…bəlkə yeni araşdırmaya ordan başyalasınız cənablar?!.
Ciddi və təhlükəli mövzuları var gündəmin. Düşmən əlində qara piar olan Tovuz, Gəncə, bir də Tərtər işi. Müharibədən qalib çıxan Azərbaycanın ordusuna və dövlət adına qara ləkədir “Tərtər işi”.
Niyəsə bir əminlik var. Dövlət bu işin də üstünə gedəcək. Bu bir qadın yazarın altıncı hiss ehtimalı idi. Artıq məsələni Milli Məclisə çıxaranlar varsa demək ki, həm də reallığa son dərəcə yaxın ehtimaldır. Bəlli olduğu kimi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc “Tərtər işi” məsələsini Milli Məclisdə qaldırıb. O deyir:
-2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı ilə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?
Natiqin üç vacib məqama toxunduğu çox aydndır.
Birinci, “ustanovka” gözləmək, dövlətin yuxarı təbəqələrini də usandırıb.
Yəni “ustanovkasız” işləməyə və işinin hesabatını verməyə hazır olmaq gərəkdir artıq.
İkinci, prosesi araşdırıb, düzgün əsaslandıra bilməyənlərin bu məsələdə alt maraqlarının olması istisna deyil.
Üçüncü, “İvanın bayrağı” məsələsidir. Yəni kimlərsə Azərbaycanı aprel döyüşlərindəki qələbəyə görə “cəzalandırmaq” üçün Tərtər hadisələrini təşkilinə əl qoyub.
Bu arada “İvanın bayğarı” ifadəsini konkret ünvana yozma əziz oxucu. Hələ tezdir. İndilik bu sadəcə bizim kəndin məsəldi, el məsəli. Babam rastına çıxan, ona müəmmalı görünən bütün hadisələrə belə deyərdi, “ bala, burda İvanın bayrağı əsib deyəsən”. Millət vəkilinin “2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı” ifadəsini məhz o “İvanın bayrağıdır”. İndi bu bayrağın altında “Tərtər işi”ndə kimlər cəm olub, yaşayıb görəcəyik. Yəni Hərbi Prokurorluqdan başlayıb, Müdafiə Nazirliyinəcən bir yolu olacaq bu araşdırmanın. Hərbi prokuror Xanlar Vəliyevin də, təqaüdçü general Nəcməddin Sadıkovun da dövlətə verəcəyi hesabatı mütləq vadır deyə düşünür çoxu indi.
***
…Bu günlərdə sosial şəbəkələrdə qarşıma iki şəkil çıxıdı. Birində məzarda və sağlıqda şəkili çəkilən Azərbaycanın ordu zabiti, palkovnik-leytenantı Saleh Qafarovun şəkli. O biri vətənə xəyanətdə günahlandırılan, “Tərtər işi”nin istintaqında dindirilən bu azərbaycanlı zabitin istintaq zamanı, dindirmədə, səhlənkarlıqdan həyatını itirməsi barədə ailəsinə göndərilən sənədin nüsxəsidir.
Sənədlə tanış olursan, bilmirsən nə güləsən, ya ağlayasan?
Inana bilmirsən, bu adamların ağlı idrak edirmi ki, bir milli ruhu, əqidəsi, əxlaqı olan zabit dövlət, ordu və xalq üçün sərvətdir. Dövlətə onun hazırlanması neçəyə başa gəlir? Bir zabitin müharibədə yox, dindirilmədə həyatını itirməsinin nə qədər utacverici və dövlət adına ləkə olduğunu doğurdanmı ciddi post tutan kimsə anlamayıb bu çağacan? Bu insanlıq göstəricisi də deyil axı. Bir ciddi rütbəli zabit hansı ehtiyatsızlıqdan ölə bilər ki, dindirmədə? O hərb meydanında şəhid ola bilərdi, dindirmədə ölə bilməzdi axı…
Ümumiyyətlə, istintaqın gedişatında ehtiyatsızlıq nə deməkdir? Yəni nəyi ehtiyatsızlıq adlandırırlar? Bu ehtiyatsızlığa görə kim cəzalandırılıb? Adı, soyadı, rütbəsi bəllidirmi? “Tərtər işi”ndə başçısını itirən on bir ailədən kimə həmin məhkəmələrdə iştiraka çağırış göndərilib? Kim, harada, necə ifadə verib? Niyə ciddi imajı olan, döyüş zabitlərinin adı hallanır bu məsələdə? Aralarında hətta bir şəhid zabitin də adı qeyd edilir. O işgəncə və qeyri-rəsmi kompensasiyaların paylanmasında iştirak edib deyə iddialar səslənir. Bəlkə onun ölüm faktından kimlərsə yararlanır? Bu da ehtimallar sırasındadır. Kimlər ailələrə məsələnin ört-basdır edilməsi üçün qeyri-rəsmi kompensasiya təklif edib? Bu məqamda baş verənlərə görə qanunla hansı məbləğdə kompensasiya nəzərdə tutulur? Zərərçəkənlərin hansınasa rəsmən bu qanuni kompensasiya verilib və ya təklif olunubmu? Ən vacibi, on bir nəfərə günahsız olduqları üçün rəsmi bəraət verilibmi? Çünki işgəncəyə görə həbs edilən varsa, bəraət alan da olmalıdır, məntiqlə…
Əslində bu yazılanlara jurnalistika dilində, cavab suallar deyir peşəkarlar. Bu qədər
Cavab sual varkən bir qalır işi yenidən araşdırmağa start verilməsi.
***
Düzü indi vəziyyət çox qarışıqdır. Aidiyyatı dövlət qurumlarına ciddi ipucları lazım. Birini bəndəniz elə bu yazıda yazır. Məsələn, təklif edirəm “Tərtər işi”nin yenidən araşdırılması üçün Oqtay Güləliyevdən başlayasınız cənablar. Daha dəqiqi onun hüquq müdafiəçisi kimi bu proses haqda ciddi məlumatlarla zəngin arxivindən bəhrələnmək faydalı ola bilər dövlətə.
Bəli, həmin Oqtay Güləliyevi deyirəm. Keçirdiyi ağır qəzadan sonra uzun müddətdir dövlətin, daha dəqiqi, ölkənin birinci vitse-prezidentinin dəstəyi ilə ciddi müalicə alan hüquq müdafiəçisindən. Hamımızın acil şəfa dilədiyi Oqtay bəydən. Sevindiricidir ki, artıq onun səhhətində yaxşıya doğru irəliləyişlər var. Təbii ki, həkimləri icazə verirsə, hətta Oqtay bəylə görüşmək də mümkündür.
Jalə Mütəllimova
26.04.2021