…Il doxsanlar deyil…

Silahlar doxsandakı deyil…

Dünya da doxsanlardakı deyil…

Dünyada, regionda siyasi balans, disbalans, heç nə doxsanlardakı deyil…

Azərbaycan da doxsanlardakı deyil…

Azərbaycana olan münasibət də doxsanlardakı deyil…

Strateji müttəfiq və qonşuluq münasibətləri də doxsanlardakı deyil…

Rusiya gücü də doxsanlardakı deyil…

SOROSla düşmən, Avropa və Qərblə düşmən Rusiyanı bu çağacan görən olmayıb. O hamı ilə yaxşı münasibətdə idi.

Üstəlik bu gün Cənubi Qafqazdakı siyasi durum da əvvəlki deyil. Avropadan, bir Fransa xaric, heç kim qırxdan çox beynəlxaq və regional layihənin sahibi, Azərbaycanla əməkdaşlığı pozmaq istəmir.

Hətta SOROS belə….Öz xarici KIV-lərində Ermənistanı məğlub tərəf kimi göstərdi SOROS.

Bundan başqa, Qərbin, Avropanın maraqlarını müdafiə edən, qərarlarından dolayı propaqanda aparan, siyayi qarmaşa salan, formal olaraq insan haqları təşkilatları hesab olunanlar da Ermənistandakı vəziyyətlə bağlı susdu. Həbslərə, ölümlərə, müharibədə apardıqları monitorinqlərdən hesabatlara dair bir cümlə belə yaymadılar.

Niyə? Bəlkə din və əqidə qardaşlığı edirlər? Əsla!

Onlar sadəcə Azərbaycanın adı çəkilən mövzuya bu an üçün girişmək istəmirlər. Çünki təmsil etdikləri dövlətlər və siyasi qurumlar Dağlıq Qarabağ savaşı ilə bağlı Azərbaycan və Türkiyənin qurduğu ağıllı plan nəticəsində “ofsaytdadır”.

Rusiyaya gəlincə, onun Ukrayna, Gürcüstan, Qırğızıstan, Ermənistan kimi postsovet ölkələri itkisi Türkiyə ilə ittifaqdan və Cənubi Qafqazda Azərbaycanla dostluğa razılaşmaqdan başqa yol qoymadı. Bəli, bu yaxşı uğurdur, amma heç zaman unutmaq olmaz, Rusiya siyasi kombinasiyalarda ustadır. Üstəgəl biz, millət və dövlət olaraq, onun tarix boyu Azərbaycana münasibətini və erməniyə münasibətindəki mövqeyini görmüşük. Odur ki, Dağlıq Qarabağın azad edilişindən sonra, türk əbədi və yeganə strateji müttəfiqdir. Hətta yəqin ki, ordu islahatlarını məhz Türkiyə ordusu formatında aparacağıq. Iran və Rusiya dost görünən, qonşudur. Erməni isə müvəqqəti yox, əbədi düşmən qonşudur. Hətta sabah gəlib yan tərəfində yaşasa belə əbədi düşmən olmasını içdə unutmamalıyıq. Bizim millət olaraq bundan sonrakı nəsillərə ötürməli olduğumuz formula budur.

Bir də tələsik, emosional, aqressiv yox, soyuqqanlı olmağı öyrənməliyik. Sevmədiklərimizə də bunu ağılın və siyasi bicliyin gücü, dili ilə ifadə etməliyik. Qalan bütün hallarda, zaman da, danışdıqlarımız da əksimizə işləyər.

Bir vacib məqam daha, müharibədən sonra vəd olunan Azərbaycanın heç olmasa işartıları görünməyə başlamalıdır. Indi görünən hələ ki, “köhnə hamam, köhnə tasdır”. Yəni qazanılan uğura sevgidən, nüfuza hörmətdən “xərclənilir”. Əslində isə elə görünməli və olmalı idi ki, XALQ DÖVLƏTinin öz vədinə əməl eydiyini bilsin.

Bundan başqa soyuq müharibə dönəmində də xalq kənarda qalmamalıdır. XALQ çox ütülü danışanlardan daha səmimi, daha aydın ifadə edir hər şeyi. Dövlətin deyə bilmədiyi hər nə varsa, onu xalq deyə də, edə də bilər. Dövlət isə rahat şəkildə, ancaq rəsmi alanda savaşar.
Odur ki, hörmətli deputatlar, məmurlar, evlərə gedəndə, ayaqqabınızı soyunun, dizinizi qırıb, bardaşqurma oturun, xalqla məsləhətləşin, çünki o xalq olmasa siz də yoxsunuz. Onun yanında mütləq ondan kiçik və ya onun kimi görünün. Sonra da dövlətə dürüst hesabat verin. Şəhid ailəsinin haqqını yeməyon, oğurlamayın, dövlətlə xalqı düşmən etməyin. Daha aldatmayın, fırıldaq gəlməyin nə dövlətə, nə xalqa. Qoyun bu qədər əzablı mübariəzənin, xalq-dövlət ittifaqı ilə udulmuş müharibənin soyuq savaşında da qələbə çalan onlar olsun, XALQ, DÖVLƏT və Azərbaycan!

Jalə Mütəllimova

16.11.2020