İndi əksəriyyətin durumu belədir. Əsəbdən, yorğunluqdan, ehtiyacdan, yaşanan krizdən, sarsıntıdadır insanlar. Düşüncə yerində deyil, davranışlarda aqresiya, söyüş, təhqir. Hələ o da var ki, illərdir ideologiyasızlıq üzündən adamlar düzgün tərbiyə olunayıb, ölkədə vətəndaş yetişdirilməyib. Gəlin ondan başlayaq ki, vətəndaş necə olmalıdır. Vətəndaşın minimal təhsili, təhsilinə görə işi, işinə görə dolanışığı, dolanışığana uyğun ailəsi, ailəsini qorumaq üçün ictimai mövqeyi, dövlətinin işində sayılması və dövlətin onu sayması gərəkdir. Bu göstəricilərə, varmı, yoxmu sualı vermirəm. Niyə? Çünki yoxdur!..

***

Soruşula bilər ki, qeyd olunan ideologiyasızlıq dövlətə, ictimai rəyə daha nə “verdi”. Deyim biləsiniz. Biz cəmiyyət olaraq ibtidai mərhələdə idik. Çox ciddi psixoloji məqamdır. İnsan iki halda, ya ona birdən hər şey veriləndə, ya da o, daha böyük basqı yaşayanda, əvvəlcə gərgin olur, sonra sinirini biruzə verir, aqressivləşir. Birinci halda düşünür ki, məndən daha yoxdur. İkinci halda deyir ki, artıq itiriləcək bir şeyim yoxdur. Özü də hiss etmədən mübahisələr edir, sonra hikkə ilə müqayisə. Bunların ardıyca tələb gəlir, haqlı və ya haqzıs olmasının fərqi yoxdur, dayanmadan tələblər səsləndirir insan. Yeri gəldi, gəlmədi irad tutur hər kəsə. İrad və tələbin ardıyca, etiraz, etirazın ardıyca xaos və üsyana başlayır…

Azərbaycanda hətta sonuncunun işartıları var. Susuzluq etirazları təşkil olunur dövlətə qarşı. Yəni hücumları sadəcə hücum xatirinə təşkil etmirlər. Hər birinin psixoloji və faktoloji əsası var. Bu çoxunun diqqət etmədiyi, əslində isə ən vacib məqamlardandır.

Yəqin ki, hər kəs sadalanan ardıcıllıqdan ölkənin hansı mərhələdə olduğunu da hiss edir. Biz XAOSDAYIQ…
Diqqət edilsə çox aydın görünür, vətəndaş məsuliyyəti, ümumbəşəri dəyərlər, dünya musiqisi, incəsənəti, ədəbiyyatı, arxitekturası xalqa o qədər çatdırılmayıb ki, o artıq kütlədir. Və bunun fərqində deyil. Çünki ruhunda, genetikasında mübarizlik, mərdlik var. İndi bircə anlıq təsəvvür edin ki, nəhəng mərdlikləri olan bir xalqa deyirsən sən artıq kütləsən və elə psixoloji presinqə məruz qalmısan ki, artıq kütlə olmaqda xilas eləmək az qala mümkünsüzləşib. Səni əzə-əzə, alçalda-alçalda, ələbaxan, tənbəl öyrədə-öyrədə kütlə elədilər.

İndi Azərbaycan sovetdən qalan az-çox bəşəri dəyərlərin hesabına ayaq üstədir deyəcəyəm, onda da Rusiyapərəst deyəcək qaraguruh. Əsla, belə deyil. Bu gerçək vətən sevgisinin dilə gətirdiyi, izah etməyə çalışdırı acı və real həqiqətdir.

Ayılmaq zamanıdır dövlət babam! Biz xaosdayıq, üsyanın bir addımlığında. Allah eləməsin, itirməyə heç nəyi olmayan, milli beyni, ruhu olmayan və heç kimin hesablamadığı birini bu kütlənin qarşısında güc eləsinlər.
O üzdən bu xaosdan xilasın bir yolu var. İndi təqdim edəcəyim mənzərəni son dərəcə ciddiyə almaq, buna görə davranmaq gərəkdir:

-Azərbaycanda gənclik meşşanlaşıb, cahilləşib, hamı populizmlə məğuldur.

-Millətin qəhrəmanları telekanallarda yayımlanan komediya telejurnalının əyyaş tipləridir.

-Mətbuatın böyük bir kəsimi elementar biliyi olmayan dayaz, reket insanların əlindədir.

– TV-lər bütün mövzularda koçürür, müstəqil fikir adamları efirlərdən yığışdırılıb.

-Şəxsi həyat sirri, müqəddəslik itib, hər şey sosial media üzərindən tirajlanır və adiləşir. Bu milli kökdən qopmaq üçün çox qorxulu təbliğat üsuludur.

-Kriminal xəbərlərin sayı artıb, detallı yayımı kütləviləşib.

– Ölkədə milli kadr “istehsalı” sıfırın altındadır. Olanlarsa “ovsaytda” qalıb.

Hələlik bu mövzularda yuxarılar susur, hətta mənzərəyə inanmırlar. İnanmayın, sadəcə artıq Nefçala, Saatlı, Sabirabaddan başlayan su üsyanlarına diqqət yetirin. Su üsyanları bütün üsyanların ibtidaisidir. Sizsə hələ çox rahatsınız…

Hərənin öz mediası var…

Hərənin öz jurnalisti var…

Hərənin öz tv-i var…

Hərənin öz radiosu var…

Hərənin öz YOTUBE kanalı var…

Hərənin öz qəzeti var…

Hərənin deyəndə ki, hər qrupun, hər klanın, hər komandanın.

İDEOLOGİYASIZIQ, vəssalam! Hə, olar ki, kimsə filankəs getdi, ideologiyamız fəlakətə uğradı demək istədiyimi düşünər. Əsla! Zatən ideologiyası elə ideologiyasızlıq idi.

Buna görə vahid əl, sistematik idarəçilik yoxdur sahələr üzrə. Hərə öz bildiyi kimi, öz bacardığı qədər, dövlətə yox, məhz öz “ideologiyasına” işləyir. Azərbaycan bu durumdan heç nə qazanmır. Mərkəzdə dayanmış qaya kimidir. Hər tərəfdən, hamıya vurulacaq zərbələrin hesabını kimdən soracaqsan AZƏRBAYCAN, bax sual budur?!..

Polisin “vurulur”!

Median yox!

Məhkəmən bərbad!

İdarəçiliyində ciddi boşluqlar!

Jalə Mütəllimova

05.07.2020.