Ölkədə aparılan kadr islahatları icra başçılarından da yan ötmədi. Onların bəzisi ümumiyyətlə sistemdən uzaqlaşdırıldı, bəzisinin yeri dəyişdirildi.

Bir müddət əvvəl Şirvan rayonunda rəhbərlik edən Mərdan Camalov ikincilərdəndir, yəni yeri dəyişdirilənlərdən. Ölkə başçısının iradəsi ilə Mərdan müəllim artıq Zərdab rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərməkdədir. Mərdan Camalova dəstək üçün və zərdablıların həllini çoxdan gözlədikləri məsələləri diqqətə çatdırmağı məqamıdır. Bunu əslən zərdablı və media adamı kimi vəzifə borc bildim. Tam məsuliyyətimlə demək istərdim ki, fikirlərimdə çox səmimiyəm, həm dövlətə, həm də zərablılara böyük sevgim olduğu üçün lazımı məlumatları diqqətinizə çatdırmaq istədim. Rayonda küçələrin bir qisminin asvaltlanması işində tenderi Almaniya şirkəti udub. Zərdablılara deyirlər ki, almanlar pulu oğurlayıb qaçıb. Nə dərəcədə inandırıcıdır, demək çətindir. Ancaq hər halda araşdırmaq və həll etmək lazımdır. Kür çayında əhalinin istifadə etdiyi xırda lodkalara görə qeyri-qanuni haqq alanları işdən çıxarın, cəzalandırın. Adamlar bu rayonda çox kasıbdır Mərdan müəllim, onların böyük əkin sahələrində “şapkasız” işləməsini təmin edin. Yeni iş yerləri yaradın ki, mağazalardakı nisyə dəftərləri yığışdırılsın. Rayonda baramaçılıqdakı inhisara son qoyun. Bu Prezidentin həyata keçirdiyi siyasətə qarşı çıxanların işidir. Kür çayından ailəsi ac qalmasın deyə tutuduğu balığa görə vətəndaşdan qanunsuz haqq alınmasına imkan verməyin. Illərdir Ucar rayonu ilə Zərdab arasında bir mübahisəli yol var.

Cənab Prezident bir-neçə dəfə o yolun təmirinə vəsait ayırıb. Hələ də işlər alayarımçıqdır, yollar bərbad vəziyyətdədir. O yollarla hamilə qadınların, xəstə, yaşlı adamların gedib-gəlmələr əziyyətlidir. Məmurların Kür çayı üzərindəki çoxsaylı balıq göllərini, fermalarını, axmazlarını yığışdırın. Onlar insanlara, yerli fermerlərə zülm edirlər. Prezidentin tapşırığı var, yerli fermərlərə, kiçik sahibkarlara problem yaradan hər kəs cəzalandırılacaq. Kürqırağı evlərə çaqqal, tülkü, vəhşi pişik hücumlarının qarşısını almaq üçün həmin yerlərdə abadlıq işlərinin aparılmasına diqqət yetirin. Dəfələrlə yazılmasına, müraciətlər edilməsinə və dövlətin abadlıq işlərinə vəsait ayırmasına baxmayaraq, ərazı çirkabdan təmizlənmir. Zərdabın Diyarşünaslıq Muzeyini təmir edin.Yerə doxsanıncı ildə salınan kovralit üfunət qoxur. Həsən bəy Zərdabinin ev muzeyinə ayrılan 300 min manatın aqıbətini araşdırın demirəm, buna çox zamanınız gedəcək, hamılıqla da başımız ağrıyacaq, Mərdan müəllim, oranı Zərdabinin adına layiq yenidən təmir etdirin. İşçilərin soyuqdan donmaması üçün ora normal istiliklə təmin edilsin.

Zərdablı kişilərin xeylisi ailələri qarşısında çox acizdir ehtiyac baxımından. Yeni iş yerləri açılsa ailələrdə də vəziyyət müsbətə doğru dəyişmiş olardı. İndi deyəcəyim Zərdabın çox qorxulu yuxusudur. Dini təriqət fəalları at oynadır rayonun Qumlu adlanan hissəsində. Valideynlərimin yaşadığı məhəllənin yaxnlığıdır. Dəfələrlə məsələni qaldırdığım üçün hədələr almışam. Hətta rayonda, hazırda valideynlərimin yaşadığı evi, polis nəzarətdə saxlayıb. Sizdən xahiş edirəm, onların əlindən alın zərdablı gəncləri. Sonda bir məqamı qeyd etmək istəyirəm. Zərdablılar bəzi yerli məmurların və bir deputatın yalanlarından yorulub. Az qala ümidsizləşiblər.

Siz onların güvənini boşa çıxarmayın. Bütün maddi dəstəklərə, yeniliklərə rəğmən, Azərbaycan vətəndaşının həm də vacib duyğulara ehtiyacı var. Sevgiyə, doğru sözə və yaxşı əmələ inanmaq istəyir adamlar. Oradakı insanları sevin. Onlar sizə, siz onlara söykənib Zərdabı ölkənin qabaqcıl rayonları sırasına çıxarın. Bunları edin ki, sizin üzünüz dövlətin qarşısında ağ olsun. Dövlətin gücü də Zərdab əhalisinin yanında duyulsun.

Jalə Mütəllimova