Gürcüstanda bir azərbaycanlı ailəsindən olduğu bildirilən, yetkinlik yaşına çatmadan nişanlanan on bir yaşlı qız deyirsiniz. Hansı ki, artıq özünü Gürcüstanda sığınacağa, dədəsini də içəri basıblar, elədiyi becislik üzündən. On bir yaşlı qızı əslində cinsi istismara verirdilər. Bu ərə getmək deyil. Düzü bəla bu da deyildi görünən mənzərədə. Dəhşətli orası idi ki, o, nəyə getdiyin anlayırdı, bunu üçün yetişdirildiyini bilirdi. O, on bircə yaşında arvad olmağa beynində hazır idi.
Uşağın bu nişan mərasimində simasındakı xoşbəxtliyə, rahatlığa baxıram. Sonra əlindəki podnosun ağırlığına. Süfrədə çay paylamasına. Əkə-bikə utancaqlığına, özünü ərə gedəcək yaşda qızlar kimi aparmasına. Bunu siz də gürdünüzmü? Təbii ki, bəli…
Odur ki, gələk mətləb üstünə. Evlərdə analar o qədər ər-ər deyir ki, qızlarının da ağlı təhsildə yox, yaşıdı olan, ya da özündən beş-on yaş böyük oğlanlarda olur adətən. Beyinlərində ərə getmək arzusu, təhsil, oxumaq, məktəb arzusundan üstdə çıxır.
Yeri gəlmişkən, bu tarixən də yaşadığımızdır. Araşdırılsa çoxunun nənəsi ilə babası elə bu yaşlarda nigaha girib. Qız on bir, on iki, on üç, oğlan on altı, on yeddi, on səkkiz…
…Yenə də anlamadınızsa izahını verim, bizi azərbaycanlıları, azərbaycanlı genefondunu müxtəlif yerlərdən geri, keçmişinə itələyirlər. Çünki yaxşı anlayırlar 70 il sovet işğalında olan azərbaycanlılara qalan ən bahalı və vacib miras təhsildir. Təhsilə daha çox qadın, ana alışdırar övladını. Deməli, bu millətin qadını, anası iflasa uğrasa, çökdürülsə, kişilərini yola gətirmək qədər rahat nə var. Odur ki, bizim ailələrdə təhsilli qadın yox, azyaşlı arvad yetişdirilməsi mexanizmini rahatca işə salıblar. Gülən də ola bilər, nə danışırsan deyən də?!
Amma bu fərdi baxış bucağımdır. Dünyanın Aya, Marsa yüdüyü dönəmdə azərbaycanlı ailələrində qızların, on bir yaşında arvad kimi yetişdirilməsi, erkən nigah saylarının artması, əhsildən yayınma hallarının çoxalması millətin milli təhlükəsizlik məsələsidir. Və bir dövlətin təhsil siyasətinin icraçısı olan dövlət qurumu milli təhlükəsizliklə bağlı hücumlara qarşı dura bilməz. Bu onun nəinki səlahiyyətində deyil, ümumiyyətlə, fəaliyyət istiqaməti də deyil.
Yeri gəlmişkən, Bakıda oturub, Gürcüstandakı hadisəni danışan bəylər, xanımlar, bir zəhmət, bu mövzulara toxunun, bu məsələləri gündəmə gətirin. Dövlət qarşısında qaldırın. Əlinizdə bəlli tribunalar var.
Azərbaycan dövləti bir zəhmət müvafiq dövlət qurumları ilə orta məktəblərdə dərsdən yayınan uşaqların statistikasını aparsın. Bu arada deyilm biləsiniz, bu məsələ Təhsil Nazirliyinin məsuliyyətində olan iş deyil. Dəqiq bilirəm ki, Təhsil Nazirliyi sonsuz sayda belə məlumatları aidiyyatı üzrə dövlət qurumlarına bildirir. Bu üzdən o da araşdırılsın ki, həmin uşaqların nə qədəri oğlan, nə qədəri qızdır? Yaxşı olar o qızlardan yuxarı siniflərdə oxuyanların nə qədərinin göbəkkəsdi edildiyi, nişanlandığı və nişanlılarının yaşı da araşdırılsın?! Üstəlik baxsınlar ki, həmin hadisələr hansı bölgələrdə baş verir? Bir də o bölgənin adamlarının özlərinin mənəvi-pxisoloji durumunu araşdırsınlar? Görsünlər yerli icra orqanları, güc strukturları necə və niyə ört-basdır edir bu olayların üstünü? O uşaqları kəbindən keçirən din xadimləri kimlərdir? Dini təhsili harada alıblar? Haranın qulbeçəliyini edirlər Azərbaycanda?! Çətin sualladır. Amma hamısının cavabı var və ya verilməlidir. Əks halda bir gün oyanıb görəcəksiniz ki, evinizdən on bir yaşlı qızınız da ər evinə yolçudur…
Jalə Mütəllimova
09.02.2021