Ölkənin birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarı bülbül” festivalına start verildi.  Azərbaycan Qarabağda on iki  may 2021-ci ilin sabahını belə açdı. Dövlət başçısı, birinci vitse-prezident, ölkənin ictimai-siyasi səhnəsində tanınanlar, mədəniyyət, incəsənət xadimləri, azsaylı xalqların nümayəndələri Azərbaycanın mənəviyyat və mədəniyyət paytaxtında, Şuşada cəm oldu. Özü də Cıdır düzündə.

O Cıdır düzündə ki, ötən ilin sentyabrına qədər orada ermənilər kef məclisləri qurur, yaşayır, əylənir, Azərbaycanın tarixi, mədəniyyət abidələrini məhv edir, azərbaycanlıları təkcə ərazi işğalına görə deyil, həm də mənəvi olaraq terrora məruz qoyurdular.

O Cıdır düzündə ki, zamanında qol-qola girib yallı gedirdilər.

O cıdır düzündə ki, orada aylar öncə Azərbaycan hərbçiləri əlbəyaxa döyüşlə əməliyyat keçirdi. Məmləkətin namusunu, şərəfini, milli mənliyini təmizlədi, özünə qaytardılar. Can verdi, şəhid oldu.  Yüzlərlə balası qurban getdi vətən, xalq deyə-deyə. Yüzlərlə hərbçi fiziki qüsurlarla qaldı, yüzlərlə də qazisi oldu məmləkətin.

İndi o yerlərdə nəhəng səhnə quruldu, dövlət başına çoxlu sayda admları cəm elədi.

O dövlət ki, haqqında minlərlə hədyan danışılır dünyada türk və müsəlman olmasından yana. Və əslində Şuşada keçirilən “Xarı bülbül” festivalı Azərbaycanın milli-etnik mozaikasının dünyaya yenidən təqdimatı idi. Ən hündürdən, ən yüksəkdən və ən şərəfli tribunadan, Şuşadan danışdı Azərbaycan!

Dedi ki, məndə milliyyətinə, dininə, inancına görə seçilməz insanlar!

Dedi ki, mədəniyyətinə də, dininə də, imanına da sayğım, sevgim var hər kəsin!

Dedi ki, hər kəsə süfrəmiz açıq, meydanımız gendir!

Göstərdi ki, Azərbaycanda elə bir milli azlıq, azsaylı xalq yoxdur ki, o, məmləkətə vətən deməsin!

Sübut elədi ki, ordusunun nə qədər azsaylı xalqdan olan şəhid balası var!

Bildirdi ki, rus şəhid verdi! Avar şəhid verdi! Kürd şəhid verdi! Talış şəhid verdi! Ləzgi şəhid verdi!  Yəhudi şəhid verdi! Tat şəhid verdi VƏTƏN AZƏRBAYCAN üçün!

Düşmənə hər zaman birgə endirəcəyimiz zərbə var dedi!

İsbatladı ki, hamının, bütün xalqların haqqıdır Qarabağ!

Başa salmağa çalışdı ki, Cıdır düzündə, qara zurnada, Azərbaycan havasına, oğuz “Yallı”sına bütün xalqların nümayəndələri ilə yallı oynamaq həm də onun MƏDƏNİ NİYYƏTİdir, birgə yaşamaq mədəniyyəti!

Dünya Şuşa boyda yüksəklikdən bu qədər mesajı görməyəcəksə, daha nə deyək, bu kar-kor dünyaya? Dünya anlamayacaqsa ki, Ermənistanda ermənidən və qarışıq ailələrdən, XÜSUSƏN RUSLARLA İZDİVACDAN, törəyən ruslardan başqa üçüncü millət yoxdur, xristianlıqdan savayı ikinci din yoxdur, bu millət, dövlət olaraq onların prinsipi, əqidəsi, əxlaqı və mənəviyyatıdır, xislətidir,  o dünyanın özünün var olması şübhə doğurur artıq. Və o dünyanın siyasi düzənini yenidən qurmaq ideyasını gündəmə gətirənlər, dünya liderlərini, lider dövlətləri yenidən sıralayanlar təbii ki, ən doğru olanı yapmaqdadır. Niyəsə adam ümidvar olmaq istəyir ki, bu dəfəki dünya düzəni sıralamasında Şuşa yüksəkliyindən, Cıdır düzündən Azərbaycanın dediklərinin dünya üçün əhəmiyyəti də diqqət çəkəcək.

Məsələn, anlaşılacaq ki, islam terror dini deyil, dostluq, qardaşlıq dinidir!

Türk fağır, savadsız və səbatsız millət deyil, dünyanın gələcəyinə böyük tövhələr verə biləcək nəhəng xalqdır!

Azərbaycan otuz ildir təqdim olunduğu kimi sərvətsiz, mürvətsiz, cahillər ölkəsi deyil. Azərbaycan dünyanın vacib açarlarından biri, kiçik ərazisinin hər qarışı sərvət dolu, bütün dinlərə sayğı və anlayış göstərən, bütün millətlərlə yola getməkdən yana olan, müharibələrə, terrora, qətliamlara tərəfdar olmasa da, dəfələrlə bunları yaşayan, lakin özündən vaz keçməyən Qafqaz dövlətidir. Azərbaycan həm də o dövlətdir ki, əsirlərlə hər türlü faciələrin içindən dövləti dövlət, xalqı xalq kimi çıxıb. Və ona qarşı cinayət törədən qonşulardan olan  millətlərin nümayəndələri belə onda vətəndaş ola bilər. Məsələn rəsmən Azərbaycan vətəndaşı olan qırx min erməni indi də yaşayır bu ölkədə. Azərbaycan təkcə özünün yox, dünyanın var olması üçün son dərəcə əhəmiyyətli dövlətdir. O Cənubi Qafqazda mütləq lider kimi var olmalı, müstəqil yaşamalı, özünün və dünyanın maraqlarını ədalətlə qorumalıdır. Başqa və geriyə yol yoxdur!..

Jalə Mütəllimova

13.05.2021.