür ləkə götürməyənlərdən oldum. Həm də məmləkətdə hansı məzhəbə qulluq edənlərin, dövlət bünövrəsi qazıyanların, LGBT sevdlılarının kimliyini tanımış oldum bir daha. Zərbə o qədər dəqiq, ağrıdıcı oldu ki, yırtıcı “bağırtılarının” səsi hətta bəzi polis bölmələrindəki tərəfdarlarından belə gəldi.

Məsələn, belə, “filan jurnalisti, nəylə, necə heç olmasa bircə sutka içəridə saxlamaq olar? Fakt verə bilərsən?”

Şəbəkəyə bax! Əlaqəyə bax! Hikkəyə bax! Nifrətə bax! Bacarığa bax! Qorxusuzluğa! Özgüvənə bax! Bax ki, baxasan!… Düşün ki, düşünəsən!..

…Əslində olar, inanıram, mümkündür.  Niyəsini deyim ki, dövlət babam məndən inciməsin. Düşünməsin ki, bu “qara inamın” nə?!..

…Osmanlının qurucusu qayı bəyi, Qara Osmanın ata taxtına çıxmasını eşidən dərviş Kumral Abdal təbrikə gəlir. Tanrıdan ruzi diləndiyi qırx illik “dostunu”, kəşkülünü (dilənmək üçün boynundan asdığı nimçə-J.M) ona verir. Osman bəy hədiyyədən alınır. Abdal deyir ki, bir dərviş hər zaman Allahdan istəmək üçün, kəşkülü boynunda, başı aşağı yol gedər, ruzisi üçün. Allah bəndələrinin əli ilə kəşkülə nələrsə atdırar. Nəyi lazım bilsə,onu seçər dərviş də kəşkülündən. “Biri kəşkülə yal atar, biri artıq tikə, biri də qızıl axça”. Gün gələr, yal da, əl artığı da çürüyər, ziyan olar. Altından qızıl axcalar parlar”. Bu dəfə də Osman düşünür ki, axçam da var, hökmüm də axıı… Dərviş Abdal hövsələdən çıxar və dər ki,  anla Qara Osman, bu bir məcazdir. Sən “dilənməlisən”,  səni sən edəcəkləri “dilənməlisən”. Çadırında dünyanın və ölkənin ən yaxşı alimləri, bigələri, döyüşçüləri, haqq, ədalət deyə biləcək, saf adamları cəm olmalı. Sən onları bəy Osman kimi yox, dərviş kəşkülü ilə, “dilənə-dilənə”, ac, kasıb kimi axtarmalısan.  Onda quracağın dövlətin səsi cahanın hər yanından gələr, sülalən Osmanlılar deyə dünyaya ün salar.Yüz illər sonra da dövlətinin adı gələndə, insanlara ayağa qalxar!

… Osman dərviş Abdalın kəşkülünü qəbul etdi, “diləndi”. Müharibə qənimətlərini xalqı, tayfası, ailəsi ilə böldü. Öz payına düşənləri gecələr qapı-qapı kasıblara öz əli ilə payladı. Dövrünün ən böyük mədrəsələrində dərs alsa da dərvişliyi seçən Kumral Abdalın məsləhətiylə dünyanın və bütün türk tayfalarının ən adil adamlarını, rəssamllarını, alimlərini, bacarıqlı insanların çevəsində cəm elədi. Dayfasından olanları, ondan uzaq tutulanları bir-bir aradı, axtardı, Osmanlını qurdu. Osman bəyin siyasi mirasıdır bu günki qüdrətli Türkiyə. O Türkiyə ki, bu gün dünyanın olmazsa olmazıdır. O Türkiyə ki, Kumral Abdal deməsi adı gələndə insanlar ayağa qalxır.

***

Bizim üçün çox aktual hekayətdir. Dövləti başqa necə qorumaq olar ki? Xalq başqa necə xalq ola bilər ki? Çevrə yırtıcılardan başqa necə təmizlənə bilər ki? İyrəncliklər, hər şeyi alt-üst edən yırtıcı nəfsi, üfunət qoxan əməlləri başqa hansı formada sağaltmaq olar ki? Və bu mənəvi terror “ordusunun” qarşısını başqa necə almaq olar ki? Cavab netdir, heç necə. Bizə, sizə, dövlət babaya mütləq bir dərviş Abdal gərək. İndi bəri baxın, dərviş Abdalınız, Abdalımız varmı, kimdir o, bəylər?! Çağırın gəlsin, həm də ona deyin ki, çox gecikmişik, lap çox! Məmləkətin bir ovuc qalanını yalyeyənlər küncə qısnayıb, tez gəl Abdal dərviş, tez gəl!..

Jalə Mütəllimova

22.01.2020.