Ölkədə medianın durumu dəsmal götürüb ağlamalı vəziyyətdədir. Dedik gedənlər gedib, gələnlər ağ günə çıxaracaq ölkəni. Yəqin sözün qədrini, söz deyənin qədrini indən belə bilərlər. Bu o yəqindir ki, içində nəhəng bir ümid var idi. Adama dözmək üçün dəstək olurdu. Ancaq son görüb, müşahidə etdiklərim deməyə əsas verir ki, artıq Azərbaycanda ümid də ölməkdədir. Belə davam edərsə, çox yaxında, Azərbaycan mediası deyə bir şey qalmayacaq. Yəni yenilik bundan ibarət olacaq, OLMAMAQDAN!

Bu böyük və təhlükəli etirafdır, bilirəm. Amma əlahəzrət faktdır: Söyüş və mühacir mediası Azərbaycan milli mediasını “boğur”. Həm maddi imkanları, həm texniki bazası, yazmaq, danışmaq azadlığı, eyni zamanda mövzu bolluğu ilə. Azərbaycanda isə hələ də çıxar, qoy, yaz, yazma, olar, olmazlar var. Mənzərədən görünənsə budur ki, tənqid yazmaq olar, müstəqilsiniz, azadsınız, nədən istəsəniz yaza bilərsiniz. Bu vidalaşdığımız tabulardan daha qorxulu, daha çox xaosa gətirəcək prosesdir. Bizi OLMAMAĞA aparır!

Bu günlərdə dövlət mövqeyini dəstəklənməsi üçün icrasına start verilən yeni layihə isə başdan ayağa fiaskodur. Kimin ideasıdır, kimin təklifidir, bilmirəm. Bəlkə də zamanında piar-təbliğat işinə ayrılan vəsaitin indi kimlərsə tərəfindən silinməsi üçün gizli qurulan bir oyundur, onu da birmirəm, amma dövlətə ciddi ziyan gətirəcəyindən, adım kimi əminəm.

Yəqin çoxları xatırlayar, məhşur troll ordularını. İndi laldılar, susublar. Uğursuz proyektin yeni variantı hazırlanır çünki. Bu dəfə adlı trollar çalışacaq. Yəni fayke yox, artıq açıq adlar altında insanlar guya mövqe bildirməyə məcbur ediləcək. Kimlərdənsə artıq bunun üçün şəxsiyyət vəsiqələri belə toplanıb. Bu da ona dəlalət edir ki, layihəyə həm də bəlli maliyyə ayrılıb. Sual olunur ki, kimlərdən ibarət olacaq yeni dəstələr? Adına könüllülər deyəcəklər. Əslində, siyasi bilgisi az olan təbəqələrdən, müəllimlərdən, xadimələrdən, qarovulçulardan, tələbələrdən və sairlərdən formalaşacaqlar.

Cənablar bu gülməli proyektdir. Həm də çox gülməli. Gün gələcək sizi adbaad ictimailəşdirəcəklər o könüllü dedikləriniz. Başınıza cəm olan adamların hər birini idarə etmək, fiziki və texniki baxımdan mümkün deyil. Bəlkə bu ona hesablanıb ki, bir neqativi yüzü layk etsə, sizin də yüz könüllünüz ittiham edib, söyəcək. Yəni hər necəsə mövqe ortaya qoyacaq. Bu biabırçılıqır. Buradan yaranacaq xaosu, mübahisələri, hətta əlbə-yaxa davaları, cinayətlərə aparacaq yolları, məhkəmə işlərini siz yuxarıdan baxanlar, doğurdanmı görmürsünüz?!
Siz doğurdanmı məlumatsızsınız ki, bəlli həbslərdən və işdən çıxarılmalardan sonra, hətta mühacir media simaları arasında əl dəyişən, texniki avadanlıqlarını yeniləyən, daha yaxşı fəaliyyətə başlayanlar var?

Cənablar, tələsin, bu adamlar bizim, sizin “ağzımızın düz içindədir”. Sahiblənə, toparlana, yığa bilmədiyiniz nəhəng bir sektor əldən çıxır. Çox sadə məntiqdir, sən bəyənmədiyini, sən götürmədiyini mütləq kimsə sahiblənəcək, kimsə götürəcək, səndən yaxşı işlədib, sənə qarşı çevirəcək. Və o anda sən bunu haqq etmiş olacaqsan. Bu qədər bəsit mənqiti dünyanın nəhəng ali təhsil ocaqlarının məzunları olan sizlər, doğurdanmı anlaya, görə, fərq edə bilmirsiniz?

İndi nə pul haqq-hesabı aparmağın, nə audit yoxlamaları keçirməyin, nə də medianı bərbad edib talayanları araşdırmağın zamanıdır. Bunu ən vacibi, necə deyərlər ölünü, yəni medianı yerdən götürəndən sonra da eləmək olar. İndi o zamandır ki, media toparlansın. İstiqamət müəyyənləşdirilsin, siyasət bəlli olsun.

Təbii ki, Azərbaycan təbliğatını rus dili, ingilis dili üzərindən də qurmalıdır. Amma və lakin siz qısa bir zamanda ucdan tutma, gödək ətəkli qızlardan, qıvrım telli oğlanlardan, ingilis, rus dilli nəhəng bir ordu yetişdirə, adına da Azərbaycan mediası deyə bilməyəcəksiniz. Bunu media ilə iş üçün artıq dördüncü əlin dəyişməsi çox aydın isbatlayır. Azərbaycanın iyirmi yeddi illik müstəqillik dönəmindən bixəbər olanlar dar çərçivələrin mediası olacaq, xalqın, dövlətin yox. Nəhayət ki, bunun fərqində olun. Azərbaycanda deputatın, nazirin, məmurun, sektor müdirlərinin, köməkçilərin və sairlərin mediası olmamalıdır. Dövlət, müxalif, müstəqil və nə qədər sevməsəm də sarı media olmalıdır. Hər kəsin öz auditoriyası formalaşmalıdır. Reklam bazarları açılmalıdır medianın üzünə. Üstəlik ölkədə bərbad fəaliyyəti ilə tanınan frilans çalışan, mühacir TV-lərin küçə mediası da yığışdırılmalıdır. Dövlət qarşısında məsələ qaldırılmalıdır ki, onların, yəni xarici KİV-lərin rəsmi ofisi, fəaliyyəti olsun. Qanunvericilik bazamızda uyğun dəyişiklik edilməlidir buna görə. Dövlətin vergisini versinlər, yerli KİV haqqında qanunlara tabe olsunlar.

Artıq fiaskoya uğramış köhnə media siyasətinindən əl çəkin. Yoxsa başladılan bu perosesin qarşısını kimsə ala bilməyəcək. Nə qədər sayğı duysam da, heç hörmətli Hikmət Hacıyev də buna qarşı dura bilməz.

Azərbaycanda media sektorunun necə fiaskoya uğraması kimi böyük təcrübə var qarşınızda. Cənablar, bu təcrübəni geriyə çevirmək zamanıdır. Edilələri etməmək, sıradan çıxarılanları cərgəyə qaytarmaq məqamıdır. Bu təcrübədən yararlanın. Edilməyənləri edin, əzilənləri, vurulub qırağa atılanları araşdırın. Detallarına getmək, varmaq istəmirəm. Ə.Həsənovun kadrı deməyin hamıya. Adamlar qıcıqlanır. Dönüb soruşmaq istəyir ki, cənablar, media, informasiya siyasətinin başında kim idi ölkədə, Fatmanisə nənəmi?
Sizin qəbul etdiyiniz qərarların, dəstəklədiyiniz, adına media dediklərinizin böyük yalnışları var bəylər! Biz dərdimizi kimə deyək axı?..

***

Düzü mənə ağır gəlir. Zamanında Həsənovu, Mehtiyevi tərifləyənlər, indi Anar Ələkbərova, Hikmət Hacıyevə tərif deyir. Bunu böyük təəssüfünü yaşamaqdayam. Sizə bir sözüm daha var dəyərlilər, sildiriləcək yazılar, məhz bu qəbil olanlardır. Yol verməyin sizi tərifləyib-tərifləyib Ramiz Mehtiyev eləsinlər. Elə Hikmək Hacıyev, Anar Ələkbərov kimi qalın, bəsidir hamının.
…Və nəhayət araşdırılsın ki, Azərbaycan mediası niyə, mühacir və söyüş mediasına uduzmaqdadır?

Niyəsini deyim, biləsiniz, onlar yaxşı texniki avadanlıq, işləmələri üçün maddi-mənəvi mühitlə təmin olunub.Onlar hədəflərini bilir. Bu millət, bu dövlət üçün çalışan bir milli media siması göstərin ki, məsələn, Qurban, Məhəmməd, Sevinc, Orduxan, Emin, Qənimət kimi təmin olunub, işləmələrinə o cür şərait yaradılıb. Sizdən nəsə uman da yoxdur, sadəcə reklam bazarlarını açın. Bəlli yerlərə, ünvanlara yönəltməyin. Bu yetəcək hər kəsə. İndi görülən işlərdənsə təəssüflə deyirəm ki, yalnız format dəyişir, mahiyyət yerindədir. Biz nəyə islahat deyirik, bilmirəm. Bildiyim bir o ki, biz çox sürətlə bir şeyə gedirik, OLMAMAĞA!..

***

Bu arada media qədər olmasa belə, ölkədə QHT sektoru da ağır vəziyyətdədir. Yəqin elə bu üzdən media ilə başladılması müşkülə çevrilən danışıqlar artıq QHT-lərlə başladılıb. Bəlli ki, QHT sektoru da məlum dairələrdən ölkənin digər sahələri kimi, hər zaman nəzarət altında saxlanılıb. Amma yetərincə böyük məbləğdə maliyyə ayrılan sahənin fəaliyyəti, vətəndaş cəmiyyəti qurulması işi, ictimai həyatda hiss olunmayıb desək, yanılmarıq.

Çox maraqlıdır, Azərbaycanda ideolojinin aparıcı qollarından olan QHT sektorunda nə baş verib bu illər ərzində? Sektora rəhbərlik edənlərmi, yoxsa rəhbərlik edənlərdən üst qatdakılarmı lazım bilməyiblər bu sahənin güclənməsini və ictimai proseslərdə aktivliyini? Azərbaycanın ictimai, siyasi, sosial həyatında, maarifçilik, tarix, mədəniyyət sahəsi ilə bağlı, ailə, qadın, uşaq problemləri ilə əlaqədar hansı işlər görülüb, layihələr icra olunub? Bir sözlə olub görünməyən QHT sektorunda durumlar necədir? Yeri gəlmişkən, bu sektorun pandamiya dönəmində, məlum aksiyalarda, habelə Tovuz əməliyyatında da varlığı duyulmadı. Gücləndirilmək ehtimalı varmı, QHT sektorunun? Çox hörmət etdiyimiz Hikmət Hacıyev özündən əvvəlkilər kimi bu işi təhvilmi verəcək, davammı etdirəcək? Sizi bilmirəm, mən sadəcə daha ümidvar deyiləm, həm də heç kimə ümidvar deyiləm!..

Jalə Mütəllimova

27.08.2020