Qara piarlı informasiya konveyri dolanır Azərbaycanın başında. Hər atılan addımdan, hər görülər işdən sonra ləkə yaxmağa çalışırlar.
Yataq odası filmindən sonra, Indi də Şahbazla Dilqəm hoqqası. Erməni əsirliyindən, illərin əzablı mübarizəsindən sonra geri alınanların üzərindən oyun qururlar. Dilqəm bildirib ki, Şahbaz ermənilərin adamıdır. Şahbaz da ona əqli qüsurlu adam deyir. Kim haqlıdır, dəqiq bəlli deyil. Bəlli olan bir o ki, adamların üzərindən çox təhlükəli iş planlanıb. Dünya görüşü kasad, siyasət anlayışı olmayan şəxsləri, məqsədli istifadə edirlər. Siyasi intriqaçılar üçün elə böyük məsələ deyil bu.
Böyük məsələ haqda sizə deyilməsi mümkün bəzi şeyləri anlatmaqda fayda görürəm.
Diqqət edin, illərlə Azərbaycan bu şəxslərin qaytarılması üçün mübarizə aparıb. Bu prosesdə dövləti milli media sonacan dəstəkləyib. Nəticə göz qabağındadır. Hər ikisi vətəndədir. Amma və lakin bu gün nə baş verir? Adamlar bir birini əqli qüsurluluqda, vətənə xəyanətdə, qətlə səbəb olmaqda ittiham edir. Hətta bəzi sənədlər təqdim olunur ictimai rəyə.
Bəli, Şahbaz bir, Dilqəm digər tərəfdir. Onlar özbaşına nə addım ata, nə söz deyə bilməz.
Tərəfləri araşdırmaq da olar. Hələ onlar əsirlikdə ikən, ailələri kimlər himayə edib? Kim sahiblənib, dəstək olub, yardım edib, dövlətdən başqa?!. Bu bir ipucudur. Bəlkə bu ucdan tutulsa içindən nəsə çıxar deyə düşünürəm. Təbii ki, söhbət qapalı araşdırmadan gedir.
Indi bəzi media quruluşları da bilərəkdən və ya bilməyərəkdən bu oyuna gedir. Özləri də bilmədən və ya yenə də bilərəkdən, erməni əlinə oynayır, düşmən dəyirmanına su tökür.
Sən demə, Azərbaycanda erməni cəsusu xilas edib, Bakıya gətirmək istəyən çox güclü vəzifəlilər var fikrini formalaşdırmaq istəyirlər.
Bu həm də o deməkdir ki, Azərbaycanın bu prosesdə iştirak edən bəlli dövlət qurumları o qədər qeyri-peşəkarmış ki, heç nəyi ortaya çıxara bilməyib imajı yaradılır. Çox açıqdır, mənzərə. Bu işdə həm də ölkənin təhlükəsizlik xidmətləri hədəfdir.
Sirr deyil, əsirlikdən dönən təhlükəsizlik yoxlaması, müainə və reablitasiyası keçir. Təbii ki, bu prosesi Dilqəmlə, Şahbaz da keçib. Nəticə nə olub, bizə dəqiq bəlli deyil. Bəlli olan o ki, hər şeyi təkcə dövlətin bilməsi yetərli sayılıb.
Indi dövlətə və onun təhlükəsizliyinə asi çıxanlar, məsələni ictimai müzakirəyə sürüyür. Birmənalı qınamaqdan yana olmaq gərək. Çünki çox təhlükəli suallar var ortada. Sadalayım, diqqət edin əziz oxucu:
-Niyə ilkin ifadələrdə bu boyda problemin olması üzə çıxarılmayıb?
-Yox əgər nəsə bəlli idisə, niyə ört-basdır edilib?
-Ümumiyyətlə, ört-basdır edilibmi? Edilibsə, bunu kim edib?
-Tək dövlətin bilməsi lazımdır, şərti doğurdanmı olub?
Ya da başqa bir sual, tutalım hər hansı araşdırma aparılıb, bəs qapalı aparılmalı olan bir təhlükəsilik araşdırmasının, ictimailəşməsində kimdir maraqlı? Bunu indi araşdıran varmı? O sənədləri kim çıxarıb ortaya? Nədir məqsəd? Və ya kimlərin perespektivindən, kimlər və niyə narahatdır? Kimi kimin gözündən salıb, nəyə nail olmaq istəyirlər? Ya da bunu edənlər dövlətə zərbə vurduqlarının fərqindədirlərmi?
Bir də belə qoyaq məsələni, Dilqəm, ya Şahbaz, ikisindən biri, ittihamda səsləndiyi kimi, düşmən agentiysə və kimlərsə də hakimiyyət daxilində bunu ört-basdır edirsə, bununla siyasi komandada erməniyə işləyənlərin olması haqda şübhə toxumu səpmək indiki halda kimə xidmət sayılır? Siyasi komanda daxilində xaos nə verə bilər bəzilərinə ? Yerimi bərkiyir? Namizədinimi keçirə bilir? Bəlkə hansısa prosesi ləngitməyə nail ola biləcəyini düşünür?
Yetərincə təhlükəli suallardır. Odur ki, kimin məqsədi nə olur, olsun, bu fərdi maraqlar uğrunda eybəcər savaşdan başqa bir şey deyil. Çıxış yolu, sərt ictimai qınaqdır. Və bu…
….blogerlər oyununa bənzəməz…
Bu, yataq odalarında film çəkməyə bənzəməz…
Bu, dədəsinin siyasi baxışına görə gənc qızını güddürməyə bənzəməz…
Dilqəmlə Şahbaz mələsində oyun, düppədüz VƏTƏNƏ XƏYANƏTDIR!
Lütfən, növbəti addımı atmayın. Bu dövlət, o siyasi lider Qarabağla ilgili nəhəng işlər görür. Çox ağır, çox əzablı, çox həssas və qorxulu yoldadır Azərbaycan. Zəngəzur, Naxçıvan, tarixi Irəvan, köhnə Xudafərin yolunda…
Bu yolda hərə öz yerində, öz işinin başında, öz xidmətində olsa, daha yaxşıdır cənablar. Dövləti maraqlar başladığı yerdə, şəxsi maraqlar bitməli. Hədəf yox, məqsəd olmalı gələcək Azərbaycan.
Siz, siz olun Şahbaz və Dilqəm hoqqasının başını buraxın, getsin. Zatən psixolojisi və siniri yerində olmayan adamdırlar.
Yox, savaşmaqdırsa məqsəd, öz aramızdır, o qədər açıqlarınız var ki, gedin onlardan yapışın. Dövlətə oyun qurub, badalaq gəlməyin. Beləcə kim güclüdür, kim dövlətçi, millətçi, xalqına sadiqdir, işinin gerçək peşəkarıdır, hamı görsün. Onu sevsin, onu dəstəkləsin, onu müdafiə eləsin. Yoxsa, Dilqəmlə Şahbazı döyüşdürüb, hər şeyi zərbə altına qoyursunuzsa, sizə lənət və ayıbdan başqa heç nə əta eləməz bu ictimai rəy və cəmiyyət. Təklif edirəm düşünəsiniz!..
Jalə Mütəllimova
17.04.2021.