Mən bu adamları, Nurlanını, Əslisini, Orduxanını, Emilini, Məhəmmədini və sair çox yaxşı tanıyıram, dabbaqda gönlərinə bələdəm. İndi diqqətlə baxsanız, mediadan yetişib çıxan dörd adamı hədəf ediblər.

Yuxarıda sadalanan adların bəzisi daxil, hələ trol sürüləri də “işləyir”.

İki deputat və bir media kapitanı bir dövlət qulluqçusuna qarşı. Arzu Nağıyev, Rauf Arifoğlu, İbrahim Məmmədov və Qənirə Paşayeva. Hər biri mənim üçün bütün digər statuslarından əvvəl jurnalistdir. Hər biri bu məmləkətin yetişdirdiyi, ən ağır sınaqlardan çıxmış milli kadrdır. Hansı ki, bu gün məhz bu sıradan, milli kadroloji problemlərdən dolayı axsayırıq.

Ən vacib olanı unutmayın və yaxın əyləşin, bunun başımıza niyə gəlməsini, öz fərdi mövqeyimi deyim sizə. İnanan inansın, inanmayanı vicdanına həvalə edirəm. Zaman-zaman bunu edən və etdirən töküntülərdən yazıram. Trol sürüsündən, küçə mediasının yetişdirdiklərindən. Anlayıram ki, perspektivi olan adamlar qısqanclıq, acizlərdə və natamamlıq sindromundan əziyyət çəkənlərdə hər zaman qıcıq, hikkə doğurur. Onu da anlayıram ki, bu meydanı onlara özümüz və verənlər verib…

Təəssüf edirəm, illərin yetişdirdiyi media adamları indi küçə mediasının yetişdirdiklərin, “söyüş müxalifəti”nin trollarının və xaricdə əyləşən “vətənpərvərlərin” hədəfinə çevrilir. Bu ünsürlərin əli ilə adamları aşağılatdırır, təhqir olunmaları üçün şərait yaradırlar. İryəncdir, çox iyrənc!

Bəs bütün bunlar niyə baş verir?

Bu kimi ünsürlərlə mübarizə üçün milli medianın gücü, o milli medianın ki, o, Raufun da, Qənirənin də, Arzunun da, İbrahimin də soyadlarından və statuslarından öncə tək adlarının nə ifadə elədiyindən xəbədardır.

Bu adların hər biri ayrılıqda ciddi milli gücdür. Ancaq ədəbsiz sürü qarşısında onlar belə bəzən mat, bəzən müdafiəsiz qalırlar. Bu gün medianı kurasiya edən qardaşlarımız peşəkarları dəvət edib, onlarla məhz bu kimi mövzuları çözməlidirlər. Niyəsə lazım bilmirlər. Daha dəqiqi guya bəyənmirlər. Kökündən səhv yanaşmadır.

Unutmayın, əzizlər, ölkənin informasiya siyasətinin yükü qəbul etsəniz də, etməsəniz də, sizin seçdiyiniz yox, seçmədiyiniz adamların çiynindədir. İnanın səmimiyyətimə, bu yükü nəinki seçdikləriniz, hətta siz də çəkə bilməzsiniz. Bu gün ölkədə bir sözü bir telekanal, bir xəbər holdinqindən güclü media adamları var. Amma bu da faktdır ki, ölkənin media sektorunda hərə başına bir dəstə yığıb, hurrey siyasəti qurub.

Hərə bir küncdə dövlətin media siyasətinə ayırdığı pulu bildiyi kimi göyə sovurur. Alınmır, alınmayacaq, ta o çağacan ki, yaraşığa, bahalı geyimə, nə dedinizsə, qayıdıb “baş üstə” deyib, sonra sizi satıb qaçanlara yox, o qədər yaraşıqlı olmasa da, daha peşəkar olanlara üz tutacaqsınız, onları sayacaqsınız.

Mənsə öz gördüyümü etiraf edirəm. Bu gün milli medianın əsas adamları olsa da, ölkəni bir ovuc tərbiyəsiz, küçə mediasından “sima” olaraq yetişmişlər “fırladır”. Pribaltikadan, Avropadan gələn pullarla. Bu gün Qarabağ olayında da anti-Azərbaycan mövqeyindədir bu sürü.

Ölkə mediası fədakarların çiynində Allah ümidinə yol gedir… Hara? O hələ bəlli deyil!.. Bir şey dəqiqdir – biz mediadakı o təhlükəli sürünün arxasınca gedirik, indilik onu əzib keçmək üçün əlimiz zəifdir.

Tanrı öz gücümüzü özümüzə çox görməsin… Tanrı peşəmizə, dövlət və xalqımıza olan sevgimizi sarsıtmasın…

Dövlət bu istiqamətdə çox dəqiq, ciddi, hesablanmış istiqamət seçməli, hədəf müəyyən etməli və bu işin icrası min yox, bir əldə cəmlənməlidir.

Buna böyük ümidlə…

Jalə MÜTƏLLİMOVA
19.07.2020