Türkdilli dövlətlərin birgə görüşü, ortaq tədbirlərinə diqqət edirəm. Hər dəfə umduğum bir məsələ var. Təbii ki, peşəmlə, jurnalistika ilə bağlı. Ancaq umduğumu ala, görə bilmirəm.
Odur ki, yazmağı lazım bildim. O müzakirələrin birində, qarşılıqlı informasiya mübadiləsində, xəbər yüklü proqramlarda türkdilli dövlətlərin öz şivəsinin, öz türkcəsinin efirə qatılması məsələsi müzakirə edilə kaş bir dəfə.
Hazırki reallıqda bu, daha çox Azərbaycan və Türkiyə arasında mümkündür. Və bu işdə peşəkar xəbər müxbirlərini prosesə cəlb etməkdə fayda ola bilər.
Bəs bu necə olsun?
Çox sadə. Məsələn, Türkiyə efirinə Bakıdan qatılan müxbir təmiz Azərbaycan dilində, yəni oğuz türkcəsində danışsın.
Bu günəcən cəmi bircə belə istisnamız var. O da Azərbaycanda. Yerli kanalların birinin xaricdəki müxbiri türkdür və Türkiyə türkcəsində efirə çıxır. Nə titr, nə də sinxron tərcüməsi var. Çox maraqlı alınır.
Türkiyədə belə təcrübə, ümumiyyətlə, yoxdur. Əslində bu artıq ənənəyə çevrilməlidir. Məsələn, türk mətbuatında çıxış etmək üçün osmanlı türkcəsinə tərcümə olunamamalıyıq biz.
Və qəribə olanı bu ki, hətta Azərbaycan investisiyası ilə Türkiyədə açılan tv-də belə bu nəzərə alınmayıb. Bəlkə elə oradan başlamaq olar. Bizim türkcədə qısametrajlı bir veriliş və ya xırda xəbərlər hazırlana bilər müxtəlif xəbər buraxılışlarında. Informasiya mübadiləsində, çatdırılmasında mütləq bu yenilik tətbiq edilməlidir.
Türk birliyi, Turan deyiriksə, bu bizə faydalı addım ola bilər. Bəlkə ciddi effekt belə verər. Bəlkə vətəndaşlarımızda yavaş-yavaş refleks yaradarıq, ortaq türk dilinə. Əsində Azərbaycanda bu refleks artıq var. Qalır bunu Türkiyədə yaratmaq. Beləcə ortaq türk dilinin formalaşmasına da tövhə vermiş olarıq.
Təsəvvür edirsinizmi, fərqli dövlətlərin türk və hətta qeyri-türk olan vətəndaşılarında yeni dil alışqanlığı yaranır. Türk dilinin fərqli şivələrinin sözlərinə qulaq, dil vərdişi öyrədərik insanlarımıza. Beləcə yavaş-yavaş ortaq dilimiz də formalaşır. Birliyimiz, ortaq hədəflərimiz, Turan yolumuz kimi.
Aidiyyatı şəxslər, bəlkə bu təklifi bir düşünəsiniz, olmazmı?!.
Jalə Mütəllimova
20.04.2021.