Qarabağda ikinci vətən savaşı başlamazdan az öncə bir məlumat tirajlandı. Türkiyədə hərbi təlim keçmiş, hərbin sirlərini öyrənmiş bir xeyli azərbaycanlı mütəxəssis, milli kadr, vətən, dövlət, xalq, lider anlayışından xəbərdar peşəkar, səbəbi məlum olmadan ordudan tərxis olunub, bəhanələrlə işdən uzaqlaşdırılıb, rütbəsi aşağı salınıb, cəza alıb, aralarında səbəbi məlum olmadan saxlanılanların olduğu da bildirilirdi. Məsələ ictimai rəydə müzakirə onunan kimi sevindirici xəbər gəldi. O zabitlərin pozulmuş haqları bərpa edilib. Və ikinci Qarabağ savaşının şəhidləri, qaziləri sırasında onlar ilk sırada oldular.
 
***
Məlumatı təkrar xatırlatmağı niyə lazım bildim? Bu, məsələ müəmma dolu “Tərtər işi” nin tərkibi idi. Məlum aprel döyüşlərindən sonra Azəbaycan ordusunun, hərbçilərinin və onların ailələrinin gözünü qorxutmaq, şəxsiyyəti, milli kimliyi olanları alcaltmağın təbii ki, başqa variantı ola bilməzdi. Məsələdə indi də müharibə qəhrəmanı olan rütbəli və bəzi şəhid zabitlərin adı hallanır. Bu da qara piarın bir varinantıdır. Aydın görünür ki, hələ də ciddi reaksiya görmədiyindən düşmən “çalışır”.
 
“Tərtər işi” təbii ki, kəran gücün, yaxın, uzaq qonşuların Qarabağ savaşının təkrar başlamaması üçün eybəcər qisası idi. Indi cinayətin üstünü örtmək olmaz. Ona soyuqqanlı, reaksiyasız qalmaq olmaz.
 
Bu məsələ siyasidir. Odur ki, baş verənlərə Prezident Adminstrasiyasından reaksiya olmalı.
 
Bu məsələ ordunu ləkələyir. Odur ki, Müdafiə Nazirliyinin heç olmasa indiki heyəti susmamalıdır.
 
Bu məsələ satqınlıqdır. Odur ki, keçmiş baş qərərgah rəisi xalqa və dövlətə açıqlama, istintaqa ifadə borcludur.
 
Bu məsələ cinayətdir. Odur ki, Hərbi Prokuror, baş Prokuror, hətta həbslərə sanksiya verənlər, hakimlər, müstəntiqlər, habelə “cəfəngiyyatdır” deyib də “Tərtər işi”nə görə məhbəsə adam atdıranların hər biri dindirilməli və ya mediaya geniş müsahibələr verməlidir.
 
“Tərtər işi”ni dövlətə təzyiq vasitəsinə çevirilməyə qoymaq olmaz.
 
Milli ordunun on bir yüksək rütbəli zabiti, ən vacibi milli kadrı, dindirmə zamanı müəmmalı şəkildə həyatını itirib. Lap tutalım bu məsələ elə hərbi prokurorun dediyi kimi “cəfəngiyyatdır”. Bəs o “cəfəngiyyata” görə niyə iki-üç heç bir məsuliyyət daşımayan və ya daha az məsuliyyətli şəxslər məhbəsdə cəza çəkir? Qanunvericilikdə belə bir bənd var bəlkə biz məlumatsızıq? Yəni “cəfəngiyyat” törətdiyinə görə məsuliyyətə cəlbolunma maddəsi ehtiva olunubmu Azərbaycan Respublikasının Cinayət Məcəlləsində? “Cəfəngiyyata” görə həyatını itirən zabitlərin evinə “qorxu elçiləri” göndərmək nəyə lazım idi bəs? Üstəlik ailələr onlara susmaq qarşılığında qanunsuz kompensasiya təklif olunduğunu iddia edir. Bu böhtandırsa, barı kimsə bundan danışsın. Böhtan olmasını isbat eləsin.
Ən pisi bu ki, Azərbaycanda aidiyyatı qurumların reksiyasızlığı üzündən, artıq ailələr məsələni beynəlxalq hüquq müstəvisinə daşıyır. Sirr deyil ki, o ailələrin çoxu siyasi məlumatsızdır. Onları ancaq ailə başçılarına qarşı törədiln cinayət maraqlandırır. İndi sual olunur, həmin ailələr siyasi məqsədlər üçün kimlərsə tərəfindən məqsədli istifadə edildiyi təqdirdə Azərbaycanda həmin aidiyyatı təşkilatlar nə edəcəklərini bilirmi? Və ya o ailələrə siyasi mühacirlik təklif olunduğu halda, Azərbaycan dövlətinin hansı problem yaşaya biləcəyini kimsə təsəvvür edə bilirmi? Hələ sual çoxdur. Məsələn, kimdir bu qisas oyununun başında duran? Kimdir onu icra edənlər? Bəlkə “Tərtər işi”ni unutdurmaq üçün hələ “Gəncə işi”ndən də xəbərdardır onlar. Belə düşünməyə məsələn, ortaq Vəliyev soyadı imkan verir.
 
İndi hamıya bircə sualım var, bu nəhəng faciəyə və cinayətə reaksiya sizlik deyilmi, cənablar? Axı bu Azərbaycanın qalib dövlət, qalib vətəndaş, qalib ordu, qalib lider imajına xələl gətirir. Siz reksiyasız qaldıqca məsələ sürətlə idarəçilikdən çıxır və başqa müstəvilərə transfer olunur. Ölkəyə bu olay üzərindən siyasi hücumlar durmadan artır. Dövlət və xalq əleyhinə çalışanların dəyirmanına su tökülür. Bunundamı fərqində deyilsiniz? Bəlkə fərqində olmamaq daha sərfəlidir, eləmi?!.
 
Bu arada, deyim biləsiniz, sizin susduğunuz “Tərtər işi” ilə bağlı vikipedia məlumat bazasında səhifə yaradılıb. BBC eyni adlı sənədli film çəkib, üstəlik “Öl və ya sus” adlı veriliş hazırlayıb. Axı siz nəyi gözləyirsiniz?
Jalə Mütəllimova
10.05.2021.