Ölkəni küy bürüyüb… Yataq otağı küyü…Qarabağ masadaykən, islahat dalğası varkən, pamdemiya mövcudkən, dövlət, xalq talayanlara “dərs verməyə” çalışılırkən, bu yad və təhlükəli küy təkcə qulaq batırmır, həm də nüfuzlara ciddi xələl gətirir. Həm siyasi mövqeyindən asılı olmayaraq şəxslərin, həm də dövlətin nüfuzuna.
…Milli Şuranın rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi yox, intim həyatından kadrlar tirajlanıb. Şəxsi o ki, məsələn icazən olmayan bir ailə şəklini yayarlar. Bu şəxsi xanəyə müdaxilə kimi dəyərləndirilər. Bir də var ki, yataq otağı. Bu o qədər özəl ki, hətta yaradan belə evdə oğul, qız, ata-ana, qonaq yatan yerə bölüb evləri, və “icazə varmı?” sorulmadan otağa soxulmaq şəxsi xanəyə, özələ, intimə təcavüzdür. Bu təkcə tərbiyə göstəricisi deyil, həm də inanclardan doğan qaydaları ayaqlamaqdır…
Odur ki, Qarabağ mövzusu, daxil, Dubayda dincələn Necməddin Sadıkovun qayıdışı, Tərtər işi də kənarda qalmamaq şərti ilə yataq otağı küyü ölkə gündəmini dəyişdi. Üstəlik ictimai rəyi iki yerə ayırdı. Bir o yaxşıdır ki, hamı baş verənə deyir, bu əxlaqsızlıqdır. İntəhası onun da bir əmması var. Aydın görürsən ki, emosiyalar, kin, hikkə danışır. Analizsiz, düşünmədən, məlumatsız, kimə nə sərf edir, onu deyir. Bir adamda ortaq məxrəc müşahidə olunmur.
Utana-utana da olsa, peşə marğından, videonun ilk on saniyəsinə baxdım. Və bu cür olaylar üzərindən divident qazananların olması haqda yenə də peşə fəaliyyətim dönəmində dəfələrlə yazılar yazan müəllif kimi özümü mənəvi bovclu bildim, indi də yazam. Məsələyə mümkün olan qədər emosiyasız və bütün təəflərdən yanaşmaq gərəkdir. Elə ilk ordan başlayaq, söyüşkən oluruq. Unuduruq ki, bu sivilizasiyadan uzaqlaşmaq, polemika adamı olmağı tərgitmək, qısacası insanlıqdan çıxmaqdır, mənəm-mənəmlikdir. Və insanlıq demiş, elə insani yanaşmadan başlayaq, bir siyasətçınin, tarixçi professorun, alimin, pedaqoqun, sabiq millət vəkilinin ailəsi ilə bağı bu hadisənin şəhinə.
İnsani yanaşma: Birmənalı insani davranış deyil.
Mental yanaşma: Bizi dünyada həm də ona görə seçirlər ki, milli şüur, düşüncə, ailə ənənələri olan millətik. Mənəvi və ya fiziki yolunu azanlarımız yoxdurmu? Bütün mənalarda olub, var və olacaq. Vətən də satıblar, bədən (bu ifadəni kişiyə və ya qadına bölməyin, cinsi önəmli deyil, məqsədi önəmlidir-red)də. Amma bu çoxluq təşkil etmədiyi üçün narahatlıq doğurmayıb.
Ziyalı yanaşması: Bu cəmiyyətdə hər şeyi adiləşdirmək, milli dəyərlərin anasını ağlatmaq, azərbaycanlı kişinin qürurunu kanalizasiya borusuna basmaqdır (hətta o kişi, məsələn Cəmil müəllim, özünü tox tutub, mən qızımın həyatına qarışa bilmərəm, bu onun şəxsi həyatıdır” deyə ona xas olmayan tərzdə, “demokratik” yanaşma sərgiləsə belə-red). Bu insanın şəxsiyyəti qırmaqdır. Ziyalısı şəxsiyyətsiz cəmiyyətlərdən, bu günəcən dünyada kimsəyə uğur gəlməyib.
Siyasi yanaşma: Bəllidir bunu kimsə etdirib. Özü də təkcə Cəmil müəllimlə hüsuməti yoxdur, həm də martın 28-də peşə bayramını qeyd edən bəlli dövlət qurumu ilə hüsumətlidir. Niyə? Qurumun uğurlu prespektivi ola bilər. Yəni bəlkə də gerçək dövləti xidmətləri nəzərə alıb keçmiş statusu bərpa edilə bilər, nazirlik olar. Və əgər belə olarsa, əhəmiyyətlilik dərəcəsi azalanlar da olacaq. Odur ki, məhz onların belə “hədiyyə” verməyə əşədü ehtiyacı var idi. Bu arada adına qara piar, eybəcər xəbər, hər nə deyirsiniz deyin, amma o videonu tirajlanyan ilk mənbələrin və ya mənbənin bağlarına da diqqət edin. Hətta nəqam gələcək elə onlar özləri yazacaqlar ki, o videodakı deyildi… Məsələnin siyasi tərfi haqda bu qədər…
Bir də işin içində para varsa, gərəkdir qrandlar məsələsinə, daha doğrusu versiyasına toxunaq…
Qrand qovğası tərkibi: Bəlli ki, 2021-ci il üçün LGBT şüarıdır “mən geyəm, mən müsəlmanam”. Dini və milli dəyərlərə bağlı olan, amma şovinizmə yol verməyən, inkişaf etmək yolu tutan, kiçik olsa da sərvəti və dünya üçün strateji əhəmiyyətli dövlətləri sıradan çıxarmağın ciddi şəkildə yolları aranır. Ancaq bu haqda sadəcə layihələrə maliyə ayırmaq, danışmaq və aksiyalar təşkil etməklə iş keçmir daha. Ölkədə ciddi və ictimai nüfuzlu liderlər də olmalıdır. “Rəngli inqilaba” lider ola biləcək biri. Cəmil müəllimdə həmin ictimai nüfuz, istedad, tanınmışlıq var. O, Azərbaycanda müxalif siyasi qurumlardan birinin rəhbəri, sabiq deputat, prezidentliyə eks namizəd kimi ideal seçimdir. Amma niyəsə əldəki bütün məlumatlar ora aparır ki, o, bu liderliyi qəbullanacaq şəxs deyil.
Birincisi, onu tanıdığım qədəri ilə bu xarakterinə ziddir.
İkincisi, müxalif düşərgədən olsa belə, ona münasibət fərqli olub. Xaricdəki nüfuzuna, siyasi keçmişinə görə. Belə bir nüfuzu mütləq ailəsi ilə “vurmaq”, “sarsıtmaq” lazımdır. Bu “vurulma” onunla danışıq, əməkdaşlıq üçün ən xırda nüansı da mümkünsüzlüyə endirir. Beləcə yaranmış situasiya müxalifətə də, kənar anti-Azərbaycan güclərinə də, siyasi hakim komanda da belə kimlər üçünsə mütləq əlverişlidir…
Xəbərdarlıq: İndiki analizlər göstərir ki, bu hələ son deyil. Qrand layihələrinə bağlı, Azərbaycanda istifadə oluna biləcək, amma şərtləri qəbul qəbulu şübhə altında olan, bir neçə nəfər də “ailəsindən” vurulacaq. Aşağı- yuxarı elə Cəmil Həsənli statusunda olan şəxslərdən söhbət gedir.
Vacib qeyd: Bu yeddinci olaydır. Peşə fəaliyyətim müddətində buna qədər baş verən altı belə olayın beşindən yazı yazmışam. Və düşünmüşəm ki, insanları mövqeyindən dolayı və hətta yola gətirmək, lap qorxutmaq üçün ailəsinin intimi ilə vurmaq olmaz. İnsanların yataq otağına dövlət adından girən, kimliyindən asılı olmayaraq dövlət, vətən, lider satandır. Şəxsi düşmənçilik, dövlətçilik xəttini keçə bilməz! Dövlətçilik başlayan yerdə, şəxsi hər şey bitməli!
…və media…
Azərbaycan siyasətinə, Azərbaycan mediasına intim mövzular necə və niyə gətirildi, bilənlər bilir?! Bilməyənlərə qısaca bunu deyim, manqurtlaşmış, hər şeyə adi baxan cəmiyyət, ictimai rəy, fikir adamları lazım idi. Yəni tarixi təkrarlayırlar. İndiki mərhələdə buna yol vermək olmaz. Amma hələ ki, edirlər. Həm də təkcə intim mövzularla deyil, intihar xəbərlərini biabırçı redaktələrlə tirajlamaqla. İki ilə yaxın işsiz, çarəsiz, yorğun, basqı altında, ağır şəraitdə, qapadılmış yaşayan adamların üzərinə belə gedilməz. Bu gercəkdən dövləti cinayətdir. Bir də o dəhşətlidir ki, “stavka” olunan media quruluşlarının əksəriyyətində çalışan heyətin bu kimi məsuliyyətlər barədə anlayışı belə yoxdur. Ən yaxşı reportajlar belə peşəkarlıq və dövlət təhlükəsizliyi standartına uymur. Dözək və ümid üzməyək. Ümidsiz olmayaq. Çünki bu da bir intihar, özünə bir cür xəyanət formatıdır.
Tarix: Bolşeviklərin qolçomaq dediyi Kərbəlayi İsmayıl Türkiyəyə keçməyə məcbur olanda ailəsini tam tərkiblə apara bilmir. Və ən qatı düşməninə əmanət edir yaxınlarını. Deyir ki, sənə inanıram, dost deyildin, amma kişi kimi düşmənsən. Yəni kişilik təkcə cinsəllik deyil, həm də xarakterdir. Sizə də, özümə də, dövlətə də dostun da, düşmənin də kişisini, xarakterlisini arzulayıram…
Jalə Mütəllimova
01.04. 2021.