Türkiyədə müxalif mövqeli azərbaycanlı gənc Bayram Məmmədov dənizdən ölü tapıldı. Günlərdir onunla bağlı sosial şəbəkədə əqidə dostlarının, sevənlərinin mövqeyini diqqətlə izləyirəm. Obyektiv analiz etməyə çalışıram. Hər kəsin qənaəti bu ki, o, intihar edəcək adam deyildi. İstanbul polisinin hadisə ilə bağlı “suya düşən ayaqqabısını götürəndə, dənizə düşüb” versiyasını nədənsə Bayramın yaxın çevrəsi qəbul etmir. Heç nə istisna deyil. Haqlı da ola bilərlər, haqsız da. Və avtomatik ikinci məntiqi nəticə gəlir. Əgər haqqlıdırlarsa, işdə mütləq başqa məqamlar var.
-Kimlərsə Azərbaycan yeni təzyiq vasitələri axtarır. Bu dəfə Türkiyə üzərindən;
-Türkiyənin Azərbaycanda müxalif düşərgədə, xüsusən radikallar düşüncəlilər arasında nüfuzunu aşağı salmaq işinə start verilib;
***
Başlayaq ondan ki, kimdir Bayram Məmmədov? O, Azərbaycanda “heykəl məhbusu” kimi tanındı. İllər öncə əqidə dostu ilə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin Bakının mərkəzindəki abidəsini təhqir etməkdə təqsirli bilinib, həbs edildi. Bir müddət sonra əfv fərmanı ilə azad edildi. B.Məmmədov daha sonra qardaş Türkiyəyə getdi. Gənc aktivistin cənazəsi artıq vətənə gətirilərək dəfn edilib. Düzü siyasi mövqeyindən asılı olmayaraq gənc insanların həyatla əbədi vidalaşması dəhşətli hadisədir. Odur ki, Allahda Bayram Məmmədova rəhmət diləyirəm.
Və bu ölümdən sonra baş verənlərə diqqət çəkmək istəyirəm. Sosial şəbəkələrdə Azərbaycan dövlətini qatil adlandıranlar peyda oldu. Qətlin Türkiyədə baş verməsinə icazə verən tərəf kimi türk rəsmiləri hədəf edildi. Prosesə uzun müddətdir siyasi meydanda görünməyən anarxistlər rəhbərlik etdi. O anarxistlər ki, hər zaman fərqli dövlətlər tərəfindən idarə edilib və Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaşanması üçün ciddi səbəblər yaratmağa, ardıyca o səbələrdən bəhrələnməyə çalışıblar. Sosial şəbəkə fəaliyyətlərinə bir aksiya da əlavə etdilər. İstanbulda, Azərbaycan konsulluğunun binası qarşıdında, Türkiyədə fəaliyyət göstərən Devrimçi Anarşist Federasyonunun üzvləri etiraz aksiyası keçirdi. Onlar Bayram Məmmədovun ölümündə Azərbaycan dövlətini günahlandırdı. Eyni zamanda Türkiyə dövlətini ölümün səbəblərini gizlətməkdə ittiham etdilər. İndi azərbaycanlı gəncin ölümü ətrafında şəxən mənim ağlımda çoxsaylı suallar var?
Nə baş verir? Bayram Məmmədov anarxist idimi? Onun ölümü faciəli hadisədir, yoxsa başqa alt səbəblər var? Və ya görəsən ölüm düşünülmüş hadisə ola bilərmi? Bəlkə bir gəncin ölümü üzərindən yeni oyun başladılır? Mərhumla türkiyəli anarxistlərin hansısa münasibəti var idi? Türkiyəli anarxistlər niyə qəfil aktivləşib? Onların Azərbaycanda hansı əlaqələri var və ya varmı? Radikal müxalifətlə türkiyəli anarxistlərin hansısa əməkdaşlıq və ya razılaşması mövcuddurmu? Və ya anarxist hərəkatını Türkiyədə və Azərbaycanda kimlərsə ələ almaq istəyindədirmi? Onların məqsəd və hədəfləri nədir? Başqa bir sual, Türkiyədəki anarxistlər kimlər tərəfindən himayə edilib, maliyyələşdirilib, tarixən və indi? Və nəhayət Azərbaycanda özünü aktivist-anarxist kimi aparanlar, anarxizmin feminist cərəyanını yaratmaq üçün istifadə edilənlərin bütün bu suallara verəcək cavabları varmı? Onlar nəyə sürükləndiklərinin və ya könüllü getdiklərinin fərqində olacaq qədər siyasi zəkaya sahiblirlərmi?
***
Ondan başlayaq ki, anarxizm nədir, anarxistlər kimlərdir və hansı ölkələr bu cərəyandan daha çox yayılıb?
Anarxizm–hakimiyyətsizlik deməkdir. Anarxistlər dövləti arzuolunmaz, lazımsız, zərərli bilir. Özünü bu cərəyandan bilənlərə görə dövlət şər, zülüm, repressiya, müharibələrin təşkilatçısıdır. Anarxistlər hesab edir ki, sosial münasibətlərin mükəmməl olmasının yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Onların “birbaşa təsir” taktikasında, kütləvi aksiyalar, ölümlə təhdid, terror aktlarının təşkili yer alır. Anarxistlər “milli dövlət” anlayışını rədd edir. “Nə Allah, nə də ağa”, bu anarxistlərin yaradılışdan əsas şüarıdır. Anarxistlər daha çox İngiltərə, Fransa, Rusiyada, Almaniyada xüsusi aktiv olub. Onların Qafqaz və Türkiyəyə yol almasının əsas səbəbi Cənubi Qafqazda güclü türk-müsəlman dövlətinin qurulmasına qarşı çıxmaqla bağlı olub. Rusiya üzərindən yönəldilən hərəkat üzləri sırasında ermənilər də çoxluq təşkil edib. Hətta müxtəlif dönəmlərdə Bakıda bir neçə güclü anarxist qruplar fəaliyyət göstərib.
Yeri gəlmişkən, zamanla anarxistlər aid olduqları dövlətləri də cazalandırmaqdan çəkinmir. Məsələn, Rusiyada, Arxangelsk vilayətində, 2018-ci ildə terror aktı törədən anarxist yeniyetmənin cəmi on yeddi yaşı var idi. O, terror aktı zamanı öz həyatını da itirmişdi.
***
Sirr deyil, Azərbaycan iki yüz illik iddiasını ortaya qoyub. Cənubi Qafqazda liderliyi uğrunda mücadilədədir. Bu yolda ən böyük müttəfiq təbii ki, Türkiyədir. Bu iki dövlət, kürək-kürəyə indiyə qədər müşahidə olunmamış qətiyyət və cəsarət sərgiləyir. Ciddi maneələrə baxmayaraq, türk dövlətlərinin birliyinin yaradılması təklifini gündəmə gətirir. Habelə, tarixi Azərbaycan ərazilərinin bərpası məsələsi gündəmdədir. Tarixi Zəngəzur dəhlizinə yol çəkilir. Naxçıvana quru yolunun bərpası istiqamətində iş aparılır. Dağlıq Qarabağın statusu məsələsi artıq gündəm deyil. İndən belə Qarabağ Azərbaycanın Qərb bölgəsidir. Tarixi İrəvan ərazilərinə qayıdış barədə mesajlar səslənir. Status-kvo, ermənilərə muxtariyyat verilməsi məsələsi gündəmdən çıxarılıb. ATƏT hər hansı səlahiyyətə sahib deyil. Təbii ki, bu tarixi geri dönüşlərin qarşısını almaq üçün qarşı tərəf, qərb, cənub və ya şimal, tarixi presinqləri təkrar “sınaqdan keçirir”. Yəni Türkiyədə anarxistlər ya müxalif yönümlü azərbycanlı gəncin ölümü üzərindən gündəmə gəlmək üçün oyun qurur, ya da bəzi məsələlərdən xəbərdardırlar. Məsələn, Bayram Məmmədov necə həyatını itirib? Nu sualın cavabı onlarda mütləq var. Yeri gəlmişkən, qətiyyətlə demək olar ki, gənc müxalif aktivistin qardaş ölkədə ölümü, bu gün, Türkiyə və Azərbaycandan başqa hər kəsə sərfəli hadisədir. İki türk-müsəlman cümhuriyyətinin qarşısına sədd çəkmək istəyən güclər bu ölümü təşkil etməkdə və ya təsadüfən baş verən faciədən bəhrələnməkdə mütləq maraqlıdırlar.
Xatırlayırsınıza, hüquq müdafiəçisi Oqtay Gülalıyevin qəza keçirməsi üzərindən də oxşar gərginlik yaşanmışdı. Ciddi araşdırmalardan sonra bəlli oldu ki, hüquq müdafiəçisi ölkədə “Tərtər işi”nə dair ən böyük məlumat basazını toplayıb. İttiham obyekti olan dövlətinsə onun vurulmasından ümumiyyətlə xəbəri yoxdur. Dövlət O.Gülalıyevin müalicəsində bu gün də ailəsinin yanındadır. Hətta təklif etmək olar ki, “Tərtər işi”nin təkrar araşdırılmasında əsas köməkçilərdən biri elə O.Gülalıyev olsun.
İndi isə B.Məmmədovun ölümü kimlərinsə əlində al-ver vasitəsidir. Odur ki, zəruri araşdırmaya mütləq ehtiyac var.
Unutmaqolmaz bu hər şeydən əvvəl bir gəncin böyük faicəsidir. Bir də məlum düşərgədə cəm olan gənclər üçün ciddi siqnaldır. Gənclər, hara və niyə sürükləndiyinizdən mütləq xəbərdar olun. Tanrı Azərbaycan dövlətini və onun gələcəyi olmağı arzulayan bütün gəncləri qorusun!..
Jalə Mütəllimova
12.05.2021.