Uzun müddət öncə yazmışdım. Ölkənin ciddi problemləri var. Ən vacib problem o ki, vicdanlı, əqidəli, əxlaqlı, mənəviyyatlı, dövlətçi, millətçi, xalqını sevən, vətənə sadiq adamların çoxu arxa planda qalıb, özü də bütün sahələrdə.
Məmur da oleqarx olub beləcə. Əslində məmur məmurdur, işini görər, məqamı da çatqnda çıxar gedər təqaüdə. Indi iş o yerə çatıb ki, məmur əlindən ölkədə bir daşı götürüb, o biri daşın üstünə qoya bilməzsən, adamın qanını içərlər. Və qırmızı xətləri o qədər silinib ki, daxili telefonla dövlır başçısında Qarabağda torpaq istəyirlər. Üstəgəl çox məsələlər qohumluq, dostluq, yaxınlıq və sair əlaqələrə bağlıdır. Halbuki biznes bir yana, dövlət işini bu əlaqələrə bağlamaq olmaz, heç olmaz. Bu mövqedən dolayı a ğıla gəlməyəcək qədər baş ağrısı çəkdim. Onlarla ad saydılar və axırda da soruşdular ki, kimi nəzərdə tutursan?.. Qayıtdım ki, məlum Tərtər hadisələyirlə bağlı bir gənc qadını dinləmişəm ondan dolayı yazdım. Daha sual verən olmadı…
…Onda Tərtər işindən hələ təzə-təzə yazırdılar. Yazanların da başı əzab çəkirdi. Mənim üçün o hadisənin masştabı bir gənc hərbçi qadınının fəryadından bəlli idi. Günahsız adamlara yaşadılanların qorxunc nəticəsi idi bu həm də…
Gördüm çox yazırlar, dedim o qadının dediklərini bir də yada salmaq lazım.
…Olduğu kimi xatırlayıram dediklərini:
-Mənim həyat yoldaşım illərdir hərbi xidmətdə idi. O vətən xaini deyildi. Işgəncələrdən xəstəlik tapdı və öldü. Onun məzarını qazan olmadı. Axırda traktorla bir çala qazdırdılar. Onun cənazəsini yuyan olmadı. Ona rəhmət deyən olmadı. Onu kəfənləmək üçün bizə kimsə bez satmadı. Ona quran oxutmağa molla tapmadıq. Bizə kimsə başsağlığına gəlmədi. Qapılara ehsan paylamaq istədim, üzümə çıxan olmadı. Ay ata, deyən balalarımı kimsə bağrına basıb ovutmadı. Biz onun dəfninə uzaqdan baxdıq. Bizə kəndin qəbristanında yer vermədi camaat. Onu başqa yerdə, təkcə qoydular torpağa. Klyonkaya büküb traktorun qazdığı çalada basdırdılar. Quransız, yuyulmamış, kəfənlənməmiş, çalaya atıb basdırsılar. Bizə az qala çörək də satmırdı kimsə, özüm məktəbə, bağçaya qorxudan düz əməlli apara da bilmirdim uşaqlarımı. Bizə vətən xaininin ailəsinə olunmalı hər şeyi edirdilər. Amma biz və o xain deyildik. Mən ağlamırdım, ulayırdım, yalquzaq kimi uşaqlarım yatandan sonra. Indi mənim ailəmi dağıdanlar kürsülərdə əyləşir. Niyə? Hansı haqla! Mən özümə ailəmə, yoldaşıma bəraət istəyirəm, bəraət, bizdən hamının gözü önündə üzr istəsinlər, bizə bəraət versinlər. Mən yoldaşımı yenidən dəfn edə bilim, mənə insanlıq borcludurlar, haqq, sevgi borcludurlar. Bizim haqqımızı hansı ölçüylə, necə ödəyəcəklər, biz neynəmişdik, nə idi mənim ailəmin, balalarımın günahı?!. Vicdanlı olmaq, dövlətinə, vətəninə qulluq eləmək, vəssalam! Biz başqa günah işləmədik!..
***
Indi diqqətlə gündəmi izləyirəm, səbirlə baxıram prosesə. Vəliyev qardaşlarından məmur düzəldib bizə sırıyanlara mat qalıram. Nə zaman qədər? Hara qədər ay başınıza dolanım?
***
Indi bircə yol var, vicdanlı adamların yerində oturdulmuş hər kəsi imkanlarından mən etmək. Amma nə qədər ki, vicdanlıya vicdansızı müdür qoyacağıq, başımıza hələ çoxlu Tərtər işi gələcək…
Bir sözlə, xəbislərdən, satqınlardan, yalağalardan, yalançı sevgilərdən, təmənnalı sədaqət göstərisindən canımızı ildırım sürəti ilə qurtarmalıyıq, vəssalam!
P.S. Xatırladaq ki, 2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirib. Həmin tarixdən etibarən mətbuatda “Tərtər işi” kimi təqdim olunan sözügedən istintaq prosesi ilə bağlı, işgəncə və zorakılıq iddiaları səsləndirilir.
Jalə Mütəllimova
01.04.2021