Həsən Bəy Zərdabinin dəfn mərasimində Əhməd Bəy Ağaoğlunun çıxışından iqtibas:
-Ey müqəddəs ruh, sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişir!..
***
Hələ onda Əhməd bəy bilmirdi ki, Həsən bəyi dəfn etdikləri o məzarlığın kənarı ilə yol çəkiləcək. O müqəddəs ruhun qəbri yol hissəsinə düşdüyündən, sökəcəklər. Ac qızının yer verin, dəfn edim, ricasına da yer yoxdur, cavabı verəcəklər. Və Həsən bəyin qızı illərlə atasının sümüklərini çarpayısının altında, torbada gizlədib saxlayacaq. Qorxudan, əsəb xəstəliyi tapacaq. Qapısına kimsəni buraxmayacaq. İllər keçəcək, Şıxəli Qurbanovun xahişindən sonra övladı izn verəcək ki, (o da sonralar sovetlərin hikkəsinə qurban getdi, zəhərlədilər) atasının sümükləri indiki birinci fəxri xiyabanda dəfn edilsin.
Üstündən yenə də illər keçəcək Səttar Zərdablı adlı yazar, şəxsi avtomobilini satıb hazırda məzarın üstündəki mamırlamış büstü qoyduracaq böyük mütəfəkkirə. Hamı da hər il milli mtbuat günündə o büstün qarşısında dayanıb ustadın ruhuna ehtiram edəcək (bəlkə milli mətbuata məsiyyə də demək olardı). Bunca imkanlı media adamı, sahəyə məsul şəxslər varkən, illər uzunu düşünmədilər, bircə “jiquli” də onlar satsa, yaxşı bir abidə ucaldılar Həsən bəyə.
Hələ onu demirəm ki, Həsən bəyə doğulduğu Zərdabda tikilən ev muzeyinə ayrılan vəsaitin də altından girib, üstündən çıxdılar.
Muzeydə Həsən bəyə aid eksponatların orjinallarının alınıb gəgirilməsi üçün ayrılan vəsaitləri necəsə edib, əvəzinə doxsan faiz fotoşəkil-eksponat dürdüşdürüblər. Adam baxır, sarsılır. Hələ tikilən evi demirəm, adam baxanda Həsən bəydən xəcalət çəkir…
Hörmətli xanımlar və cənablar, keçmişə münasibət, gələcəyə nümunədir edilən hər iş. Yəni nə ediriksə, artıqlaması ilə həyat və övladlarımızdan qarşılığını alacağıq. İlahi ədalət mütləq olacaq.
Deməm o ki, qarşıdan 22 iyul, mətbuat günü gəlir. Kaş o günəcən bir əncam çəkələr baş daşına Həsən bəyin. Ona layiq olduğu abidəni ucalda dövlət.
Axı o Azərbaycanda milli media olsun deyə, məmləkətindən İstanbula at arabası sürdürən KİŞİDİR. Heç olmasa o arbada, qoltuğunda da o şiriftləri bir abidə ucaldaq ustada. Gələcəyimizə yaxşı nümunə qoyaq. Olmazmı?..
Jalə Mütəllimova
04.05.2021.