…Biz necə xilas olaq?!..

Azərbaycan mediasının bu günki durumu gerçək media adamı olan hər kəsi ciddi narahat edir. İctimai rəyin formalaşmasında, milli ideoligiyanın möhkəmlənməsində və qorunmasında, vətəndaş cəmiyyətinin formalaşmasında, mental dəyərlərin qorunmasında ciddi yer tutan milli media dağıdıldı. O media ki, illər öncə siyasi düşərgə konfliktlərindən üstə tutulurdu. Həm iqtidar, həm müxalifət özünə, məhz o medianı ayna bilirdi. Özü də o aynadan ciddi-ciddi çəkinirdi.Eybəcər görünmək istəmirdi heç kim media aynasında. Eyni zamanda, hər kəs özünü milli medianın aynasında tez-tez görmək də istəyirdi. Bunun hətta şərəf bilindiyi dönəmlər olurdu.
O milli medianın açıq reklam bazarı da mövcud idi. Azərbaycanın öndəgedən, böyük şirkətləri məhz reytinqlərinə görə, hətta sərt mövqeli media ilə işbirliyinə gedirdi. Zamanla, baş redaktorların “mülayimləşməsi”, “sərfəli danışıqlara”, “razılaşmalara” çağırılması və getməsi,

-Medianın müstəqilliyinin boğulmasında ciddi rol oynadı;

-Azad sözə ehtiyac qalmadı;

-Fikir söyləyənlərə qarşı sərt qərarlar verildi;

-Milli şüura sahib media adamlarının xeylisi, ümumiyyətlə, mediadan uzaqlaşdı;

-İnsanların problemləri ilə bağlı üz tutmağa, dərdini danışmağa, məmur özbaşınalığının ziyanlarını işıqlandırmağa yer, doğru-düzgün media quruluşu qalmadı;

-Xarici kəşfiyyat orqanlarının təbliğat tribunası olan KİV-lərin Bakıdakı ofisləri də bağlandı.

Sonuncudan başlayaq. Əslində səhv qərar idi. Niyə? Sözügedən KİV-lərin Bakıda rəsmi ofisləri var idi. Onlar pristijə görə ölkənin peşəkar media adamlarına əməkdaşlıq təklif edirdilər. Yəni Azərbaycanda peşəkarlardan ibarət komanda yığırdılar. Dövlətə də bu KİV-lərdə kimlərin çalışdığı barədə konkret adlar, müəlliflər bəlli olurdu. Onu da qeyd etmək vacibdir ki, bəzən təklif alanlar sırasında xeyli milli ruhlu peşəkarlar olurdu. Bəs bunun hansı faydası var idimi? Bəli, var idi! “Azadlıq” radiosu təcrübəsi mənə çox vacib və incə bir detalı öyrətdi. Rəsmən qadağan olunan siyasi terminləri ən müxtəlif formalarda, amma Azərbaycan maraqlarına uyğun efirlərə daşıyırdıq. Düzdür bəzən bunu cəzası da olurdu, amma sevə-sevə də çəkilirdi. İndi o ofislər yoxdur, o peşəkarların bir qismi, ya ölkədən getdi, ya da xarici mediaya işləyər küçə reportyorları ilə əvəzləndi, yəni işsiz qaldılar. Beləcə, xarici media ilə əməkaşlıq edən pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif qurumlar yaradıldı. Bu təsadüf idimi? İnandırıcı deyil…
İndi keçək ona ki, digər yerli media quruluşlarında nə baş verdi?
Tənqidin demək olar tamamən yığışdırıldığı milli mediada, tabu, yəni toxunulmaz, mövzular müəyyənləşdi.
Bunu edənlər yaxşı bilirdi ki, peşəkar media adamı, həm də yaradıcı biridir. Bir yaradıcıya qoyulan sonsuz qadağalar, hər kəsi peşəsindən işindən soyutdu. Nəticədə informasiya bolluğunda üzən, tələbkar auditoriya həm ideoloji, həm də informasiya qıtlığı yaşadı. Media “yığışdırıldı”, auditoriya incidi, ortada böyük bir boşluq və narazı auditoruya qaldı.
Uzun müddət yaranmış böyük bir boşluğa, onlar doluşdular. Azərbaycandan narazı, milli ruhu olmayan, mənəvi və psixoloji problemli ailələrdə böyümüş, nə zamansa ölkədə barəsində açıq cinayət işləri olanlar müxtəlif fırıldaqlarda adı keçən, düzgün həyat tərzi olmayan “jurnalistlər”. Azərbaycana “canı yanan” bu adamların məqsədi əslində dövləti aşağılamaq, milləti ələ salmaq, kimlərisə şantaj edib pul qazanmaq oldu. Üstəlik ədalətsizliyi, haqsızlığı ilə mediasız qalmış, mübarizə apara bilməyən, küskün auditoriya da məhz onları seçdi. İşindəki informasiya aclığını hər gün “çiçəklənən Azərbaycan” barədə danışılan şit efir çıxışları təmin etmədi. Əslində milli media və dövlət, həm də peşəkar bir auditoriya itirdi bununla. Üstəlik sarı mətbuatın, şou, şəxsi həyat, kriminal yüklü xəbərlər evlərə daşındı. Bu milli cinayətdir…

Necə geri qaytara bilərik itirilənləri? Və ya qaytara bilərikmi? Bilərik! İndiki durumunda bunu həm də sürətlə etmək çox ciddi şərtdir.

-Azad sözə yer vermək, fikir söyləyənlərlə bağlı sərt qərarlar qəbul etməmək, medianın müstəqilliyini geri qaytarmaq, reklam bazarı qadağasını götürməklə;

-İnsanları inandıraraq. İnsanların mütləq sözünü deməyə, inanmağa, güvənməyə, üz tutmağa mediası olmalıdır.

Bir vacib detal da var.

-Azərbaycana Pribaltika ölkələri üzərindən, bir neçə “jurnalistə” qara piar üçün göndərilən maliyənin, “qonorarın” qarşısını almaqla.

Eyni zamanda, ölkədə,

-xarici kəşfiyyata çalışan medianı nəzarətə götürməklə.

Ən vacibi, söyüş mediasının auditoriyasını əlindən almaq lazımdır. Necə?

-Onların söyüşlə qaldırdığı, əslində isə insanları gerçəkdən narahat edən mövzuları əllərindən almaqla. Bu mövzuları yerli efirlərə və yazılı mediaya daşımaqla.

Qısası milli medianın yoxluğunda yaranan boşluqlara dolan, irinli çibanı özümüz sıxıb, təmizləməliyik. İyrənc olsa da, buna məcburuq. Vətəndaş-dövlət-milli media adamı olaraq. Qalır o ki, bir-birindən qopmuş və incimiş bu üçlük, yenidən bir olmaq istəyirmi?!.

Jalə Mütəllimova