Ölkədə iki hay-küylü məhkəmə prosesi keçirilir. Biri bloger kimi fəliyyət göstərən rüşvət almaqda ittiham olunan Əfqan Sadıxov, digəri müxalif mövqeyi ilə seçilən, hazırda vətənə xəyanətdə ittiham olunan Polad Aslanovun məhkəməsidir.
Hər iki məhkəmə prosesinin gedişatını ancaq özünü müstəqil media adlandıranlar izləyir. Əslində onların xeylisi xarici dövlətlərin xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi, eyni zamanda, keçmiş və bir qismi hələ də vəzifədə olan yerli oleqarx məmurlarla əməkdaşlıq edir. Mərkəzi ofisləri Avropanın müxtəlif ölkələrində yerləşir.
…Həbs edilənlərin ailələri indilik nicatı onlarda tapır. Bilərəkdən və ya bilməyərəkdən, bunu demək çətindir. Amma gün kimi aydındır ki, meydanda başqa KİV-lər olmadığından baş verir bu həm də.
…Başqa bir məqam, hər iki məhbusun ailəsi deyir ki, həbslər ədalətsizdir, saxlanılanlar günahkar deyil, ləkələniblər. Onların rüşvətxorluq və korrupsiya ilə bağlı ciddi mübarizlər olduğunda israr edir ailələri.
…Dövlət ittihamçıları isə əksini söyləyir. Hesab edilir ki, saxlananlar günhkardır və caza almalıdır.
…Daha bir vacib məqam, məhkəmələrə həmin “müstəqil” media simalarının buraxılmamasıdır. Səbəb aydındır və qanunidir. Məhkəmə iclası açıq olsa da rəsmi sənədi olmayan, mediayam deyən hər kəs içəri girə bilməz.
Nədən yaranıb məhkəmələrdə bu hay-küy?! Səbəb çox aydındır. Yerli və milli media özünə bu mövzuları yasaq edib. Məhkəmə, istintaq araşdırması yazan, araşdırmaçı jurnalistlər demək olar ki, indi ölkədə yox səviyyəsindədir.
…Xatırlayıram, zaman var idi konkret cinayət hadisələrinin araşdırmasını edən media simaları yetişirdi. Onların yazıları hətta əməliyyatçılar üçün ciddi əsasa çevrilirdi. Ciddi bir cinayət işində hətta açar ola bilirdi. Bu niyə belə effektiv nəticə verirdi? KİV-lə Ölkə Prokurorluğu, o vaxtkı MTN-in, indiki DTX, DİN-in ciddi əməkdaşlıq edirdi. İstintaq materialları, arxivlər peşəkar jurnalistlərə açıq olurdu. Jurnalist rəsmi müraciətə əsasən obyektiv araşdırma yazısı ortaya qoyulurdu. İndi baryerlər var. Nə ölkə TV-ləri, nə qəzetlər, nə saytlar məhkəmə və qalmaqallı cinayət işlərini araşdırmır. Heç onlara əməkdaşlıq təklifləri də yoxdur. Heç bu məsələni dövlət qarşısında qaldıran da yoxdur.
Bir, ona görə ki, müəyyən maraq dairələrinə toxunacaq və bu onların marağına uyğun olmaycaq.
İki, bu barədə “ustanovka” yoxdur.
Üç, hadisələr elə adamların adı ilə bağlı ki, bir qrup KİV, hətta rəsmi dairələrdə oturanlar onların reklamına qarşı çıxılır.
Amma eyni zamanda unudulur ki, qara piar aparmaq istəyən üçün fərdin önəmi olmur.
Bir sözlə, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və onların müvafiq idarələri dövlət və ədalət naminə bu iki məhkəmə prosesi ilə bağlı arxivləri, istintaq materiallarını Azərbaycanda fəaliyyət göstərən KİV-lərə açıq edin. Həmin məhkəmə proseslərini İTV, AZTV, Real TV, Space TV, APA TV, Musavat TV, Baku TV, Lider TV, Missiya TV, Xural TV, Reaksiya TV, kimi kanallar çəksin tirajçasın, yazsın, işləsin bu istiqaməti jurnalistlər, peşəkarlaşsınlar. O cümlədən xarici xüsusi xidmət orqanlarına mərkəzi ofisi Avropa yerləşən xəbər ötürücüləri də gəlsin həmin tərkibdə. Onda çox aydın və həqiqi mənzərə yaranacaq.
Jalə Mütəllimova
08.02.2021