Metroda dava düşüb. Polislə vətəndaş arasında. Maska üstündə:
-Niyə maskasız şəhərə çıxmısınız?
-Yaxşı eləmişəm.
Biri polisdir, biri vətəndaş. Bir az gülməli, bir az da ağlamalı durumdur. Və düzü bir az da şoudur. Ötənlərdə buna bir ad demişdim, maska şou. Məmləkət maska krizinə girmişdi onda qorxudan.Eyni adlı bir yazı da yazmışdım. Indi adamlar evlərinin içində görmür deyə, virusun varlığına inanmır. Bir az da aidiyyatı qurumların məsuliyyətidir bu, daha çox sərbəstlik verildi, karantin sonlandırıldı. Unutdular ki, insan zülmə tabedir. Sərt qayda olmasa, döyüşü qalib bitirmək olmur…
Bu yazının başlığındakı ikinin izahı idi.
Indi gələk ona ki, bu maska şounu niyə bütün millətlər və dövlətlər bizdən daha rahat “oynadı” . Hətta maska tapmayanlar qorunmaq üçün alt paltarından maska düzəldib, bunu trendə də çevirdilər. Hamımız gerginlikdən azad olub, xeyli güldük də bu trendə.
Sonra bahalaşmadan gileyləndik, dedik maska yoxdur.
Sonra bir tələsik fabrik tikdi dövlət, maska istehsalı üçün.
Indi də deyirik fabrik satış eləsin deyə, polis milləti maska taxmağa məcbur edir.
Söhbət polisi müdafiə etməkdə deyil. Əsla! Bunu heç zaman etməyi düşünməmişəm. Millət hamıdan, hər şeydən ucadır. Söhbət bizim millət olaraq darqursaq və cığal olmamızdan gedir.
Gəlin qabaq-qənşər oturaq və belə düşünək, pandamiya falan yoxdur. Bu dünya idarəçiliyində yeni bir sistemə keçid üçün yer kürəsi idarə heyətinin qərarıdır. Yer kürəsində insan sayı azalmalı, texniki vasitələr üstünlük təşkil etməli, 5C sisteminə keçid və sair…
Əvvəla bu vəziyyət iki şeyi isbatlayır. Ölkəndə kim olursan ol, hətta Prezident ol! Sənin də tabe olmağa məcbur qaldığın yerlər, ünvanlar var. Bu gün dünya olaraq bizə bunu izah etməyə çalışılar, ey uca millət. Özünü idarə etməyi, tərbiyəli olmağı, qaydalara uymağı, sözünü insan kimi deməyi bacarmayan, bunu etməyən millət və dövlətlər məhvə məhkumdur.
Indi siz maska taxmırsınızsa, biz zorən, ölüm statistikası verməliyikmi?
Indi bir qrup adam qaydasız yaşamaq istəyirsə , biz ölkə və millət olaraq cəzamı almalıyıq?
Indi bəzilərinin səliqəli yaşamaqla arası yoxdur deyə, səsini başına atmaqla xilas olmaq, məsuliyyətdən yayınmaqmı istəyir?
Belə bir dünya yoxdur!
Insansansa qaydalara, qanunlara uyacaqsan. Və səninlə də qanunla, qaydayla davranılmasını tələb edəcəksən. Edəcəksən ki, sonra şikayətlənməyəsən, zorla dövlətdən aldığım 190 manat yardımın yüzünü cəriməyə ödədim.
Günah bizim özümüzdədir. Insan və cəmiyyət olaraq biz necəyiksə, o cür də idarə olunuruq. Özümüzü düzəltməsək, geniş düşünməsək, hər şeylə lağlağa eləsək, nə bizə münasibət dəyişəcək, nə idarəçilik üsülu, nə də ölkə…Indi gedin maskalrınızı taxın, lütfən!..
Jalə Mütəllimova