Ən çox eşitdiyimiz sualıdır bu son günlərin. Adam bezir, yorulur, süst düşür. Sonra da üşənir. Deyirsən ilahi, bir məmləkətdə bir topa məmur dövlətlə vətəndaş arasında nə boyda uçurum yaradıb, necə hasar hörübsə, hələ cəmi bircə sırası sökülən hasardan eşidiləb fəryadlardan, yalvarışlardan adamın qulağı batır, boğulur, az qalır dəli olsun…

Niyə? Niyə belə oldu Azərbaycanda vəziyyət? Niyə hər kəs ancaq dövlət başçısına sarı yüyürür? Niyə ondan başqa kimsəyə ümid, inam qalmayıb? Niyə ondan savayı kimsədən yaxşılıq gözləmir vətəndaş?

Cavab çox sadədir. Ölkə milləti saymayan, aşağılayan, mənən sındıran, məmur və oliqarx problem var. Başqa sözlə ölkədə vətəndaşın şəxsiyyət kimi qalmasına, yetişməsinə manələr var. Bu böyük təhlükədir. Azərbaycana bir ölkə şəxsiyətsiz qazandırandan sonsa, anti Azərbaycan gücləri nə desən edər burada. Ən dəhşətisi bu problem ölkə mediasının iflic edilməsinin üzərindən qurulub. Özü də az-çox milli ruhu olanları da medianın və media adamlarının dünyada ən axırıncı yer və varlıq olduğuna inandırıblar…

***

Burda bir haşiyə çıxaq. İllərin media təcrübəsi həm də yüksək rütbəli tanışlarla üz-üzə gətirir adamı. Bayaq belə bir tanış deyir ki, bu qədər söyüşə məmur cavab verməməlidir. Gərək jurnalist eləyə bunu, hərənin öz işi var də. Məmura yaraşmır o sözlər, yəni söyüşlər. Dedim qardaş, mənim qələmim sənin kreslondan bahadır, bu bir. Sən hələ məmur kimi serjant da deyilsən, noolsun vəzifə verilib, bu iki. Sənin nazirindən də artığam, nəinki səndən, bu da üç. Qardaş incidi. Dedim incimə, qardaş, bizi sizə belə tanıdana lənət. Qapınıza gəlib otururlar ee ki, dədəm ölüb pul ver yerdən götürüm, yoxsa yazacam, jurnalistəm, bax onu jurnalist edənə lənət. Bir də sənə məmursan, jurnalist səndən aşağıdadır deyib, öyrədənə lənət. A kişilər, media hakimiyyətin bir qoludur. Sizə ayaqqabı silən, corabyuyan deyil. Dövlət ondan yaxşı mənada çəkinməlidir, hörmət eləməlidir, yolunu saxlamalıdır. Bizi darmadağın eləməyi hədəfləyənlər yaxşı bilirdi ki, mediasız hakimiyyəti yıxmaq, dağıtmaq, zəiflətmək, ondan oğurlamaq, hər türlü cinayət eləmək asandır. Çünki göstərən, canıyanan,başa düşən, şərh edən, ağıllı beyinlər olmayacaq axı. Qalanlar da nə göstərəcək ki, kimsə də onu görə bilsin. Və dərd bu da deyil. Əvvəl göstəirdilər, hər şey də həllini tapırdı. Sonra hər şeyi alt-üst elədilər. Ölkədə də hər şey alt-üst vəziyyətə gətirildi. İndi bunu da edənlər yoxdur. Və hələ də kimsə anlamaq istəmir ki, biz, ölkə mediası darmadağın olduğu üçün dövlət toparlana bilmir. Media qısa zamanda, özü də tezliklə, daha müstəqil, daha varlı, daha sərbəst olmalıdır. Buna dövlət şərait yaratmalıdır. Məsələn reklam bazarını açmaqla başlamaq olar işə. Yazılı medianın inkişafına, satışına yaradılan maneələr aradan qalxa bilər məsələn.

Hamı da öz yerini bilər. Məmur jurnalist, məmur dövlət, məmur vətəndaş, vətəndaş media münasibətlərinə bir aydınlıq gələr.
…Və qulaqlarımız da, “Noolar cənab Prezident?!” fəryadından tutulmaz.

Vətəndaş da hiss edər ki, artıq məmuru, oleqarxı islah olunub. Vətəndaş cəmiyyəti qurarıq. Biz də hiss edərik ki, canımız bahasına qurulan məmləkətdə vətəndaş olmağın qüruru, konfortu necə olur?! Yəni ki, İNSAN, gerçək İNSAN kimi yaşayarıq!… Çoxmu çətindir?!…

Jalə Mütəllimova