Jalebloq.az

Əli Kərimlidən nüanslar…

KÖŞƏ

Əli Kərimlidən nüanslar…

Əli Kərimlini tutublar. Müvəqqətidir. Bir az da siyasi şou. Nədi, şounu təkcə Toppuş bacı göstərməyəcək ki?! Bizim siyasi şoumenlərimiz də var. Nə isə bu alayı məsələdir. İndilik məsələ bu ki, Əli Kərimlinin həbsi  xəbəri gündəmi zəbt edib.

Kimi sevinir…hakimiyyətə yarınmaq üçün bəhanə keçib əlinə…

Kimi hikkəsindən “dabanını gəmirir…”Pəhh, “liderini” tutublar…

Kimi də maddım-maddım baxır…

Düzü, üçüncü kateqoriyadanam. Maddım-maddım baxanlardan. Çünki iyirmi yeddi illik media təcrübəsi siyasi düşərgələri, siyasiləri müşahidə eləmək, məqsədləri haqda özündə təsəvvür formalaşdırmaq qabliyyəti verib…

***

Düzü sevinmirəm, məhbəsə düşmək, bir adamın faciəsidir. “Dabanımı da gəmirmirəm”, Əli Kərimliyə heç zaman dərin simpatiyam olmayıb. Sadəcə gələcəyi olan biri kimi, ölkəsinə faydalı ola biləcəyini düşündüyüm məqamlar olub.

İndiysə düşünürəm, deyirəm görəsən Əli bəy bir qrupun, məsələn, “Azadlıq” qəzeti heyətində nə zamansa çalışan xeyli jurnalistin onun barəsində yaxşı məlumatlı olduğunu düşünmür. Ya da düşünəndə hansı duyğuları yaşayır?

Əvvəlcədən onu da deyim, Əli bəyi illərdir, həm də çox yaxından tanıyanlardanam. Gizlətmirəm ailəsində indinin özündə də hötmətini saxladığım yaxınları var. Amma  “Azadlıq” qəzetində çalışanda da, indiki dönəmdə də onun kibirini və təkübbürünü anlamadım. Həmişə düşündüm ki, başına gələnlərin böyük əksəriyyətinin səbəbi məhz bu özünübəyənmişlik, kibir, təkəbbür, guya ki, əyilməzlikdir.

***

…Bəzən belə deyir Əli Kərimlinin söyüş “ordusu”, düşərgə dəyişənlər, xəyanətkarlar, yaltaqlar, riyakarlar. Təbii ki, bəndəniz də daxil bir qrupun ünvanına. Bunu niyə yazdım? Əli Kərimlini haqq-ədalət çarçısı deyənlərə, təhqir “ordusuna” sözüm var.  Bir zamanlar xeyli jurnalist vardı, “Azadlıq” qəzetinin maliyyə direktoru, Zöhrab İsmayılı görəndə sevinirdik. Çünki qəzetin yayımından gətirdiyi maliyyədən aylarla yığılıb qalan qonorarımız ödənilirdi. Amma bir nüans var, kim Zöhrabın dalıyca o pulu təhvil verənəcən getdi, getdi idi…Sonra əziyyətimizin qarşılığında qazandıqlarımız necəsə, harasa yox olurdu…

…Uzun aylar növbəmi gözləmişdim. Günlərin birində Zöhrab gəldi ki, qız, dur gəl, maaşını götür, əlindəki böyük bağlamanı göstərdi, bax, bu qədər vəsait gətirmişəm. Yaxşı xatırlayıram cəmi bir paltonun haqqını istədim yığılıb qalmış neçə aylıq maaşımdan. Düşünmüşdüm başqaları da var axı. Məsələn, çox istedadlı fotoqrafımız Əjdər qızına ayaqqabı ala bilmədiyi üçün utancından evinə gedə bilmirdi. Bu gündə olan xeyli iş yoldaşım vardı. Mənsə, bütün ailəmin ehtiyacını çiynində daşıyan böyük övlad kimi dekabr ayında qəhvəyi pencək, altı yamaqlı çəkmə ilə gəlməyə məcbur idim işə. Çəkməmi geyməzdən əvvəl ayağıma bir selofan torba da keçirirdim ki, içinə dolan su ayağımı dondurmasın deyə.  Və mən həm də doxsanların adlı-sanlı reportyorlarından idim. İndi düşünrəm ki, biz onda da elə indi də adımızı qazanmışdıq,  güzaranımızı yox.

…Paltonun pulunu əlimə alan kimi, iş yoldaşlarımdan birinin və Zöhrabın təkidi ilə məhz palto aldım. Həmin paltonu da ailə quranacan geyindim.  Mən və digərləri bu qədər ehtiyacda yaşayarkən, yenə də digər həmkarı, dostu düşünürdük. Əldə olanı bərabər bölüşmək böyüklüyümüz vardı. Amma ofisimizin qabağına bahalı xarici maşınların, evlərə bahalı mebellərin gəldiyini də görür, eşidirdik. 

Bir çoxumuz, o cümlədən mən kirayə mənzildə yaşayırdıq, amma İdeyallarımız, arzularımız, əqidəmiz var idi. Hər şeyə bu üzdən dözürdük. Pul qazanmırdıq bu kimi mənəvi dəyərlər üzərindən.  Şəxsən məni bu qəflət yuxusundan Əli Kərimli ilə digərlərinin “Azadlıq” qəzetinə gələn qrantların bölünməsi üzərində baş verən davası haqda eşitdiklərim oyatdı. Adbaad demirəm, amma çevrələrində bir birini başına pula görə stol çırpanlar da olmuşdu. Anladım ki, vətən, dövlət, azadlıq, ədalət, haqq dedikləri nəsnələrin arxasında və hədəfində əslində pul qazanmaq dayanır. Gerçək sevdalılarsa az idi, bəlkə bircə ovuc, həm də ehtiyac içində, bizim kimi…

***

…Sadəlöhv olmaq da bir şey deyil. Çünki kimlərsə siyasi divident qazanır, maliyyə əldə eləyir sənin üzərindən. Sənin problemin gündəm olanda, vətən, millət, Sakaryanı yada salınır… Çünki dəqiq bəllidir, sən bu mənəvi dəyərlər üçün ölərsən, uf demərsən…

***

Beləcə susa-susa böyüdük.  Bu susqunluğun niyəsini adamın özündən başqa kimsə bilmir. Öz niyəmi bu yazıda deyirəm. Əli Kərimlinin həbs şousunun üzərindən həm də, kimlərsə qazanacaq. Həm siyasi divident, həm də maliyə qazanacaq. Elə Əli Kərimli özün də qazanacaq. Amma bu qazanclardan nə dövlətə, nə millətə bir fayda olmayacaq, həmişəki kimi.

…Hərdən arxamızca belə dediklərini eşidirik,  “bizim yetişdirdiklərimiz, bizi “vurur”! Gülməlidir, siz kimi, harda, necə yetişdirdiniz axı?!.. Əksinə sonradan xəyanətinizə uğrayan onlarla yazar, siyasi xadim sayəsində sizlər yetişdiniz. İndi təəssüf edir çoxu buna…

Qaldı bəndənizə, yəni mənə, “Azadlıq” qəzetində kim idimsə, eyni adamam. Onda da dövlətimin yanında idim, indi də. Çünki hər kəsdən sədaqətli olan odur, dövlət, vətən. Hə, ən vacibi onda necə yaşayırdımsa, indi də elə yaşayıram. Sadə, qazandığı her manatın üzərində alnının təri olan, vətəni üçün hər şeyə hazır.

Özünə “müxalifətçi” deyib xarici kəşfiyyata satılıb, başqasının cibinə girib yaşamaq da, “hakimiyyətdəyəm” deyib, cıqqılı bir məmur olub, dövləti, milləti bezdirmək də həyat tərzim deyil.

…İndi ya Əli…yox, eləcə Əli bəy, ritorikasız. Çünki Əli, həm də inancımızın başında duran adlardandır. O üzdən elə sizi də Əliyə, öz adınıza and verirəm, dayanın. Onsuz da xaricə çıxışınıza məhdudiyyət qoyulmasının səbəbi də bəllidir, bunu üçün şou lazım olduğu da aydındır. Di gəl ki, bu “problemi” aradan qaldırmaq üçün ölkəni hədəfə çevirmək son dərəcə vicdansız davranışdır. Ölkənin, dözlətin üstünə müdürlərinizi, “beynəlxalq hüquq müdafiçilərini” tökməyin. Düzdür, sizə də yeni qrantlar üçün mütləq şou lazımdır, amma bunu da sakitcə eləmək olar, nə də olsa bu dövlətin, ölkənin qurulmasında azacıq da olsa rolu olanlardansızın, unutmuş olarsınız deyə xatırlatdım. Çünki qrant, yəni pul mənəvi olan hər şeyi unutdurmaq kimi şeytani huya sahibdir…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top