Günlərdir vəziyyət belədir, yaralı  qazi deyir, mənə baxan yoxdur, icra hakimiyyətindən gələn yoxdur…
Şəhidin şəkilini  başçı çıxarıb qoyur qırağa ki, mənzərəni korlayır…
Günlərdir balamı axtarıram, tapa bilmirəm…
Ağlayan şəhid anasına deyir, dayan də, söz danışmalıyam…
Şəhidlik statusu almaqda problem yaşayan da olur..
Şəhid atasına deyir, əşi üç min vermişəm, get baş daşın götüzdür…
Evə xəstə köçürülən qazi ilə maraqlanan yoxdur…
44 günlük vətən savaşından sonra gördüyümüz çox miskin epizodlardır bunlar. Məhz epizodlardır, tam mənzərə deyil. Bir qrup məmur, icra başçısı var ki, məhz bu kateqoriyadandırlar.
***
Dövlət şəhidə ehsan verilməsi, başdaşı qoyulması, hətta məzarına çiçək, qapısının qarşına lövhə qoyulması üçün vəsait verir. Onların ailəsinə maddi dəstək, kompensasiya belə ayrılır. Ailəsində işsizi, təhsillə problemlisi qalmır bu ailələrin. Hətta bəzi ailə üzvlərini həbsdən belə azad etdi dövlət. Nə şəhidin, nə qazinin kredit borcu qalmayacaq. Bütün kommunal ödənişlərdən azad olacaqlar. Müalicələri dövlət hesabına ediləcək. Xüsusi təqaüdlər, dövlət mükafatları alacaqlar.
Onların hamısı VƏTƏN qarşısında xüsisi xidmət göstərib. Vətən torpağını 44 günə erməni daşnaqlardan azad edib. Dost dövlətlərin siyasi  dəstəyi, Azərbaycanın dövlət başçısının iradəsi, əsgərin, xalqın fədakarlığı ilə 30 illik atəşkəsdən sonra atəş kəsmədi və biz Qarabağa döndük.
44  gündə hamıya elə gəldi ki, daha müharibədən öncəki Azərbaycan da olmayacaq. Bu savaş ən insafsız məmuru da imana gətirdi deyə düşündük çoxumuz.
…Sən saydığını say…Döyüş bitdi Cəlilabadın icra başçısı əvvəl saxlandı, sonra işdən azad esildi və həbs olundu… Biz geri, müharibə öncəsi vəziyyətəmi dönürük?.. Yol vermək olmaz!
…Sizin rahat kreslolarınız olsun deyə, rahat işləyəsiniz deyə, ölkə bölünüb parçalanmasın deyə, minlərlə adam can verdi, itkin düşdü, sağlamlığından oldu, yarımcan qaldı. Biz onlara can, vətən, dövlət borcluyuq. Ödənməyən borclardır. Odur ki, insafla, vicdanla davranın. Dövlətə dəstək olun. Xüsusi adamlar ayırın, cənab başçılar. O adamlar evləri gəzsin, yaralılarla, şəhidlərin ailələri ilə bağlı durumları dəqiq yazsın, hesabat versin. Itkin balalrını axtarmaqda kömək edin ailələrə. Tam hesabat qovluğunun sizə aid olan hissəsini özünüz həll edin, qalanının yuxarıya, dövlətə yollayın. Bunu etmək üçün bütün imkanlarınız var. Daha bunu edən az sayda həmkarınıza mesaj yollamayın ki, “özünü kimə göstərirsən”.
Şəhidin pulu yeyilməz. Qazinin haqqına girilməz. Allah qarşısında toxunulmazdırlar. Hesabınızı təkcə dövlət yox Allah da kəsər. Dövlətdən qorxmursunuz Allahdan, Allahdan qorxmursunuz dövlətdən qorxun. Heç qorxmamaq variantı da var. Adına dövlət xidməti deyirlər. Kaş bu sonuncu daha çox ola, çünki indi dövlətin elə ona ehtiyacı var..
Jalə Mütəllimova
10.12.2020