Bu günlərdə bir eks nazirlə görüşmüşəm. Onun şəxsi təşəbbüsü ilə. Görüşdən sonra bir vacib təəssüratımı qeydə almağı lazım bilirəm. Bu son dərəcə maraqlıdır. Azərbaycanda məmur demək olar ki, mətbuat oxumur. Bir ciddi media siması belə tanımır. (Söhbət beş-üç rəhbər media adamından getmir, onlar elə rəhbərdir və dövlət lazım biləndə böyük müsahibələr götürmək hüquqları yaranır).
Adam düşünür ki, görəsən indi vəziyyət necədir? Hansı xəbərlər maraqlıdır azərbaycanlı məmura? Xəbərmi, siyasi analitikamı, müsahibəmi, portret janrımı, beynəlxalq xəbərmi? Və ya üzdə olan neçə jurnalisti tanıyırlar?
Cavab o qədər ürəkaçan deyil. Çox az sayda məmur mətbuat oxuyur və imza tanıyır. Çünki onlara sadəcə qısa xülasələr təqdim olunur, özü də imzasız. Yəni müəlliflərin kimliyi qeyd edilmədən.Əgər narahatlıq doğuran məqam varsa, o zaman araşdırılır kim, nəyi, harada və niyə yazıb?
Çox nadir halda düşünərlər ki, bəlkə adam düz yazıb. Bəlkə elə o yazılanı şəxsən özüm canıma əziyyət verib araşdırım? Mənə yalan deyirlər bəlkə.
Etmirlər. Onda da nəticədə bu olur ki, yüksək eşalondakı məmurla media arasında uçurumu yaranır. Hamı qaradır, hamı kiməsə çalışır, hamı hikkəlidir və hamı məhvə layiqdir. Bu gün məmur-media münasibətlərində bu qara rəngin heç olmasa bir az ağarmasına dair xırda təklifdə bulunmaq arzusundayam.
Çox istərdim gözəlim məmləkətin ən yuxarı eşalonunda, ən rahat kabinetlərində, yəni ən də olanların bəzisi Azərbaycan milli mediasının peşəkar “qara fəhlələrini”, peşəsi ilə alver etməyənləri, sənətini müqəddəs bilənləri, fədakarları, zəhmətkeşləri və gerçək imza sahiblərini, bir sözlə media brendi olanların heç olmasa bir neçəsini tanısın. Bu həm onların təsəvvüründə yeniliklərə yol açacaq, həm də düşündüklərində haqlı olub olmadıqları dəqiqləşəcək.
Beləcə bəlkə sosial şəbəkənin və medianın monitorinqinə də ehtiyac qalmaz.
Sizə bir məsələni də deyim. Əslində o ünsiyyətə layiq çox adam yoxdur mələkətdə. Cəmi bir ovuc ola, ya olmaya. Özü də fəqirlər çoxluğun camurunda bulaşmış kimi görünür. Daha doğrusu heç görünmür. O qara pıs-pısa Tıq-tıq xanım gölməçədə, neçə pıqqıldayıb boğula-boğula qalırsa, məmləkətin milli media adamları da eləcə pıqqıldaya-pıqqıldaya qalıb. Səsləri demək olar heç yerə çatmır. Sadəcə yazdıqları, çalışdıqları üzərindən kimlərsə divident qazanır, vəssalam.
Beləcə ortada çox pis mənzərə yaranıb. Medianı ancaq öz maraqlarından monitorinq edən, heç bir jurnalisti tanımayan yüksək postlular və əzilən, bezmiş, kütlədən olmaq istəməyən, yorğun milli media simaları var ortada.
Hara gedirik, ya da gedirsiniz cənablar?
***
…Hə bir də onu deyim. Biləsiniz ki, bu bir qrup media adamının umu-küsüsünü qələmə almaq deyil. Gələcəyimiz və gələcəyiniz üçün narahatlıqdır.
Jalə Mütəllimova
05.05.2021.